12 İyul 2019 09:01
2 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar bir sıra parklar, o cümlədən, Mərkəzi Nəbatat bağının biznes məkanına çevrildiyi, hətta ərazisinin böyük hissəsinin fotostudiyalara icarəyə verildiyi barədə iddialar səslənir. İstirahət mərkəzləri arasında özünəməxsusluğu ilə seçilən bu məkan təkcə sakinlərin deyil, əcnəbilərin də marağındadır. Turist axınının artığı bir vaxtda deyilənlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını öyrənmək məqsədilə Qurd qapısı yaxınlığındakı bağa üz tutduq ki, bu istirahət guşəsində real vəziyyətlə tanış olaq.

Bağ, yoxsa avtopark?

Bağa çatar-çatmaz qarşısında maşın sıxlığı müşahidə etdik. Bilet almaq üçün bir qədər irəliləyəndə içəridə də xeyli sayda avtomobilin olduğunu sezdik. Botanika İnstitunun qarşısında da maşınlar gözə dəyirdi. Halbuki, bağın ərazisinə maşınların daxil olması qadağandır.

Fotosessiya istəyirsinizsə, 20 AZN ödəyin...

İçəri daxil olan kimi, mühafizəçi bizə “İstirahət üçün gəlmisinizsə giriş 1 AZN, əgər hər hansı çəkiliş aparacaqsınızsa (fotosessiya) dövlət rüsumu kimi 20 AZN məbləğində ödəniş etməlisiniz” deyə xəbərdarlıq etdi.

Ərazi 80 -100 hektar ərazini əhatə etdiyindən gəzintimiz bir az uzun çəkdi. Amma maraqlı məqamlar hələ qarşıdadır. Bir qədər getdikdən sonra bir reklam çarxı üçün çəkiliş aparıldığını gördük. Maraqlıdır, nəzarətçi bizə çəkiliş üçün 20 AZN dövlət rüsumu ödəməli olduğumu bildirsə də, bu şəxslərdən heç bir ödəniş alınmamışdı.

Daha sonra, Botanika İnstitunun yuxarı sol tərəfi boyunca addımladıq. Qarşıda “İçəri daxil olmaq qadağandır. Əks halda cərimə olunacaqsınız” lövhəsini görüb dayandıq. Elə bu an təkər səslərinə geri döndük. İçəridən uşaq arabasıyla bir qadın çıxdı. Yazını göstərib: “Xanım, sizdən buna görə ödəniş aldılarmı” sualımıza “Biz yaxınlıqda yaşayırıq, evə getmək üçün bağdan keçməliyik deyə bizə məhdudiyyət yoxdur. Buna görə də heç bir ödəniş etmirik”, - deyə cavab verdi.

Nəbatat bağına aparan “gizli” yol

Təkcə orada yaşayanların deyil, bu “gizli” yoldan xəbərdar olanların gəlib-getdiyini görüb biz də həmin yerə keçdik. Ərazi Mərkəzi Nəbatat bağına aid olsa da, istifadəsiz yer kimi qapadılmışdı. Bağın içində istifadəyə yararsız hesab olunan, ayaq dəyməyən yerlər az deyildi. Yol bizi Bakı Oxford məktəbinə apardı. Məlum oldu ki, bu, Nəbatat bağının arxa hissəsidir və buraya da heç bir nəzarət yoxdur. Yəni bağı havayı ziyarət etmək istəyənlər buradan gələ bilir. Çünki arxa qapı saat 17:00-a qədər açıq olur. Buradan məhz bu yolu tanıyanlar daha çox istifadə edir.

Bu yol nəzarətsiz olduğundan yerə atılıb qalan su şüşələrinə, təmizlənməmiş ot-alaqlara, baxımsız ağaclara rast gəldik.

Zibillənmənin qarşısını almaq üçün insanların istifadəsində olan yerlərdə zibil qutularının olması isə təqdir ediləsi hal idi.

Bağda istirahətə gələn Lalə Bədəlova söylədi ki, nəvələri ilə birgə imkan tapa kimi bura üz tuturlar. Çünki burada piknik etmək xərcsiz başa gəlir. Onun sözlərinə görə, Nəbatat bağı istirahət üçün əvəzolunmaz məkandır.

Təmirsiz bünövrələr

Bağda sovet dönəmindən qalma kiçik labaratoriya binalarının təmirsiz vəziyyətdə qalması da gözdən yayınmırdı. Lövhələrində “Mərkəzi Nəbatat bağı” yazılan binalar əsaslı təmir olunmuşdu. Amma nə olduğu bəlli olmayan “bünövrələr” də vardı.

AMEA Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, Mərkəzi Nəbatat Bağının Elmi Şurasının sədri Vahid Fərzəliyev bu məkanın vəziyyəti ilə bağlı yaranan suallarımızı cavablandırdı.

“İnsanlara maksimum şərait yaratmağa çalışırıq”

Vahid Fərzəliyev ilk növbədə maşınların parkinq məsələsinə toxundu: “Maşınların saxlanma yeri hər zaman problem olub. Bağın ərazisindən çöldə maşınların saxlanması üçün çox da böyük olmayan yer ayrılıb. Təsəvvür edin, bütün maşınlar burada saxlanılsa, maşın əlindən tərpənmək olmaz, nəticədə tıxac yaranar. Bu da həm insanlara, həm də maşınla gələn digər şəxslərə maneə yarada bilər”.

Vahid Fərzəliyev həmçinin, bağın bəzi yerlərinin təmirsiz olmasının səbəblərini belə izah elədi: “Bura Botanika bağıdır, təmir işləri aparanda hər detala incəliklə yanaşmaq lazımdır ki, digər bitkilərə ziyan dəyməsin. Gələcəkdə də burada təmir işləri gözlənilir. Amma vurğuladığım kimi, hər şeyi incəliklə etmək lazımdır”.

O, bundan başqa, bağın digər hissəsinə girişin yasaqlanmasına da aydınlıq gətirdi: “Ödəniş tələbi xidməti qapıda edilir. Bu bağdan isə istər işçilər, istərsə də adi vətəndaşlar yararlanır. Lakin, qeyd etdiyiniz ərazi bağın kənarı hesab olunur. Diqqət yetirsəniz, görərsiniz ki, orada da nəzarətçilər var. Səbail Rayon İcra Hakimiyyətindən də bu məsələ ilə bağlı bizə məlumat verilib. Amma həmin yoldan məktəblilər, yaşlılar gəzinti və istirahət üçün gəlirlər. Biz də maksimum dərəcədə insanları düşündüyümüz üçün çalışırıq ki, müəyyən mənada güzəştlər edək”.

Fotosessiya məsələsinə isə V.Fərzəliyevin cavabı belə oldu: “Siz yalnız peşəkar fotoqrafla daxil olub fotosessiya edəcəksinizsə, deyilən dövlət rüsumu olan 20 AZN verməli olacaqsınız. Əks halda bunun üçün sizdən ödəniş tələb oluna bilməz”, - deyə əlavə etdi.

Vahid müəllimlə həmsöhbət olduqdan sonra bağın füsunkar gözəlliyi, burada bitən nadir bitki kolleksiyaları, çiçəklərin özünəməxsusluğu ilə tanış olmaq üçün irəlilədik. Əgər siz burada qarşınıza çıxan bitkilərin, çiçəklərin adları ilə tanış olmaq istəsəniz, onların adlarını, cinslərini, mənşəyini müxtəlif dillərdə bitkilərin üzərində asılmış lövhəciklərdən öyrənə bilərsiniz. Bu lövhəciklərdən də məlum olur ki, bağda Azərbaycan florasından olan bitkilərlə bərabər, dünyanın müxtəlif bölgələrindən - Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsindən və digər yerlərdən gətirilmiş qiymətli ağac, kol, çiçək və bitkilər var.

Burada eyni zamanda soğangülü, payızgülü, qarğasoğanı, dağlaləsi, nərgiz, sünbülçiçək, süsən və 400-ə qədər qızılgül sortunun kolleksiyası bağın əsrarəngiz gözəlliklərindən sadəcə biri idi...

İmamət İsmayılova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər