Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev “Real” televiziya kanalına müsahibə verib. Müsahibədə Prezident İlham Əliyevin himayəsi və iştirakı ilə cari ilin 2-3 may tarixində Bakı şəhərində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESKO-nun tərəfdaşlığı ilə keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açılıb. Bildirilib ki, Forumda bəşəriyyəti narahat edən problemlərin həlli ilə bağlı mühüm təşəbbüslər irəli sürülüb.
Müsahibədə iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasından da söz açılıb. Qeyd olunub ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı sessiyada Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bununla da ölkəmizin Dünya irs siyahısında yer alan irs nümunələrinin sayı üçə çatıb.
Bu il mart ayının 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu əlamətdar görüşdə qaldırılan məsələlərin həlli istiqamətdə bir sıra işlər görülüb, hazırda bu proses davam etdirilir.
Müsahibədə dövlət başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanında da toxunulub. Qeyd edilib ki, fərmanın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində müvafiq işçi qrupları yaradılıb. İşçi qrupları tərəfindən tabelikdə olan, şəhər və rayonlarda yerləşən bütün mədəniyyət müəssisələri haqqında ətraflı məlumatlar toplanılıb, təhlillər aparılıb və tanınmış mütəxəssislərin rəyi nəzərə alınmaqla beynəlxalq təcrübənin tətbiqi yolları araşdırılıb.
Qeyd: Müsahibənin tam versiyasını bu linkə https://bit.ly/2Z67Pr8 daxil olmaqla izləmək mümkündür.