10 Sentyabr 2014 16:52
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə nadir eksponatlar niyə nümayiş etdirilmir?

Azərbaycanda cəmi 2 rayonda Tarix-diyarşünaslıq muzeyinin öz binası yoxdur. Bunlardan biri də Gədəbəy rayonundadır.

Teleqraf.com-un məlumatına görə, hazırda təmirdə olan Gədəbəy rayon Tarix-diyarşünaslıq muzeyi yerli Mədəniyyət evinin binasında yerləşir. Muzeyə bu binada cəmi bir otaq ayrılıb ki, bu da müəssisənin nəzdindəki eksponatların hamısının nümayiş etdirilməsinə bəzi problemlər yaradır.

Bu yaxınlarda Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə 10-dan çox jurnalist Gədəbəy rayon Tarix-diyarşünaslıq muzeyində olub. Muzeyin direktoru Afət Bağırovanın verdiyi məlumata görə, muzeydə eramızdan əvvəl dövrlərə məxsus tunc əşyalar, qızıl məmulatlar, keramik qablar var: “Burada qədim əmək alətləri də mövcuddur. Muzeyimiz Gədəbəy təbiəti, dərman bitkiləri, etnoqrafiyası haqqında məlumat verə bilər”.

Ötən ay 3500 illiyini qeyd edən Gədəbəy rayonu qədim tarixə malikdir. Bu səbəbdən ərazidən tez-tez tarixi əhəmiyyəti olan əşyalar tapılır. Lakin direktorun sözlərinə görə, bəzən vətəndaşlar bu əşyaları muzeyə vermək istəmir: “Bu da nadir eksponatların əllərdə qalması ilə nəticələnir: “Hazırda Gədəbəydə evini muzeyə çevirən insanlar var, tapılan əşyaları dövlətə vermək istəmirlər”.

A.Bağırovanın sözlərinə görə, yeni tapılan eksponatların hamısı qeydiyyata alınır, kitaba salınır. Hazırda muzeydə 2100-dən artıq eksponat var. Lakin muzeyin hazırda təmirdə olması və yerinin darısqallığı ekspozisiyaların hamısının nümayiş etdirilməsinə imkan vermir: “Hazırda Gədəbəy rayonunun tarixi, milli mədəniyyətini hər kəsə çatdırmaq üçün kifayət qədər eksponatlarımız var. Hətta mən deyərdim ki, tarixi əhəmiyyətinə görə dünya seyrçilərinin diqqətini cəlb etməyə layiq sərvətlərimiz var. Lakin bu zəngin mənəvi sərvətlərimiz haqqında məlumatlar o qədər də geniş yayılmayıb. Bu işdə medianın yardımına ehtiyacımız var”.

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyi “Muzeylərin tanıdılması yolu ilə mədəni-əxlaqi dəyərlərin təbliği layihəsi çərçivəsində bir sıra bölə muzeylərinə jurnalistlərin səfərini təşkil edir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə çərçivəsində Yardımlı rayonuna da tanıtım səfəri olmuşdu. PJB-nin xətti ilə daha bir neçə bölgədəki muzeylərə press-turlar təşkil olunacaq.

BƏXTİYAR


Müəllif: