Bu gün “Par İnn” otelində İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, əvvəlcə simpozium iştirakçıları Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi ilə tanış olublar.
Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin islam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. Həmçinin islama dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 9-11 dekabr 1998-ci il tarixdə Bakıda “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.
Aİİ rektoru daha sonra qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Respublika Prezidenti İlham Əliyev uğurla davam etdirir.
C.Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.
Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRSİCA) Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.
Halit Eren daha sonra bildirib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.
H.Eren “İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.
Millət vəkili, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanda yayılmağa başlandığı andan etibarən dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə belə bir Simpoziumun keçirilməsini yüksək nailiyyət kimi qiymətləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq, konfrans iştirakçılarına uğurlar arzulayıb. Bildirib ki, Qafqazda İslamın yayılması və inkişaf etməsi bölgə xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir.
M.Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, “29 Mayıs” Universiteti Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç; “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse; Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov; Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin II Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.