26 İyul 2019 22:17
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Hüseyn Camal Yanar rəsmi ünvanı və mühacirlər arasında “Azəri dayı”, “Hüsü dayı” ləqəbləri ilə tanınan H.Mirzəcamalzadə (Məhəmmədrəfibəyoğlu) 1884-cü ildə Şuşada doğulub.

Şəhər real məktəbində oxuyub, 1910-cu ildə iqtisadiyyat ixtisası üzrə təhsil aldığı Kiyev Universitetini bitirib. Təhsil aldığı illərdə o, Qacar xanədanlığına qarşı baş verən hərəkatda iştirak etmək üçün 1908-ci ildə Güney Azərbaycana da gedib.

Fərqli ixtisasda təhsil alsa da, Hüseyn bəy şair, publisist, dramaturq kimi tanınıb. 1912-ci ildə Tiflisdə Azərbaycan teatrı üçün “Auditoriya” binasının açılış mərasiminin təşkilində o da fəal iştirak edib.

“Zakavkaziye” qəzetinin 3 aprel 1912-ci il tarixli sayında yazılıb: “Müsəlman teatr cəmiyyətinin “Auditoriya” binasının açılışı olmuşdur. Şəhər qlavası Xatisov, generallardan Koxanovski və Əmir Kazım Mirzə, mətbuat, ictimai təşkilatların nümayəndələri, Axund Mollazadə, xəzinədar M.M.Əhmədov, Y.Tahirov, H.Köçərlinski, Ə.Haqverdiyev, H.Mirzəcamalov, səhnə xadimi İ.Volkov, knyaz Eristov, Baratov və Belyayev truppasının nümayəndələri təbrik nitqi söyləmişlər”.

Hüseyn bəy “Auditoriya”da keçirilən tədbirlərdə iştirak edib, maarifləndirmə işi aparıb. Professor Əziz Şərif “Keçmiş günlərdən” əsərində yazıb: ““Auditoriya”da və Zubalov teatrında tez-tez tamaşa və konsertlər verilir, bəzən də pulsuz mühazirələr oxunurdu. Bu mühazirələrdən biri 1912-ci il aprelin 29-da universitet tələbəsi Hüseyn bəy Mirzəcamalov və gimnaziyanın yeddinci sinif şagirdi Həbib Köçərlinski tərəfindən oxunmuşdu”.

“Baku” qəzetinin 3 may 1912-ci il tarixli sayında isə onunla bağlı belə bir xəbər verilib: “Tiflisdən verilən xəbərlərə görə, Qafqaz Mətbuat Komitəsi M. Əlibəyovun
“Məhkəmələr qapısında tökülən göz yaşları” və Hüseyn Mirzəcamalovun birpərdəli “İşgilli Məmo” əsərlərinin Qafqaz səhnələrində oynanmasına icazə vermişdir”. Bu qəzetin həmin il başqa bir sayında isə Hüseyn bəyin gürcü yazıçısı İ.Kedevanişvilinin “Xain” pyesinin Azərbaycan dilinə tərcüməsi üzərində işləməsi barədə məlumat verilib. Hüseyn bəy İosif Mçedlişvilinin “Qaçaq Kərəm” pyesini, İlya Çavçavadzenin də bir əsərini dilimizə tərcümə edib.
H.Mirzəcamalzadə dönəmin ziyalıları ilə yaxın münasibətdə olub. Məhəmmədəmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdullah Sur kimi şəxslərlə dostluq edib. Hüseyn Cavid gənc yaşda vəfat edən Abdullah Surun dəfni ilə bağlı yazdığı məqaləsində (“İqbal” qəzetinin 16, 17 və 18 may 1912-ci il tarixli sayları) ondan da bəhs edib: “Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arxadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar, gənc mühafizəkar təcəddüdpərəst hamısının mərhum Mirzə Abdulla haqqında olan etina və ehtimamatına min dəfə faiqdir”.

Cümhuriyyət dönəmi
Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra Hüseyn bəy milli hərəkata qoşulub, Müsavat firqəsinə üzv olub. Bakıda siyasi, iqtisadi, ədəbi, sosial mövzularda mühazirələr oxuyub. Müsavat firqəsinin Bakı komitəsi təşkil edildiyi zaman komitənin sədri Abbasqulu Kazımzadə, müavinləri isə Hüseyn Mirzəcamalzadə və Mirzəbala Məhəmmədzadə seçiliblər. Cümhuriyyət dönəmində isə parlamentdə çalışıb. O, parlamentin dəftərxanasında qanunvericilik şöbəsinin müdiri olub. 1919-cu ilin dekabr ayının 14-dən Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair materiallar toplayan xüsusi komissiyanın üzvü olub.

İstiqlal Muzeyi
1919-cu il dekabrın 7-də sənətşünas-alim Məhəmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalzadənin təşəbbüsü ilə Azərbaycanın ilk rəsmi muzeyi – İstiqlal muzeyi təsis olunub. Onların təşəbbüsünü dəstəkləyən “Azərbaycan” qəzeti 23 sentyabr 1919-cu il tarixli sayında yazırdı: “... sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, “İstiqlal Muzesi” olmasını əhəmiyyətli görürüz”. Ağaoğlu və Mirzəcamalzadənin yaxından iştirakı ilə hazırlanmış “Həmişəlik Azərbaycan Parlaman İmarətində təsis edilən İstiqlal muzeyi adına müəssislər tərəfindən toplanmış şeylərin birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında şərait” adlı sənədi Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə də imzalayıblar. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq ərəfəsində tərtib olunub.

Həsən bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında sərəncam verib və komissiya belə bir qərar çıxarıb: “Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır”.
İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də AC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Azərbaycanın istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar var idi.

İstiqlal Muzeyi beş aya yaxın - 1920-ci il aprelin 28-dək fəaliyyət göstərib.
Sovet hökuməti qurulduğu Xalq Maarif Komissarlığının (XMK) 22 iyun 1920-ci tarixli 84 saylı əmri ilə Arslan Kriçinski, Hüseyn bəy Mirzəcamalzadə və MəhəmmədAğaoğlu 24 may 1920-ci ildən XMK nəzdindəki abidələrin qorunması altbölümü Kollegiyasının üzvləri təyin ediliblər.

M.Ağağlu Hüseyn Camal Yanarın (1884-1974) bacısı Xeyrənnisa xanımın (vəfatı: İstanbul, 18.01.1949) qızlarından Qəmər xanımla (1903-1984) ailə qurub. Qəmər xanımın fizika professoru Dilşad Talibxan Elbrus və Sürəyya adlı iki bacısı da var. Hüseyn bəy ailə həyatı qurmayıb.

Mühacirət həyatı

Bolşevik işğalından sonra Hüseyn bəy də Azərbaycanı tərk edib, Türkiyəyə sığınıb. Hüseyn bəy bacısı Xeyransanı və onun dörd qızı ilə bir oğlunu da özü ilə aparıb. Çünki bacısının əri, Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov (1859-1920) həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb, ona görə də ilk qətlə yetirilənlərdən olub.
Ömər Özcanın qeyd edir ki, Hüseyn bəy Türkiyəyə gəldikdən sonra dolanışıq məqsədilə siqaret və içki istehsal edən bir idarədə çalışıb, ərəb və fars dillərini bildiyi üçün Mövlananın tədqiqatı ilə məşğul olub. Eyni zamanda siyasi fəaliyyətini da davam etdirib. Müsavat Firqəsinin Xarici Bürosunun qərarı ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində qurulan Azəri Türk Gənclər Birliyində təmsil olunub. 1929-cu ildə təşkilatın ümumi qurultayında ali heyətin üzvü kimi hesabat verib.

Mühacirətdə çap olunan “Azərbaycan” jurnalında Hüseyin Camal Yanarın “Analara ithaf”, “Yuxusuz bir gecənin məhsulu”, “Söyləmə belə”, “Həyat çeşməsi”, “Neylərəm” kimi şeirləri dərc olunub.
Hüseyn bəy 13 aprel 1974-cü ildə vəfat edib. 15 apreldə Kadıköydə Osmanağa məscidində cənazə namazı qılınıb, Qaraca Əhməd qəbiristanlığında dəfn olunub.

Qaynaq:
1. Məmmədli Qulam. “Azərbaycan teatrının salnaməsi”, Bakı, 1975
2. Bayramov Adilxan. Sənət məbədləri, sənət fədailəri. Bakı, 2015
3. Vilayət Quliyev. Cümhuriyyət məmurunun dünya şöhrəti (Məhəmməd Ağa-Oğlu). 2018. 525-ci qəzet. 2 iyun, 2018.№ 99
4. M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018
5. Ömər Özcan. Bir Vatandan Bir Vatana. İstanbul, 2018
6. Həsənli Cəmil. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı, 2009
7. Hüseyn Cavid. Əsərləri. V cild, Bakı, 2005


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər