Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun AZƏRTAC-a müsahibəsini bir neçə dəfə və diqqətlə oxudum. Müsahibədə prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sitemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının yerinə yetirilməsi istiqamətində görülən işlər barədə müfəssəl məlumat verilir. Bildirilir ki, islahatların ilk komponentlərini əhatə edən ilk qanunvericilik aktları paketi cənab prezident tərəfindən 20 iyul tarixində imzalanıb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirb.
O, daha sonra deyib:
“Fuad Ələsgərovun müsahibəsində diqqətimi çəkən əsas məqam o oldu ki, sadəcə olaraq yeniliklər barədə məlumat verilmir, yeniliklərin mahiyyəti açılır, onun cəmiyyətimizin inkişafına verəcəyi töhfə izah edilir. Belə ki, indiyə qədər mövcud olan inzibati-iqtisadi məhkəmələrin yerinə iki müstəqil məhkmə strukturu – inzibati və kommersiya məhkəmələri yaradılır. Bu yenilik məhkəmələrin ixtisaslaşması və sahibkarlıqla bağlı məhkəmə işlərinin xüsusi diqqətə götürülməsi ilə bağlıdır. Həmçinin, məhkəmə aidiyyatı üzrə müraciətlərə baxılma prosesində aralıq məhkəmə mərhələsi olan apelyasiya mərhələsi ləğv edilir. Eyni zamanda bu məsələnin Ali Məhkəmədə baxılma müddəti iki aydan on günə endirilir”.
A.Mirzəzadənin sözlərinə görə, maraqlı olan bir məsələ də prezident köməkçisinin hüquqi islahatların yeni mərhələləri barədə anons verməsidir:
“Belə ki, cəza siyasətinin yüngülləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, məhkəmə ekspertizasının təyini və keçirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi, “elektron məhkəmə” və “elektron icra” mexanizmlərinin tətbiqinin genişləndirilməsi barədə yeniliklər üzərində iş gedir”.
Deputat deyib:
“Biz hüquqşünas olmaya bilərik, amma yaşadığımız dövlətin hüquq sisteminin daha səmərəli olmasında aparılan siyasətlə tanış olmağımız vacibdir. Həyat inkişaf etdikcə, eləcə də milli dövlətçilik təcrübəmiz artdıqca yeniliklərin olması, yeniliklərin, vətəndaşın daha rahat yaşaması üçün işlərin görülməsi daim gözləniləndir. Bu baxımdan hüquq sistemində edilən və edilməsi nəzərdə tutulan islahatların inkişafımıza dəstək verəcəyinə, vətəndaşların hüquqlarının daha yüksək səviyyədə qorunacağına və daha rahat yaşamasına şərait yaradacağına heç bir şübhə yoxdur”.