16 İyul 2019 09:05
164 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, yazıçı Tural Rzayevdir.

Onunla müsahibəni təqdim edirik:

Nərgiz Ehlamqızı: Bu il Azərbaycan diplomatiyasının 100 illiyidir. Ümumilikdə diplomatiyamızın hazırki vəziyyətini necə xarakterizə edərdiniz? Qarşıda duran vəzifələr, problemlər nədən ibarətdir?

- 9 iyul bizim peşə bayramımızdır. Bu tarixdə bütün səfirlərin Bakıya - mərkəzə yığışmasının səbəbi Azərbaycan diplomatik xidmətinin 100 illiyini qeyd etməklə bağlı idi. İlk tədbir Azərbaycan Diplomatik Akademiyasında keçirildi. Bu mərasimdə Türkiyənin keçmiş xarici işlər naziri, görkəmli ictimai-siyasi xadim Hikmət Çətin də iştirak edirdi. Mən onun kəlamı ilə söyləmək istərdim. O dedi ki, ilk səfirliklər açılanda mən keçmiş xarici işlər naziri idim, onda Azərbaycan tərəfindən xahişlər faks aparatı ilə əlaqədar idi. O zaman səfirliklərimizdə faks və kseroks aparatları belə yox idi. Nəqliyyat vasitəsi, binadan heç danışmıram. Bir çox səfirliklərimiz və beynəlxalq təşkilatlarda nümayəndəliklərimiz türk missiyasının binasında yerləşirdi. Ötən müddət ərzində şükür Allaha, binalarımız var, bir çox səfirliyimiz Azərbaycanın mülkü olan binalarda yerləşir və texniki cəhətdən də tam təmin olunub. Artıq bu çətinliklər yoxdur. Əlbəttə, siyasi çətinliklər var, bizim əsas işimiz də bundan ibarətdir. Hamımız Azərbaycan vətəndaşı olaraq ölkəmizin 30 ilə yaxın müddət ərzində haradan gəlib haraya çatdığını əyani şəkildə görürük. Diplomatiyamızın inkişafını bu cür xarakterizə edə bilərəm. Artıq kadrlarımız da var, universitetlərdə beynəlxalq münasibətlər üzrə fakültə və ixtisaslarımız, Diplomatik Akademiyamız da var, orada dəyərli və gənc kadrlarımız yetişir. Ona görə əlbəttə ki, diplomatiyamız sürətlə inkişaf edir. Hikmət Çətinin sözlərinə qayıdıram, dedi ki, dünyada belə qısa zamanda bu səviyyəyə çatan, sürətlə inkişaf edən ikinci ölkə tanımıram.

Nərgiz Ehlamqızı: 3 ilə yaxındır ki, Misirdə səfir kimi fəaliyyət göstərirsiniz. Misirdə baş verənlər hər kəsə məlumdur, orada hakimiyyət dəyişikliyi oldu. Hazırki Prezident əs-Sisinin Azərbaycana münasibəti necədir? İki ölkə arasındakı əlaqələri necə qiymətləndirirsiniz?

- Bu zaman ərzində Misir Ərəb Respublikasının prezidenti cənab Əbdül Fəttah Sisi ilə bir neçə dəfə görüşmək imkanım olub. Azərbaycana olduqca müsbət mövqedədir, onu dövlətimizin dostu kimi səciyyələndirmək olar. Xarici işlər naziri Elmar Məmmədyarovun Misirə səfəri olmuşdu, Prezident Sisi onu qəbul elədi. Eləcə də İqtisadiyyat naziri Şahin Mustafayev Misirə səfər edəndə onunla görüşmüşdü. Şahin müəllim həm də iki ölkə arasında hökumətlərarası komissiyanın həmsədridir. Şahin Mustafayevi qəbul edəndə Misir Nazirlər Kabinetinin üzvləri də görüşdə iştirak edirdi, prezidentin onlara tapşırığı o oldu ki, Azərbaycana hər zaman yaşıl işıq olmalıdır. Azərbaycan hansı məsələ ilə bağlımüraciəti etsə, o məsələ müsbət həllini tapmalıdır. Dəstək başqa hansı formada olmalıdır? Bizim ağrılı və problemli məsələlərimizi də bilir, siyasi proseslər də nəzərindədir. Şahin müəllimin səfəri Azərbaycanda prezident seçkilərindən qabaq olmuşdu, o zaman söylədi ki, sizdə də prezident seçkiləri keçirilir və mənim indiki prezidentlə çox sıx dostluq əlaqələrim var, ona seçkilərdə uğurlar arzulayıram, xalqın da onu dəstəklədiyini bilirəm. Misirin Azərbaycandakı səfirliyi bu məlumatı verir, yoxsa başqa informasiyalar var, yaxud Azərbaycandakı prosesləri izləyirlərmi, bilmirəm. Amma bizim daxili həyatımız barədə məlumatlıdırlar. Xarici siyasətimiz bir çox məsələlərdə üst-üstə düşür. İstər beynəlxalq təşkilatlar nəzdində, istərsə də ikitərəfli münasibətlərdə həmişə bizi dəstəkləyiblər. Bu dəstək xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü büruzə verir.

Mənsur Rəğbətoğlu: Zaman-zaman Misir parlamentinə qondarma erməni soyqırımı müzakirəyə çıxarılır.

- Çıxarılırdı və çıxarılır. O, həmişə gündəlikdədir.

Mənsur Rəğbətoğlu: Bəs Azərbaycanın mövqeyi nəzərə alınmırmı? Qeyd etdiniz ki, iki ölkə arasında əlaqələr normaldır, Prezident Sisinin də Azərbaycana münasibəti yaxşıdır. Bəs bu, nədən qaynaqlanır?

- Misir parlamentində müxtəlif qüvvələr var. Azərbaycan parlamentində Azərbaycan-Misir parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir, Gövhər xanım Baxşəliyeva onun sədridir, Misir parlamentində isə 12 ildir ki, dostluq qrupu yox idi. Bu il Misir-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradıldı, dostluq qrupunun sədri Usamə Əl-Əbd adlı şəxsdir, tanınmış ictimai-siyasi xadimdir, Misir parlamentində din məsələləri üzrə daimi komissiyanın sədri, Əl-Əzhər Universitetinin sabiq rektorudur, bu universitet də böyük bir ali məktəbdir, elə bil dövlətin içində bir dövlətdir. Dostluq qrupu 12 nəfərdən ibarətdir. Misirdə xristianlar da var, qibtilərin ilk qadın millət vəkili də dostluq qrupunun üzvdür. O da Misirdə tanınmış ictimai-siyasi xadimdir. Bundan əvvəl yox idi. Etiraf etməliyik ki, Misirdə ermənilər yaşayır, səhv etmirəmsə, 4 kilsələri, 3 məktəbləri var.

Qurban Yaquboğlu: Ermənilərin Misirdə sayı təxminən nə qədərdir?

- Rəsmi rəqəm yoxdur, amma bizim məlumatlarımıza görə, 5-8 min arasındadır. Təkcə Misirdə işləməmişəm, ondan qabaq Küveytdə səfir olmuşam, Türkiyədə, Rumıniyada müşavir vəzifəsində işləmişəm. Bizdə bəzən yanlış təəssürat olur, deyirlər ermənilər 3 milyondur, biz 10 milyonuq. 3 milyon deyillər, etiraf etməliyik, dünya ölkələrinə nəzərə salanda çoxdurlar.

Mənsur Rəğbətoğlu: Səhv etmirəmsə, yer üzündə 11 milyon erməni var...

- Hətta ondan da artıqdırlar, bir çox ölkələrdə əsas pozisiyalarda ermənilərdir. Əsas pozisiya deyəndə mütləq dövlət rəhbərliyində təmsil olunmaq, nazir və ya deputat olmaq nəzərdə tutulmur. Hansısa böyük konsert salonuna, sinema zalına, mehmanxanaya, marketə gedirsən, görürsən, sahibi ermənidir. Bunların da bağları var, erməni tək deyil, ailəsi, qohumları, qonşuları, işlədiyi adamlar var, böyük çevrə yaranır, o çevrələr də siyasətə, mediaya, mədəniyyətə nüfuz edə bilir. Çətinlik yaradan məsələ də budur. Misirin Türkiyə ilə əlaqələri yaxşı deyil, bir az problemlər yaşayırlar. Əbdül Fəttah əs-Sisi prezident seçiləndən sonra Türkiyə sabiq prezident Mursini dəstəkləyirdi. Ondan irəli gələn problemlər indiyədək yaşanır. Ermənilər də bunu bizim əleyhimizə istifadə edir. Deyirlər, Azərbaycanla Türkiyə yaxındır, bunlar birdir, qondarma soyqırım məsələsini ermənipərəst qüvvələr hər zaman parlamentə gətirirlər. Söhbət ondan gedir ki, belə məsələlər heç parlamentin müzakirəsinə çıxarılmır. Elə şayiə, layihə və təşəbbüs olaraq da qalır. Biz dəfələrlə görüşlərimizdə qondarma soyqırım məsələsini səfirlik, Azərbaycan icması olaraq diqqətə çatdırırıq ki, yüz il bundan qabaq nələrin olub-olmadığı bəlli olmayan bir məsələni fakt kimi önə çıxarırsınız, halbuki heç bir dəliliniz yoxdur, amma Xocalı soyqırımının faktları, canlı şahidləri , video yazıları, fotoları da var. Şahid istəyirsiniz, dəvət edək, ermənilərin nələr törətdiklərini gəlib danışsınlar, ondan sonra 100 il bundan qabaq olub-olmayan müəmmalı hadisəni müzakirə edə bilərsiniz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə deyib ki, biz bu məsələdə açığıq, tarixçilər bunu müzakirə etsinlər, bütün tarixi arxivlərimizi bu məsələ üçün açırıq, , amma onlar da arxivini aça bilirlərmi, həqiqəti çıxara bilirlərmi, o hadisə ilə əlaqəli olan ölkələr, başda İngiltərə olmaqla Avropanın bir sıra ölkələri, Rusiya arxivlərini açmağa hazırdırmı? Bu çağırış dəfələrlə olub. Bizim də dediyimiz odur ki, məsələ tarixçilər tərəfindən araşdırılmalıdır, siyasətçilər də dəvət olunsun, onlar da bu tarixçiləri, alimləri dinləsinlər. Burada dinlənməli bir şey də yoxdur, hər şey aydındır. Tərəfsiz jurnalistlərin rəylərini istəyirsinizsə, vaxtilə bu hadisələr barədə yazan jurnalistlərin materiallarını təqdim edək. Bu məsələ Türkiyə ilə Misir arasında son siyasi soyuqluq nəticəsində ortaya çıxan hekayədir. Hələ də bütün qüvvələrimizi səfərbər edib bu istiqamətdə işləyirik. Misirli deputatlar arasında iş aparırıq, vəziyyəti izah edirik.

Mənsur Rəğbətoğlu: Yəni Azərbaycanın Misirdəki səfirliyi bu məsələdə əngəlləyici faktor ola bilir...

- Əlbəttə. Əsas məqsədimiz də həqiqətlərimizi dilə gətirməkdir. Hər il 20 Yanvar, Xocalı soyqırımı və ya 31 mart soyqırımı hadisələrinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilir, amma iş bununla bitmir, ilboyu təbliğat aparılır.

Rəfiqə Əlisəfa: Azərbaycanlılar tez-tez tətil üçün Misirə üz tutur. Yeni prezidentin Azərbaycanla isti münasibətləri fonunda viza rejiminin ləğvi istiqamətində hansısa addımların atılacağı gözlənilir?

- Viza rejiminin ləğvi bir az çətin məsələdir. Çünki 104 milyonluq ölkədir, onlar üçün Azərbaycana vizanın ləğvi asandır, 10 milyonuq, nə qədər adam Misirə üz tutacaq ki? Böyük ölkələrlə viza rejiminin ləğvində bizim üçün problemlər meydana çıxır. Gələnlər kimlərdir, məsələn, Misirin Türkiyə və İranla münasibətləri olduqca soyuqdur, İranın Misirdə heç səfirliyi yoxdur. Türkiyənin də səfiri yoxdur, işlər müvəqqəti işlər vəkili səviyyəsində görülür. Bir çox misirli Azərbaycandan Türkiyə və ya İrana keçmək üçün tranzit ölkə kimi istifadə edir. O cümlədən də Rusiya və digər ölkələrə də gedirlər. Çünki oradan viza almaq çətindir. Bizdə bu prosedur asandır, 3 gün ərzində viza verilir. Ona görə də viza rejiminin ləğvi indi gündəlikdə deyil. 3 il ərzində biz birbaşa aviareysin, çarter də olsa təyyarə uçuşlarının yaradılmasına nail olduq. İlk dəfə Misir Hava Yolları birbaşa Bakıdan Şarm əl-Şeyxə uçuş həyata keçirdi, amma uçuşlar Azərbaycan turistləri arasında o qədər də rəğbət görmədi, ona görə də 1 ay sonra ləğv olundu. Sonra “Paşa Travel”lə “Silk Way”in Misirə birgə uçuşları başladı, o da 1 ay davam eləyəndən sonra dayandı. Növbəti dəfə bu ayın 18-i yenidən uçuşlara başlanılır, Azərbaycan Hava Yolları həftədə bir dəfə Şarm əl-Şeyxə uçuş təşkil edəcək, məndə olan məlumata görə, artıq 2 reysin biletləri satılıb qurtarıb. Görək uçuşlar turistlərimizin rəğbətini qazanacaqmı? Əslində turist paketi çox cəzbedicidir. 7 gecə, 8 gün Şarm əl-Şeyxdə 3 dəfə yemək, viza və təyyarə bileti daxil olmaqla bir nəfərin beşulduzlu oteldə qalması 700 dollara təklif edilir. Otellərdə də dil problemi yoxdur. Bizim turistlər rusca danışa bilir, oteldə xidmət göstərənlər içərisində Rusiya və Ukrayna vətəndaşları var. Mühiti bəyənib-bəyənməyəcəklərinə gəlincə, bu, turistlərin seçimi olacaq. Misirdən də Azərbaycana turist sayı dəfələrlə artır. Artıq bir az da şübhəmizi yaradır. Çünki elə də zəngin ölkə deyil, amma 104 milyonluq ölkədə 1 milyon insan zəngin oldusa, kifayətdir (gülür).

Nərgiz Ehlamqızı: Viza məsələsindən söz düşdü, ilk hekayəniz, deyəsən, viza problemi ilə bağlı olub.

- İşdən sonra boş vaxtlarımda ədəbiyyatla da məşğul oluram, hekayələr yazıram. Səhv etmirəmsə, 2003-cü il idi, “Viza problemi” adlı ilk hekayəmi yazdım, o vaxt Türkiyədə işləyirdim.

Nərgiz Ehlamqızı: Müşavir işləyən vaxt?

- Yox, Sizin həmkarınız idim, AzərTAc-ın Türkiyə üzrə müxbiri idim, o vaxt yadımdadır, NTV kanalında bir verilişdə keçmiş Yuqoslaviyadan söz açılırdı. Bir xanım öz dərdini danışırdı, deyirdi ki, Yuqoslaviya Federativ Respublikası zamanı bir restoran açmışdım, ölkə parçalanandan sonra sərhəd düz restoranın ortasından keçdi. Nəticədə restoranın bir hissəsi Serbiya, bir hissəsi Xorvatiyada qalıb. Restoran sahibi olan xanım şikayətlənirdi ki, indi hər iki tərəfə vergi verməliyəm. Amma məni başqa bir məsələ cəlb etdi, dedi ki, restoranın salonu, yəni müştərilər oturan tərəf bir ölkədə, mətbəx və xidmət tərəfi o biri ölkədədir. Sual ortaya çıxdı: adam əlini yumaq üçün vizamı almalıdır? Bu situasiya əsasında “Viza problemi” hekayəsi yarandı.

Mənsur Rəğbətoğlu: Bəs bizim ədəbi mühit haqda fikirləriniz nədən ibarətdir? Ədəbi mühitdə gedən prosesləri izləyə bilirsinizmi?

- Doğrusu, o qədər də izləyə bilmirəm. Mətbuatdan tanış oluram, amma gənc şairlərin, yazıçıların şeirlərini, əsərlərini oxuya bilmirəm. Çünki xaricdəyəm, Bakıya qısa müddətə gəlirəm, təəssüf ki, yeni çıxan kitabı alıb oxumaq imkanım olmur.

Mənsur Rəğbətoğlu: Gənc yazarlardan söz düşmüşkən, yeni dönəmin ədəbiyyat adamları tez-tez Anarı tənqid edirlər. Anar müəllimin reaksiyası necədir?

- Tənqidlərə müsbət baxıram, tənqidin olmaması SSRİ vaxtında olan alqışlara bənzəyir. Hekayələrimi oxuyanların bəzisi deyir, burada gərək filan şeyi də yazaydın, yaxud bunu qeyd etmisən, tam düzgün deyil. Bunu normal qəbul edirəm. Təhqirin isə qəti əleyhinəyəm. İstər ədəbi mühitdə, istər siyasətdə, istərsə də iqtisadiyyatda, nə jurnalistin, nə də kiminsə öz həmkarını təhqir etməyə haqqı yoxdur. Amma tənqid etməyə haqqı var və mən bunu dəstəkləyirəm. Amma təhqirə keçirsə, deməli ambisiyaları var, yəqin ona çata bilmir və ya özünü doğrulda bilməmək kompleksi var. Tənqid üçün gərək adamın ağlı olsun. Deməli, sən doğrunu bilirsən və tənqid edirsən, deyirsən belə deyil, bu cürdür. Amma təhqirə başlayırsansa, kimsə çolaqdırsa, ona axsaq demək, yaxud birinin gözü yoxdursa, kor demək insanlığa yaraşmayan şeydir. Atama qarşı bəzi yazılara gəlincə, onu qorumaq üçün deyirik ki, fikir vermə. Üzeyir Hacıbəylinin felyetonları, yazılarının əleyhinə olanlara cavablarını nümunə gətiririk, bir əsr keçib, hər bir Azərbaycan vətəndaşı uşaqlıqdan Üzeyir bəyin adını da eşidir, mədəniyyətimizdə rolunu da bilir, amma ona söz atanlar haradadır? Həmin şəxslərin adları belə bəlli deyil. Ona görə də atama qarşı yazılar olanda da deyirik ki, fikir vermə, onsuz da yadda qalan şey deyil, əriyib gedəcək. Deyir yox. Tarix üçün lazımdır, çünki söz deyiləndə ona cavab verilməsə, elə çıxır, doğrudan da günahkarsan, gərək cavab verəsən, deyir, tarixdə qalsın ki, vəziyyət belə deyil. bilinsin. Cavab yazmağın özü də vaxt aparan şeydir (gülür).

Qurban Yaquboğlu: Övlad, ədəbiyyat adamı kimi atanızın ictimai fəaliyyətinə, əsərinə tənqidi münasibətiniz varmı? Bəzən oğullar atasını bəyənmir...

- Birincisi, yoxdur, olsa da demərəm. (Gülür) Düzgün də olmaz. Ancaq o şeyi tənqid edirik ki, baş qoşma, cavab vermə, əsəblərin də xarab olur. Onu qorumaq məqsədilə deyirik. Bilmirəm, kənardan görünürmü, görünmürmü, amma SSRİ vaxtında da, Qarabağ məsələsi çıxanda da, Moskvada ən yüksək səviyyədə Qorbaçovdan tutmuş aşağı səviyyələrədək onun apardığı mübarizəni bilirik. Evdə gəlib danışırdı, vəziyyətin necə olduğunu ailə bilirdi, bəzi şeyləri efirdə çıxıb danışmaq olmurdu. Ona görə də mövqeyimiz onu qorumaq istiqamətindədir.

Rəfiqə Əlisəfa: Rəsmə və ədəbiyyata marağınız olduğu halda niyə mədəniyyəti yox, diplomatiyanı seçdiniz?

- Yazıçılar Birliyində sədr seçilirdi, atamın da sədr postuna namizədliyi verilmişdi, seçkidən sonra evə gəlib anası, Azərbaycanın xalq şairəsi rəhmətlik Nigar Rəfibəyliyə deyib ki, məni seçmədilər. O vaxt Mirzə İbrahimov sədr seçilmişdi. Nənəm balışının altından 3 manat çıxardır ki, bunu dilənçiyə verərsən, nəzir demişdim, bircə səni seçməsinlər. Dedi ki, vəzifədə olan insan iş yerində vəfat edir, stressdən ürəyi partlayır, bizim yazıçı və şairləri tanıyıram, istəmirəm sən orada olasan. Nəvələrinə də həmişə tövsiyə edirdi ki, ya həkim, ya da vəkil olun, insanların sağlamlığının, ya da haqlarının müdafiəsində durun. Elə gətirdi ki, mən şərqşünaslıq fakültəsinə qəbul oldum, bacım da bu fakültənin məzunudur. Mən ərəb filologiyası, o isə türk filologiyası ixtisasını bitirdi. Heç kəs həkim olmadı, mənim övladlarım da diplomatiya, beynəlxalq münasibətlər istiqamətində oxuyur, niyəsə mənim yolumu getdilər. Belə alındı (gülür).

Mənsur Rəğbətoğlu: Vəzifədən söz düşmüşkən, qarşıdan Yazıçılar Birliyinin sədrliyinə seçkilər gəlir. Anar müəllim namizəd olmağı düşünürmü, yəqin bu haqda danışmış olarsınız...

- Özünü dəvət edib soruşun. Hara dəvət edirlərsə, sevə-sevə gedir. Söhbət etməmişik, etsək belə mənim deməyim düzgün çıxmaz.

Nərgiz Ehlamqızı: “Evləri köndələn yar”ın ikinci hissəsini Siz qələmə almısınız, deyəsən, dövlət televiziyası sifarişi Anara verib, amma vəziyyət elə gətirib ki, Siz yazmalı olmusunuz, istərdim tarixçəsini danışasınız...

- Rumıniyada müşavir işləyirdim, orada işimi bitirdikdən sonra qayıtdım, Xarici İşlər Nazirliyində idarə rəisinin müavini oldum. Xaricdə işləyəndə əmək haqqımız bir az yüksək olur, yüksək maaşa öyrəşəndən sonra birdən-birə aşağı maaşla ailədə çətinlik yaranır, maddi sıxıntılar vardı. Moskvada populyar olan əsərlərin davamını gətirmək dəbdə idi, “Evləri köndələn yar”ın ikinci hissəsini yazmaqla bağlı atama təklif gələndə həmin vaxt bir neçə iş üzərində çalışırdı. Mənə dedi ki, həvəsin varsa, bəlkə sən yazasan. Bir gecədə yazdım, çünki qonararı da yüksək idi. Yazıb gətirib atama verdim. Özü də oxudu, çox xoşuna gəldi, demək olar heç qeydi də yox idi. Rejissorluq işi Ramiz Həsənoğluna tapşırılmışdı, əsəri ona təqdim etdi. O da oxudu, bəyəndi, AzTV-nin o zamanki rəhbərliyinə təqdim olundu. Çox adam mənə deyir ki, sən heç ağına-bozuna baxmırsan, orada elə tənqidlər var ki. Deyirəm, mən yazanda onları görmürəm, həyatdır, həyatda nə varsa, onu yazıram (gülür). Ramiz müəllimə dedilər ki, çox tənqididir, belə getməz, özü də birinci kanalın efirində mümkün deyil, dəyişmək lazımdır. O vaxt Ramiz müəllimin xəbəri yox idi ki, mən yazıram, ona dəyişmək lazım olduğunu deyəndə düşünüb ki, bu layihə batdı. Bu barədə sonradan bizə dedi ki, bilirdim Anar müəllim dəyişən deyil, bunlar da razı olmayacaq.

Nərgiz Ehlamqızı: Neçənci il idi?

- 2009-cu il idi. Mənim də o qonarara ehtiyacım var idi deyə gecə ilə əsəri dəyişdim, ortaya tamam başqa əsər çıxdı. Atam Ramiz müəllimə verəndə o şübhələnib ki, səni yaxşı tanıyıram, əsəri dəyişməzsən, bunu kim yazır? (gülür) Onda dedi ki, Tural yazır. Ramiz Həsənoğlu dedi ki, onda mən əsəri verim, səs salma, bilsələr ki, müəllif Turaldır, tanınmayan imzadır deyə AzTV qəbul eləməz. Nə isə yazıldı, rəhbərliyə verildi, bu versiya çox xoşlarına gəldi, vəsait ayrıldı, çəkilişlər başlandı, titrlər yazılanda dedilər müəllifə kimin adı qeyd olunacaq? Atam dedi, bunu mən yazmamışam, dedilər Turalın adı gedəcəksə, qonarar yarısının yarısı olacaq. Dedik axı başqa şey danışılıb, belə qərara gəlindi ki, ideya müəllifi kimi Anarın adını yazaq, dialoqlar və ssenari isə Tural Anaroğlu qeyd edilsin. Razı olduq, bu cür getdi. İlk yazılar çıxanda deyirdilər elə Anar müəllim yazıb, Turalın adı ilə çap olunur, bu dəfə tam tərsi olmuşdu, mən yazmışdım, onun adı ilə, ideya müəllifi kimi getmişdi.

Rəfiqə Əlisəfa: Bəs atanızın karyeranızdakı rolu nədən ibarət olub?

- Əsasən məsləhət verib, hələ də çox vaxt onun məsləhətinə ehtiyac duyuram. Ailədə elə olmayıb ki, atam və ya anam mənə və ya bacıma hansısa peşə ilə məşğul olmağımız barədə nə isə desin. Dediyi bircə odur ki, yaz. Kitablarımın çapında rolu olub. Məsələn, sonuncu “Yad planetli” adlı kitabımın təqdimat mərasimində də çıxış edəndə dedi ki, kitab 900 manata çap olunub, onu da mənimlə həyat yoldaşım Turalın ad gününə hədiyyə etmişik, maliyyəni öz cibimizdən xərcləmişik, Yazıçılar İttifaqının büdcəsindən və ya kiməsə təlimatla ərsəyə gəlməyib. Əlbəttə, yazılarımı əvvəlcə atama göndərirəm, oxuyub baxandan sonra deyir ki, gəl, bunu filan jurnala verək. İndi tanıyıram, əvvəl jurnal redaktorlarını tanımırdım, atam göndərirdi, baxın, uyğundursa çap edin. Maddi cəhətdən də, mənəvi cəhətdən də valideynlərimin köməkliyi həmişə olub.

Mənsur Rəğbətoğlu: Azərbaycan yazıçılarının əsərlərinin Misirdə çap etdirmək barədə layihə düşünürsünüz?

