Teleqraf.com Prezident təqaüdü alacaq tələbələri təqdim edir
2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərən və Azərbaycandakı ali məktəblərə daxil olan 102 tələbəyə Prezident təqaüdü veriləcək. Bu gündən başlayaraq yüksək nəticələr göstərən həmin tələbələri oxucularımıza təqdim edəcəyik. Onların yüksək bal toplamasının səbəbi nədir? Onlar mexaniki yaddaşla, yoxsa öyrəndiklərini anlayıb, dərk etməklə bu uğura nail olublar?
Qeyd edək ki, Bakalavriat səviyyəsinə 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. 9-u isə ən yüksək nəticə göstərərək 700 bal toplayıb ki, onlardan biri də Fatimeyizəhra Nemət qızı Nəbizadədir.
Prezident təqaüdü alacaq Fatimeyizəhra Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) məzunudur. İki ay öncə bu uğuru münasibətilə onu təbrik edəndə bizə bildirmişdi ki, 700 bal toplayan digər həmkarları kimi xaricdə təhsilə üstünlük verir. İndi bizimlə söhbətində Fatimeyizəhra Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsini seçdiyini bildirdi: “Artıq bir qardaşım xaricdə təhsil alıb, bacım da xaricdə oxuyur. Ona görə ailəmizin imkanlarını nəzərə alaraq Azərbaycanda təhsil almağa qərar verdim”.
Fatimeyizəhra Qafqaz Universitetini bitirdikdən sonra magistratura təhsilini xaricdə davam etdirmək niyyətindədir. Ailədə 3 uşaqdırlar. O, sonuncudur. Texniki fənlərə olan marağı da ailənin bu sahəyə olan meylindən irəli gəlir. Atası və qardaşı mühəndisdir.
O, ali məktəbə hazırlığına planlı şəkildə hazırlaşdığını deyir: “Mən planlı şəkildə oxuyurdum. Günümü bölmüşdüm və hər gün 3-4 saatımı hazırlığa sərf edirdim. Bundan başqa əlavə məşğuliyyətə də vaxt ayırırdım. Qarşına qoyduğun məqsədə çatmaq üçün hesab edirəm ki, sistemlilik və ardıcıl olmaq əsas şərtidir”.
Bundan əlavə o, Araz kurslarında da hazırlıq keçib.
Fatimeyizəhra 700 bal toplamağı öz şansı ilə əlaqələndirir: “İmtahan həyəcanını enmək də vacib şərtdir. Psixoloji hazırlıqlar lazımdır. Test tapşırıqlarını həll etmək üçün vaxt bölgüsünü düzgün bölmək vərdişinə yiyələnmək də vacibdir. Sınaq imtahanlarında ən yüksək nəticəm 697 bal olub. İmtahanda ən yüksək nəticə əldə etmək mənim üçün gözlənilməz oldu. 700 bal toplamaq məncə, həm də bəxtin gətirməyidir.
Mən ali məktəbə hazırlaşanlara tövsiyə edərdim ki, ardıcıl və planlı şəkildə oxusunlar. 700 bal toplamaq onların tək məqsədi olsun. Yüksək nəticə əldə etmək üçün istirahətə də vaxt ayırmaqla yanaşı, ciddi hazırlaşmaq lazımdır. Dövlət başçısına minnətdaram ki, bizim kimi gənclərə qayğı göstərərək Prezident təqaüdü təsis edib. Prezident təqaüdünə layiq görülmək həqiqətən böyük bir uğurdur”.
SEVİL
QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.