Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsi aqro-ekoturizm layihəsidir.
Bunu Teleqraf.com-a açıqlamasında "Şəhərdən kəndə" layihəsi çərçivəsində Şəkiyə təşkil edilən media-tur zamanı Dövlət Aqrar Ticarət Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib. Qurum sözçüsü bu layihənin Avropada, eləcə də dünyanın bir çox yerində geniş yayıldığını söyləyib:
“Layihənin əsas məqsədi fermerlər, eləcə də kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün yeni məşğuliyyət sahəsi və əlavə gəlir mənbəyi yaratmaqdan ibarətdir. Azərbaycanda bu günə qədər fərdi qaydada müxtəlif şəxslər bu turizm növü ilə məşğul olsalar da, bu, kütləvi xarakter almayıb. Biz bu layihəni icra etməklə aqro-ekoturizmi ölkədə geniş yaymağa, kənd təsərrüfatı ilə məşğul olan insanları bu sahəyə cəlb etməyə, eyni zamanda şəhər əhalisini, turistləri kənd təsərrüfatı sahəsinə yönləndirməyə çalışırıq. Həm ictimaiyyət, həm də fermerlər tərəfindən layihəyə maraq böyükdür”.
M.Musayev layihə çərçivəsində ilk turun Şəkiyə təşkil oldunduğunu bildirib. O, növbəti aydan etibarən müxtəlif istiqamətlər üzrə ekoturların fəaliyyətə başlayacağını deyib:
“Artıq avqust ayının əvvəlindən etibarən müxtəlif korporativ turlar təşkil olunacaq. Hazırda layihə iki istiqamətdə davam etdirilir. Birinci istiqamət ondan ibarətdir ki, əməkdaşlarımız tərəfindən müxtəlif bölgələrdə fermer təsərrüfatlarına baxış keçirilir və layihəyə yararlı təsərrüfatların cəlb edilməsi istiqamətində iş aparılır. İkinci istiqamət isə layihəyə qoşulan fermer təsərrüfatlarına gedəcək turistlər üçün tur paketlərin hazırlanmasından ibarətdir. Bu tur paketlər 1, 3, 5 günlük və bir həftəlik ola bilər. Turistlərin fermer təsərrüfatlarında qalması ilə bağlı müxtəlif formada təkliflər hazırlanır. Məsələn, tura qoşulan turist istəsə, gecəni oteldə qalıb gününü təsərrüfatda keçirə bilər və ya şərait varsa, təsərrüfatda da gecələyə bilər. Əlavə olaraq çadırlarda kəmpinq tipində turlar mövcud olacaq. Bununla bağlı müvafiq araşdırmalar aparılır, müəyyən işlər görülür. Hazırda turlar Şəki, Zaqatala, Qax, Balakən istiqamətində nəzərdə tutulub. Əməkdaşlarımız tərəfindən Quba, Qusar, Xaçmaz, eyni zamanda, Masallı, Lənkəran istiqamətində fermer təsərrüfatlarına baxış keçirilir. Turların qiymətləri tur paketlərin formaları dəqiqləşdirildikdən sonra müəyyən olunacaq”.
M.Musayev yerli və xarici turistlərin turlara cəlb edilməsi üçün bir neçə dövlət qurumunun birgə çalışacağını qeyd edib:
“Bu layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi ilə birgə həyata keçiririk. Sadaladığım qurumlar bu turlar barədə turizm agentliklərinə də məlumat verəcəklər. Bundan sonra həmin qurumlara müraciət edən turistlərə fermer təsərrüfatlarına tur xidməti də təklif ediləcək. Öz təsərrüfatlarında turist qəbul etmək və əlavə gəlir qazanmaq istəyən fermerlər bizə müraciət edə bilərlər”.