Avropa Şurasına (AŞ) üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair Bakıda keçirilən konfrans başa çatıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri xanım Ana Vukadinovic iki gün davam edən toplantının yekunlarına dair mətbuat konfransı keçiriblər.
Konfransda AŞ-nın üzvü olan 23 ölkənin, AŞ Katibliyinin, Azərbaycanın dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiklərini qeyd edən S.Müslümov tədbirin yüksək səviyyədə keçdiyini vurğulayıb:
“Bu tədbir bir tərəfdən Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmək təcrübəsini bir daha təsdiqləməklə yanaşı, ölkəmizin bütün dünya üçün aktual məsələlərin həlli proseslərində aktiv iştirak etmək əzmini ifadə etdi. Belə məsələlərdən biri də inkişaf səviyyələrindən asılı olmayaraq ölkələrdə insan hüquqlarının ən vacib elementi olan sosial birliyin təmin olunmasıdır”.
Nazir bildirib ki, konfrans AŞ-nın Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının üzv dövlətlərdə icra vəziyyəti, bu sahədə əldə olunan nailiyyətlər, həmçinin əsas maneələr, onların səbəbləri ilə bağlı kifayət qədər obyektiv və səmərəli müzakirələrlə yadda qaldı. Burada Avropa ölkələrində sosial birlik naminə aparılan siyasətlər, qarşıya çıxan problemlər barədə onların nümayəndələri tərəfindən olduqca dolğun məlumatlar paylaşıldı. Konfrans zamanı bir daha aydın oldu ki, bütün cəmiyyət üzvlərinin sosial rifahla bağlı ehtiyaclarının mükəmməl şəkildə ödənilməsini və hər bir fərdin gələcək sosial təhlükəsizliyinin etibarlı müdafiəsini nəzərdə tutan mükəmməl hüquqlar sistemi və bu sistemin düzgün işləmə mexanizmi olmadan sosial birlik prinsipləri bərqərar ola bilməz: “Bu yolda ayrı-ayrı Avropa ölkələrinin istifadə etdikləri vasitə və alətlər, yanaşmalar barədə digər ölkələrdə maraq doğuran yeni məlumatlar da əldə olundu. Lakin əksər ölkələr üçün sosial birlik modelinə yekdil münasibət mövcuddur. Bu münasibət cəmiyyət üzvlərinin sosial rifahında onların məşğulluq imkanlarının keyfiyyətcə yüksəldilməsi və reallaşdırılmasını, xüsusən gənclərin peşə təliminin və əmək bazarına çıxışının dəstəklənməsini, insanların sosial riskdən uzaq gələcəyinin təminatına yönələn səmərəli sığorta sisteminin, habelə fərdlərin yoxsullaşma riskinə imkan verməyən minimum gəlir sisteminin formalaşdırılmasını ehtiva edir”.
S.Müslümov tədbirdə Azərbaycanda sürətli iqtisadi tərəqqi şəraitində sosial birlik meyarlarının tətbiqi, gəlirlərin ədalətli bölgüsü, məşğulluq potensialının artırılması, əhalinin səmərəli sosial təminat sistemi ilə əhatə olunması, sosial xidmətlərə çıxış imkanlarına malik olması və s. sahələrdə görülən işlər, aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə də dolğun məlumatlar verildiyini qeyd edib: “Son illərdə iqtisadi böhran hətta inkişaf etmiş ölkələrdə belə sosial birlik prinsiplərinin pozulması ilə nəticələndi, lakin bu böhrandan tam itkisiz çıxan Azərbaycanda mühüm sosial proqramlar uğurla davam etdirilməklə, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində yeni addımlar atıldı. Bu mənada Azərbaycanın təcrübəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı”.
Nazir Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi baxımından Bakı konfransının mühüm önəm kəsb etdiyini vurğulayıb. “Gələn il Bakı AŞ-na üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti 3-cü Konfransına ev sahibliyi etmək barədə Azərbaycan təklif verib və son iki gündə biz növbəti nazirlər konfransının əsas müzakirə mövzularını, imzalanacaq sənədlərdəki prioritetləri demək olar ki, müəyyənləşdirdik”.
Xanım A.Vukadinovic Bakı konfransının AŞ-nın Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası ilə bağlı üzv ölkələr arasında fəal məlumat mübadiləsinə səbəb olduğunu, həmin ölkələrdə sosial birliyə nail olunması üçün aparılacaq siyasətlərdə bunun xüsusi önəm daşıdığını bildirib: “Konfrans zamanı əmin olduq ki, qeyd olunan Strategiya və Fəaliyyət Planının ümumavropa məkanında arzuolunan səviyyədə icrası üçün ən yaxşı milli təcrübələrin mübadiləsinə ciddi ehtiyac var. Hesab edirəm ki, Bakı bu sahədə çox uğurlu addımın atıldığı bir şəhər kimi yadda qalacaq”.
Naibə