19 İyul 2019 08:52
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

«Ruh» Jurnalistlərin Müdafiəsi İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsindəki tədbirlərini başa çatdırıb

İyulun 17-də “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Astara rayonundakı Mərkəzi Kitabxanada “Söz azadlığı: sözümüzü necə ifadə edirik?” mövzusunda «dəyirmi masa» keçirilib. Tədbir qurumun sözügedən layihə çərçivəsində sayca üçüncü, sonuncu toplantısıdır.

“Dəyirmi masa”nı giriş sözü ilə “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə açaraq bildirib ki, ölkəmizdə söz və ifadə azadlığı kimi bəşəri dəyərlərə çox böyük önəm verilir. Müxtəlif təşkilatlar bu dəyərlərin mahiyyəti, eləcə də ictimai fikirdə yer alan müxtəlif məqamlar barədə maarifləndirici xarakterli tədbirlər təşkil edirlər. Belə tədbirlərdən biri də Astara rayonunda “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin xətti ilə gerçəkləşdirilməkdədir.

Baş redaktor onu da diqqətə çatdırıb ki, hazırkı dövrdə söz və ifadə azadlığı eyni zamanda müxtəlif siyasi qrupların əlində manipulyasiya predmetidir. Mövcud xüsusda qarşıya problemlər də çıxmaqdadır ki, “Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” kimi layihələr həmin mənfi meyllərə qarşı bir növ səfərbəredici funksiya yerinə yetirir. Sevindirici haldır ki, Azərbaycan dövləti bununla bağlı təşəbbüsləri dəstəkləməklə həm vətəndaş cəmiyyəti institutlarının inkişafına kömək göstərir, həm də neqativ hallara qarşı ictimai müstəvidə mübarizəyə də öz töhfəsini verir.

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Astara rayon rəhbərliyinə təşəkkürünü bildirib. Layihənin məqsəd və vəzifələri barədə söz açan sədr diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan “Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində indiyədək Yexlax və Quba rayonlarında “Söz azadlığı: sözümüzü necə ifadə edirik?” mövzusunda iki “dəyirmi masa” təşkil olunub. “Layihəmiz 2019-cu ilin may ayının 1-dən avqust ayının 1-dək davam edəcək Məqsədimiz müxtəlif vətəndaş qruplarını söz, fikir və ifadə azadlığının, plüralizmin mahiyəti barədə məlumatlandırmaqdan, onların söz azadlığının ifadə meydanı sayılan media vasitələri ilə qarşılıqlı təmaslarındakı hazırkı durumu diqqətə çatdırmaqdan, eyni zamanda sizlərin də fikirlərini öyrənərək bu sahədəki tənzimləmərin həyata keçirilməsinə dəstək göstərməkdən ibarətdir. Astarada bu gün sizinlə görüşümüz üçüncü tədbirimizdir. Artıq layihəmizə yekun vururuq. Ötən müddətdə kifayət qədər faydalı təkliflər qruplaşdırdıq. Düşünürəm ki, Astara ictimaiyyətinin də mövzu ilə bağlı fikirləri var. Astara Azərbaycanın cənub qapısıdır. Bura kifayət qədər ictimai aktivliyi olan bölgəmizdir. Heç şübhəsiz rayon, müxtəlif təfriqəçi qüvvələr üçün də cəlbedicidir. Təfriqələr isə eyni zamanda söz və ifadə azadlığı kontekstində nəzərə çarpır. Buna görə sizlərin məsələyə həssas münasibəti son dərəcə vacibdir. Əminəm ki, dəyərli fikirlərinizi bizimlə bölüşəcəksiniz”, -deyə Ə.Rüstəmov bildirib.

“Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” layihəsinin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə qeyd edib ki, Azərbaycanda bəşəri dəyərlər sayılan söz və ifadə azadlığının təmin olunması və qorunması üçün kifayət qədər təkmil hüquqi baza mövcuddur. Bu baza konstitusiyamızdan qaynaqlanır. Qanunlarımızın tələblərinin yerinə yetirilməsi şərtdir. Ancaq bəzən söz və ifadə azadlığı sahəsində baş verən proseslər o qədər sürətlə, o dərəcədə dəyişkən mahiyyətli olur ki, məsələni tənzimləmək üçün mütləq ictimaiyyətin dəstəyinə ehtiyac yaranır. Dünyada baş verən proseslər də bunu deməyə əsas verir. “Söz azadlığından sui-istifadə motivləri təkcə Azərbaycan deyil, ümumən dünya üçün xarakterikdir. Sosial şəbəkələr, internet informasiya resursları cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu durumda xoşagəlməz hallar da nəzərə çarpmaqdadır. Ona görə cəmiyyət həssas olmalıdır. Azərbaycan dövləti də bu sayaq layihələrlə həssaslığı təmin etməyi planlaşdırır”, - deyən S.Verdizadə söz və ifadə azadlığı kontekstində diqqət çəkməkdə olan müxtəlif meyllər barədə fikirlərini açıqlayıb.

“Astara” qəzetinin baş redaktor müavini Azər Abdulla çıxışında söz və ifadə azadlığına etinasızlıq hallarının təzahür formalarından bəhs edib. O, Azərbaycanda çoxlu sayda kütləvi informasiya vasitəsinin olduğunu vurğulayıb. Bunu plüralizm baxımından yüksək dəyərləndirən baş redaktor müavini eyni zamanda bildirib ki, kəmiyyət artımı heç də hər zaman keyfiyyətlə uzlaşmır. O, həmçinin söz azadlığından sui-istifadə halları ilə əlaqədar sərt qanuni ölçü tədbirlərinin həyata keçirilməsinin zəruriliyini əsaslandırıb.

Müzakirələr şəraitində keçmiş tədbirdə iştirakçıların söz və ifadə azadlığının cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər