“2019/2020-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər iyulun 29-dan avqustun 2-dək qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən (DİM)-dən Teleqraf.com-a verilən məlumatda həmçinin rezidenturaya qəbul olmuş şəxslərin qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməli olduqları bildirilir:
1. Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
2. Baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
3. Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
4. Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
Qəbul olmuş şəxslərin Akad. M.Mirqasımov küç. 1A ünvanına müraciət etməlidirlər.