25 İyul 2019 22:09
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Legioner, tarixçi, publisist Süleyman Təkinər 1916-cı ildə Bakının Mərdəkan qəsəbəsində doğulub. Atası Məhəmmədəli Qəhrəman oğlu Suraxanı-Mərdəkan daş yolunun çəkilişində iştirak edib. Müsavat Firqəsinin üzvü olan Məhəmmədəli 1937-ci ildə repressiyaya məruz qalıb, 1942-ci ildə həbs düşərgəsində vəfat edib.

Təkinər 1928-ci ildə Mərdəkandakı 7 nömrəli 5 illik məktəbi, 1930-cu ildə Abbas Səhhət adına 5 nömrəli tam olmayan orta məktəbi bitirib. 1933-cü ildə Bakıda 3 illik Dövlət Pedaqoji Texnikumunu, 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnsitutunun tarix fakültəsini bitirib. O, 1940-1942-ci illərdə Gəncə Müəllimlər İnstitutunun tarix fakültəsində orta əsrlər dövründən dərs deyib. 1942-ci ildə S.Təkinər sovet-alman müharibəsinə göndərilib. Onun müharibədən göndərilən son məktubları Taqanroq səhra döyüşləri zonasından gəlib. 1943-cü ildə Krasnodar ətrafındakı döyüşlərdə əsir düşüb. Almanlar onu oradan Krıma, daha sonra Kerçə aparıblar.

Təkinərin qızı Leyla Firəngiz Deqler atası ilə bağlı xatirələrində bunları qeyd edir: “Mənim atam – Süleyman Təkinər 1941/1942-ci ildə, 25 yaşında Qırmızı ordu sıralarına çağırılanda, o, Hitlerin Avropa xalqlarına, yəhudilərə gətirdiyi çoxsaylı bəlalar haqqında xəbərsiz idi. Onun yalnız bir fikri var idi: doğma vətənini işğal edən, onu talana məruz qoyan, atasını məhv edən rejim uğrunda, Stalin uğrunda vuruşmaq istəmirdi... Müharibə sona çatandan sonra atam əvvəlcə bir neçə ay İtaliyada – əsirlər üçün yaradılmış amerikan düşərgəsində yaşadı və azad olunduqdan sonra Romaya köçdü. Orada müharibədən sağ çıxan başqa əsirlərlə 2 il yaşadı. Bu zaman İtaliyada səfərdə olan Misir kralı Fərrux onların vəziyyətindən duyğulanıb atamı və digər veteranları Misirə apardı. Atam daha 2 il Misirdə yaşadı, sonra isə 1949-cu ildə Türkiyəyə köçmək icazəsini aldıqdan sonra oraya gəldi. O, bilirdi ki, Sovetlər Birliyinə dönsə, onu digər keçmiş əsirlər kimi amansız təqiblər gözləyəcək. Atam İstanbulda yaşamağa başladı, bizim anamızla evləndi. Sonrakı 6 ildə o, Süleymaniyyə məscidi nəzdində arxivdə və kitabxanada işlədi. Atam Məhəmmədəmin Rəsulzadənin Ankarada olduğunu öyrəndi və Ankaraya gedərək, uzun müddət axtardığı keçmiş Azərbaycan Cümhuriyyətinin başçısına öz ehtiramını izhar etdi”.

S.Təkinərin 1944-cü ildə legion mətbuatında “S.Tekin” imzası ilə “Çəkil vətənimdən” adlı şeiri dərc olunub. Təkinər 8 noyabr 1949-cu ildə Türkiyəyə daxil olub.

Azərbaycanın istiqlal mübarizəsinə qoşulmaq üçün Təkinər Almaniyada M.Rəsulzadəni axtarmağa başlayıb. Onunla Buxarestdə və Vyanada görüşə bilməyən S.Təkinər müharibə bitdikdən sonra əsir düşərgəsinə düşür. Bu zaman M.Rəsulzadənin və onun yaratdığı Azərbaycan Demokrat Birliyinin köməyi ilə azərbaycanlı əsirlərin düşərgələrdən azad edilərək yerləşdirilməsinə başlanıldı. M.Rəsulzadə və məsləkdaşları əsirlərin Türkiyəyə, Misirə və digər ölkələrə getməsini təşkil etdilər. M.Rəsulzadənin Almaniyada səfərdə olmuş Misir kralı Fərruxla danışıqları nəticəsində 500 nəfər azərbaycanlı əsir bu ölkəyə aparılmışdı. Onların arasında S.Təkinər də var idi. Nəhayət, 4 ildən sonra S.Təkinər bir qrup dostu ilə birlikdə Misirdən Türkiyəyə gəlməyə nail olur. M.Rəsulzadə də artıq bu zaman Türkiyədə idi. O, 1947-ci ildə Ankaraya köçmüş, Türkiyə vətəndaşlığını qəbul etmişdi. S.Təkinər Türkiyədə yaşayan azərbaycanlı mühacir Əbdülvahab Yurdsevərin vasitəçiliyi ilə nəhayət ki, M.Rəsulzadə ilə görüşmək imkanını əldə edib. Onunla ilk görüşünü S.Təkinər belə xatırlayırdı:

“1949-cu il noyabrın 8-də Misirdən İstanbula gəldik. Öyrəndim ki, Məhəmmədəmin bəy bir az əvvəl Avropadan Ankaraya gəlmiş, orada Azərbaycan Kültür Dərnəyini qurmuş və Azərbaycanın mədəni işləri ilə məşğul olmağa başlamışdır. Başqa maarifpərvərlər – rəhmətlik Mirzəbala, rəhmətlik Əbdülvahab bəy, Əli Azərtəkin, professor Əhməd Cəfəroğlu ilə bərabər yazılar yazırdı. Bəli, Əbdülvahab bəy bizi Məhəmmədəmin bəy Rəsulzadənin evinə apardı. Məhəmmədəmin bəyin evi çox sadə idi: oturmaq üçün bir-iki stul, bir miz, bir də kitab şkafı. Ondan başqa heç nə yox idi Məhəmmədəmin bəyin evində. Mənim iki dostum Berlində Məhəmmədəmin bəyi görmüşdü, amma mən görməmişdim. Ona görə bu görüşün bir növ qəhrəmanı mən sayılırdım və yaxud mən özümü belə hesab edirdim. Onlar Məhəmmədəmin bəyin əlini öpdülər, ondan sonra Məhəmmədəmin bəy mənə əlini uzatdı. Mən onun əlini aldım, öpdüm və əlini buraxmadan ikinci əlimi də qoydum onun əlinin üstünə. Dedim: “Bu mübarək əlləri öpmək üçün mən çox-çox dolaşdım”. Məhəmmədəmin bəyin xəfif gözləri yaşardı, yanağımı oxşadı və dedi: “Demək, bizi hələ Azərbaycanda unutmayanlar var””.

Beləliklə, gənc Təkinər də Rəsulzadənin apardığı istiqlal mübarizəsinə qoşulur.

Təkinər bir müddət Türkiyədə yaşadıqdan sonra Almaniyaya gedib, amerikalıların qurduğu Sovet İttifaqı Tarix və Mədəniyyətini Tədqiq İnstitutunda elmi işçi olaraq çalışıb. İnstitutun 26 iyul 1967-ci il tarixli Münxendə baş tutan ümumi toplantısında əsas elmi üzvlüyə seçilib. Bu qurum daha sonra Sovet İttifaqını Öyrənmə İnstitutu adlanıb. S.Təkinərin bu institutun orqanı olan “Dergi” jurnalında çoxlu elmi məqalələri dərc olunub.

S.Təkinər “Kafkasya”, “Azerbaycan” kimi dərgilərlə də əməkdaşlıq edib. Fətəlibəyli Düdənginski ilə Rəsulzadə arasındakı qarşıdurmada Məhəmmədəmin bəyin yanında yer alıb.

Təkinər Türkiyədəki millətçilərlə əlaqədə olub. Ömər Özcan Türkiyənin tanınmış türkçü fikir xadimi Nihal Atsızın S.Təkinərə bir məktubunu dərc edib.

N.Atsız məktubunda yazır:

İstanbul, 15.03.1963

Azizim Süleyman Beğ

Siz ilim alanında Türkçülük yaparken biz de ülkü alanında aynı şeyi yapmaya uğraşıyoruz. 16 Eylül 1962’de kurulup şimdiye kadar 15 şube tesis ettik. Fakat İçişleri Bakanlığı bizi hâlâ tescil etmedi. Tüzüğümüzde boyuna aksaklıklar buluyor. Fakat o, bildiğini okurken biz de bildiğimizi okuyoruz.

Sizi şunun için rahatsız ediyorum: Şimdiye kadar muntazaman gelen Dergi’nin 30’uncu sayısı gelmedi. Bu sayıyı Ziyaeddin Babakurban’dan aldım. Bundan sonraki sayıların gönderilmesine himmetinizi rica ederim. Göndermek için beynelmilel pul istiyormuşsunuz. Maalesef bu pullardan Türkiye’de ele geçirmeye imkân yok. Bunları kendi dostlarına dağıtıyorlar. Bu sebeple isterseniz size kitap falan göndereyim. Ama sizde bana ne yapıp yapıp Dergi’yi yollayın. Türkiye’de ‘Türk’ olarak bir ben kaldım. Bu son Türk’e de dergi göndermezseniz ahrette size mahkemeye veririm.

Selâm ve sağlık dileklerimle. Dergideki bütün ırkdaşlara selâm. Tanrı Türkü Korusun.

Atsız

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra S.Təkinər Vətənə gələ bilib. Təkinər ailəsinin qohumu Rauf Həsənov bu barədə bizə bunları bildirib:

“Təkinərin Azərbaycandakı oğlu Akif və mənim baldızım Ellada xanım S.Təkinəri, Süleyman Məhəmmədəli oğlu Məhəmmədov kimi o vaxt “Vətən” cəmiyyətinin xətti ilə axtaranda, onları “O ölüb” sözləri ilə yola salmışdılar! Ondan sonra “Ulduz” jurnalının 1988-ci il 8-ci sayında “Vətən xainləri” adlı məqalə çap edildi. Həmin məqalədə Süleyman Təkinərin Münhendə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında fəaliyyət göstərdiyi yazılmışdı. Beləliklə, biz onun sağ olmasını və AFR-də yaşadığını öyrəndik. Mənim təklifim ilə “Azadlıq” radiosuna, Mirzə Xəzərə 1990-cı ilin mart ayının əvvəlində bir məktub yazdıq (həyat yoldaşım Rəna xanım məktubu əmisi Süleyman bəyə yazmışdı) və məktubu bizə yaxın adam vasitəsi ilə (hələ SSRİ dövrü idi) Berlindən Münhenə poçt vasitəsi ilə göndərdik. Bir müddət keçdikdən sonra məktub “Azadlıq” radiosuna çatır və onu radiodan Mirzə Xəzər oxuyur və Təkinərə çatdırır. Ondan sonra Süleyman bəy bizim evə və bacısıgilə də zəng edib hər birimizlə 45 dəqiqə ərzində danışıb. Ondan sonra yoldaşımla Süleyman bəy arasında məktublaşma başladı. Birinci məktub 19 mart 1990-cı il tarixində gəldi. 1991-ci ilin sentyabr ayının 4-dən, oktyabr ayının 1-dək rəhmətlik bacısı Gülbi xanımın dəvəti ilə Bakıda olub”.

S.Təkinər 19 mart 1990-cı il tarixli həmin məktubunda qardaşı qızı Rəna xanıma yazırdı:

“... Müharibə başladığında mən Gəncə Müəllimlər İnstitutu Tarix Fakultəsində Ümumi Tarix Kafedrasının müdiri, eyni zamanda orta əsrlər tarixi üzrə dosent vəzifəsini ifa edən Baş müəllim idim. 1942-ci ilin oktyabr ayında məni Hərbi Şöbəyə çağırdılar. Mən xəstəlik səbəbilə hərbi xidmətdən azad edildiyimi, ümumiyyətlə hərbi qeyddən çıxarıldığımı söylədim və bu bəyanımı təsdiq edən hərbi kitabçamı da göstərdim. Amma hərbi şöbə müdiri yüksək rütbəli rus zabiti bu vəziyyətin sülh zamanı üçün mötəbər olduğunu və müharibənin ilk günündə hərbi şöbəyə gəlməm lazım gəldiyini söylədi. Hərbi kitabçamda belə bir qeydin olmadığını israrla bəyan etdimsə də, mənə kinlə baxan rus zabiti bu məqul səbəbi nəzərə almaq istəmədi. İkisi rus, biri də azəri zabitdən ibarət olan guya hərbi Məhkəmə mənim təqsirkar olduğuma qərar verdi. Ancaq cəzamı yüngülləşdirib məni cəzalı əsgərlərin olduğu və hər zaman təhlükəli sayılan cəbhələrdə xidmət edən hərbi hissəyə göndərdilər...”

Rəna xanıma ayzdığı digər məktublardan öyrənirik ki, Süleyman bəyin 1973-cü ilin aprel ayında beyninə qan sızıb və bu hadisə onda görmədə problemlər yaradıb, uğurlu müalicədən sonra sağalıb. Onu da öyrənirik ki, “Azərbaycan: Dünəni, bu günün və sabahı” və “Azərbaycanda fikir hərəkatları” adlı iki monoqrafiya yazıb, amma çap etdirə bilməyib.

S.Təkinər 1992-ci ilin sentyabrında Bakıya gəlib, qohumları ilə görüşüb. Həmin görüşə dair fotoşəkillər mövcuddur. Onun Bakıdakı ən maraqlı görüşlərindən biri də orta məktəbdə ona dərs deyən şair Cəfər Rəmzi ilə olub.

Təkinər müstəqillik illərində də Azərbaycan xalqının yanında olub. 1993-cü il iyunun 20-də ermənilərin Qarabağı və ətraf rayonları işğal etməsinə qarşı xalqı birliyə səsləyib.

Təkinər 2006-cı ildə Almaniyada vəfat edib, nəşi İstanbula gətirilib, Qaraca Əhməd məzarlığında dəfn edilib.

Qaynaq:

“Türk Yurdu”, Yıl 103, Sayı 318, Şubat 2014
“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu”. Tərtib edən: Fərhad Cabbarov, Bakı, 2018.
“Azərbaycan” qəzeti, sayı 14 (93), 11 Aprel, 1944

Dilqəm ƏHMƏD


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər