Yayın ən qızğın vaxtıdır. Amma bazar və marketlərin piştaxtalarında kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşmaq bilmir. Əksinə qiymət artımı müşahidə olunur. Məsələ ilə bağlı ekspert rəyi öyrəndik.
Teleqraf.com-un suallarını cavablayan iqtisadçı Natiq Cəfərli hesab edir ki, kənd təsərrüfatı məhsullarının qiymət artımı obyektiv və subyektiv səbəbdən qaynaqlanır:
“Bu il kənd təsərrüfatı məhsullarının bahalığına əsas səbəb hava şəraitinin əlverişsiz keçməsidir. Havaların qeyri-sabitliyi təsərrüfatlara ciddi ziyan vurdu. Bu isə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxardı. Ona görə fermerlər dəymiş ziyanı ötüşdürmək üçün qiymətləri yüksəltdilər”.
Azərbaycanın aqrar sahənin ixracatına önəm verdiyini vurğulayan ekspert həmçinin bunun ölkə iqtisadiyyatına müsbət təsirindən də söz açıb: ”Ölkədən xaricə göndərilən məhsulların önəmi böyükdür. Bu, iqtisadiyyata qeyri-neft sektorundan gələn gəlirlərin formalaşmasına səbəb olur. Azərbaycan xarici bazarlarda artıq öz sözünü deyir. Statistika göstərir ki, ötən illərə nisbətən bu il ixracaat 10 faiz artıb.
Ölkədən xaricə məhsul göndərdikcə bazarlar boşalır, nəticədə məhsul qıtlığı yaranır. Qiymət artımına bu da səbəb olur”.
Natiq Cəfərli regionlarla paytaxt arasında qiymət fərqinə də aydınlıq gətirib: “Regionlara nisbətən Bakıda qiymətin yüksək olması iki amildən asılıdır: kənddən şəhərə məhsul daşınması zamanı logistika- yol xərclərinin yaranması, ikincisi paytaxtda alıcılıq qabiliyyətinin yüksək olması.
İstehsalçıların bazara məhsul ötürdüyü zaman alıcılıq qabiliyyətini nəzərə almalıdır. Məhsul az, alıcı isə çoxdur. Bu da qiymət artımına səbəb olur”.
Qiymətlərin tənzimlənməsində hökumətin roluna toxunan Natiq Cəfərlinin fikrincə, qiymət artımında rəsmi qurumların heç bir məsuliyyəti yoxdur. Amma bu sektorda islahatlar vacibdir: “Məhsuldarlığın artımı üçün təşviq prosesi önəmlidir. Bundan başqa, kənd təsərrüfatı sahəsində institusional məsələlər tənzimlənməlidir.
Əlverişsiz hava şəraiti məhsuldarlığın aşağı düşməsinə səbəb olursa, icbari sığorta fermerlərə dəstək ola bilər. Çünki fermer məhsul yetişdirəndə bilmir ki, onun bazara sağlam şəkildə çıxarılması mümkün olacaqmı? Qeyri-sabit hava şəraiti fermerə ziyan vurursa, o da bazara çıxardığı məhsulu baha satmağa məcbur olur. Rəsmi qurumlar fermer təsərrüfatlarının icbari sığortası haqqında düşünsə, müəyyən mənada müsbət nəticə əldə oluna bilər”.