Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkənin müharibə vəziyyətini nəzərə alaraq təmas xəttində yerləşən rayonlardan olan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin keçirilməsini planlaşdırır. Mütəmadi olaraq, həmin rayonların məktəblərində uşaqların liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirir.
Teleqraf.com xəbər verir ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusi ilə təmas xəttinə yaxın rayonlarından olan 27 avqust-10 sentyabr 2014-cü il tarixlərində 120 uşağın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində istirahəti təşkil olunub. Düşərgə əsasən Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Bu məqsədlə təşkil olunan istirahət mövsümlərinin sonu olaraq 9 sentyabr 2014-cü il tarixlərində Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində yay düşərgəsinin sonuncu 4-cü mövsümün bağlanış-karnaval günü qeyd edilib. Karnavalda Komitədən Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, şöbənin baş məsləhətçisi Nurlanə Qaraxanova və məcburi köçkün rayonların icra hakimiyyətinin nümayəndələri iştirak edib.
Karnaval zamanı uşaqların keçirdikləri müddət ərzində xatirələrdən ibarət film çarxı,uşaqlar tərəfindən təşkil olunmuş səhnəciklər, fləşmob təqdim olunub. Sonda Şüvəlan Uşaq İstirahət və Sağlamlıq mərkəzinin rəhbərliyi tərəfindən uşaqlara fəxri fərman təqdim edilib.
İlhamə