- Diplomatik xidmət rəhbərlərinin müşavirəsində də bu məsələni qaldırdıq. Hər şey çırağban görünə bilər, amma elə deyil, problemlər var. Problemlərin biri də qurumlar arasında koordinasiya ilə bağlıdır. Hər şey gəlir fırlanır, maliyyə məsələsində dayanır. Mənə tapşırsınlar, yüksək səviyyədə tərcümə etdirərəm, amma çap üçün maliyyə lazımdır axı. Misirdə film sənayesi inkişaf edib, Azərbaycanın tarixi, bu günü barədə sənədli film çəkilməsi barədə maraqlı təklifləri var, film maliyyələşməsi haradan olacaq? Təbliğat məsələsi ilə bağlı müəyyən miqdar vəsait XİN-ə, Diasporlarla İş üzrə Dövlət Komitəsinə, Mədəniyyət Nazirliyinə ayrılır. Bunun koordinasiyası olmalıdır, məsələn, bu il Azərbaycan rəssamlarının filan ölkələrdə sərgisini keçirək və ya musiqiçilərimizin konsert proqramlarını təşkil edək, yaxud bu yazıçılarımızın kitabları çap olunsun. Biz maliyyə dəstəyi olsa, kitablar çap etməyə hazırıq. Misirlilərin özünün müəyyən kitablarının çapı məsələsinə gəlincə, bunun üzərində işləyirik, özlərinin marağı olan və ya kommersiya nöqteyi-nəzərindən satılacağını düşündükləri kitabları çap ediblər. Amma hər şeyə kommersiya nöqteyi-nəzərindən yaxınlaşmaq olmaz. Çünki təbliğat məsələsi kommersiyadan tam qıraqdadır. Bu məsələyə dövlət diqqəti göstərilir, amma onun koordinasiyasında axsama var.

Qurban Yaquboğlu: Misirin Nobel mükafatı olan yazıçısı var. Orada ədəbi mühit necədir? Qarşılıqlı olaraq Misir yazıçıları da Azərbaycanda çap oluna, bizim yazıçılar orada çap edilə bilər...

- İqtisadiyyat Nazirliyinin maliyyə dəstəyi ilə səfirlik Cəlil Məmmədquluzadənin kitabını çap elədi. Atamın, Elçinin, Kamal Abdullanın kitabı çap olunub. Amma impulsiv haldır. Misirli yazıçılar Baklıya gələndə Kamal müəllimlə görüşürlər və o, ingilis dilində olan kitabını hədiyyə edir, onlar da baxır maraqlı gəlir və çap edirlər. Lakin başqa məşhur yazıçımız ola bilər ki, misirlilərlə görüşə bilməsin və onların belə yazıçımız barədə məlumatı olmasın. Ölkəmizi tanıdanda ədəbi mühit, rəssamlıq, musiqimiz barədə təbliğat aparırıq, amma fikrimizin nə qədər adama o üsulla çatması başqa söhbətin mövzusudur.

Mənsur Rəğbətoğlu: Son dönəmdə Yaxın Şərqdə - Liviya, Yəmən, Suriya, İraq ətrafındakı proseslər zamanı radikal İslam adına müxtəlif İŞİD, Əl-Nüsra kimi terror təşkilatları ortaya çıxdı. Bu proses ərəblər arasında İslam dininə kəskin mövqeyi yumşalda, dinə baxışı dəyişə bildimi?

- Adi xalqın ona münasibəti bir, hökumətin münasibəti başqa cürdür. Bu dəstələr bəzi ölkələrdə terror dəstələri kimi qəbul olunub, bəzi ölkələrdə isə vətənpərvər qüvvə kimi qiymətləndirilir. Hansı ölkədən baxsan müxtəlif mövqe var. Məsələn, bir ölkədə sələfilər problemi yaşanır, biz vəhhabi deyirik, o biri ölkə üçün bu, adi bir şeydir, Körfəz ölkələrində, Səudiyyə Ərəbistanında hamı sələfidir. “Müsəlman qardaşları” Misir üçün problemdir. Amma mərkəzləri Qətərdə yerləşir. Hərənin öz həqiqətləri var. Xalq isə hərəkatların fəlsəfəsinə baxır. Rəhbərlik onun haradan idarə olunduğuna diqqət edir, baxırlar ki, onun ucu hansı mərkəzə gedib çıxır, maliyyəsi haradandır, bunlar mənim ölkəmlə nə etmək istəyir, bu prizmadan yanaşırlar. Xalq isə onların fəlsəfəsi ilə maraqlanır, nə vəd edirlər, həyat tərzi, əxlaq normaları nədən ibarətdir? Təbii ki, biz Azərbaycan olaraq bunların hamısından kənardayıq. Biz bizə olan münasibətə baxırıq, bizim prioritet məsələmizə münasibət necədirsə, elə də yaxınlaşırıq. Fikrim yanlış anlaşılmasın, İŞİD bizə göz vursa, biz gedib İŞİD-in yanında olarıq, elə deyil. Dövlətin mənafeyi ilə yanaşı, beynəlxalq normalar var, bu təşkilat terror təşkilatı sayılırsa, sözsüz, biz də terror təşkilatı kimi tanıyırıq. Amma elə təşkilatlar var ki, onlar bəlli deyil, bir ölkə onu özünə təhlükə hesab edir, ona görə terrorçu kimi qəbul edir, başqası yox. Məsələn, biz SSRİ-nin tərkibində olanda Türkiyə ASALA-ya terror təşkilatı deyirdi, amma Avropa göz yumurdu. Bəs ASALA nə zaman terror təşkilatı adlanmağa başladı? Parisdə Orli hava limanını partladandan, özlərinin canı yanandan, öz vətəndaşları həlak olandan sonra hay-küy qopdu, onu terror təşkilatı kimi tanıdılar və məsələ bağlandı. Eləcə də digər təşkilatlar...

Rəfiqə Əlisəfa: “Ərəb NATO”sunda Misir aktivdir. Bizim Yaxın Şərqə olan yaxınlığımızı nəzərə alsaq, Azərbaycanın “Ərəb NATO”su ilə münasibətlərinin hansı səviyyəyə gəlib çıxması mümkündür?

- Buna bəzən “Ərəb NATO”su, bəzən “Sünni NATO”su deyirlər, çünki oraya daxil olan ölkələr sünni ölkələrdir və hətta bəzi siyasətçilərin şərhçilərində özünü elə büruzə verir ki, bu, şiə İrana qarşı yaradılıb. Amma “Ərəb NATO” axı hələ yaranmayıb. Misirin adını çəkdiniz, o özü müsbət baxmır, Misirə təkliflər var, çünki ordu ancaq oradadır. Dünyada müəyyən böyük qüvvələr var və onlar Şərqdə vətəndaşın ölməsini istəmir, amma maraqları da var. Fikirləşirlər ki, kimin əli ilə edək. Belə bir məsələdə “Ərəb NATO”su kimi təkliflər ortaya çıxır. Deyirlər ki, bunun maliyyə məsələsini başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz ölkələri, əsgəri funksiyasını da Misir üzərinə götürsün, 104 milyondur, 103 milyon 500 min olsa, nə olacaq. 500 min də böyük ordudur, pulunu Səudiyyə verəcək, bunlar da vuruşar. Amma harada vuruşacaqlar? Yəməndə vuruşacaqları deyilir. Misir onun tərəfdarı deyil, ikincisi İrana, gələcəkdə Suriyaya qarşı, Rusiyanı sıxışdırmaq planları var. Misir bu dəqiqə tarazlaşdırılmış siyasət aparmaq istəyir. Bir tərəfdən ABŞ tərəfindən kreditlər verilib, digər tərəfdən Çindən kapital qoyuluşları var, Rusiyanın böyük maraqları var. Hamısı ilə çox yaxşı münasibətdədir, çünki büdcəsinin 60 faizi turizmdən gələn gəlirlə formalaşır, əsas turistlər də Rusiyadandır. Almaniyadan, Polşadan, Ukraynadan çoxlu sayda turistlər gəlir, amma Rusiyadan gələnlər qədər deyillər. Ən böyük gəlir mənbələri turizmdir, bundan da keçmək istəmirlər. Ona görə də “Ərəb NATO”su baş tutacaqmı, baş tutsa, fəaliyyət göstərə biləcəkmi? Mən buna şübhə ilə yanaşıram, bu, mənim şəxsi fikrimdir. Çünki Misir öz vətəndaşını harasa vuruşmağa göndərməz. Bu, sabah Misirin daxili ictimai vəziyyəti nöqteyi-nəzərindən problemlər yarada bilər. Müxtəlif planlar da var, ABŞ-İsrail planından danışılır, Misir mətbuatında da bu haqda tez-tez yazılır, Misirə120, İordaniyaya 40, Livana 15 milyard dollar vəsait ayrılsın, oradan fələstinlilər Sinay yarımadasının cənubuna köçürülsün, Misir ərazisində öz dövlətini qursunlar və birdəfəlik bu məsələlər həll olunsun. Bunu da deyirlər ki, ABŞ vəsaitin cəmi 10 faizini ödəsin, qalanını Səudiyyə Ərəbistanı ödəsin. Ərəb dövlətləri də özünü fikirləşir: pulu ödəyən də, ərazini verən də, qovulan da mən, necə olacaq? Danışılan layihələr çoxdur, amma onların həyata keçirilmə reallığı sual altındadır. O cümlədən də “Ərəb NATO”su layihəsi... Mən buna şübhə ilə yanaşıram.

Foto: Pərviz Həşimi


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər