Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aparatında yeni təyinatlar olub.
DQİDK-dan Teleqraf.com-a bildiriblər ki, Komitənin sədri Mübariz Qurbanlının əmri ilə Oqtay Nəsir oğlu Hüseynov Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, DQİDK-da bu ştat vakant olub və bu vəzifədə əvvəllər heç kim işləməyib.
Komitə sədrinin digər əmri ilə Amil Rafiq oğlu Cavadov DQİDK sədrinin köməkçisi vəzifəsinə təyin olunub. A.Cavadov daha öncə Yeni Azərbaycan Partiyasında (YAP) çalışıb.
Bundan əvvəl Komitədə Ümumi şöbənin müdiri olmuş Niyaz Nəsir oğlu Yaqublu isə Dini qurumlarla iş üzrə şöbənin müdiri vəzifəsinə keçirilib.
Dini qurumlarla iş üzrə şöbə ölkədəki dini durumu öyrənir, dini vəziyyətlə bağlı informasiya fondu yaradır, dini qurumların fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə onlara mövcud qanun çərçivəsində kömək göstərir. Şöbə, həmçinin dini ayinlərin icrası ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarının qorunması istiqamətində müvafıq tədbirlər görür, dini maarifləndirmə işi aparır, yerlərdə dini durumu öyrənmək üçün bölgələr üzrə şöbələrin fəaliyyətini əlaqələndirir və onlara nəzarət edir.
Ümumi şöbənin müdiri vəzifəsinə isə Alim Əli oğlu Süleymanov təyinat alıb. A.Süleymanov bundan əvvəl Dövlət İqtisad Universitetində müəllim işləyib.
Qeyd edək ki, Ümumi şöbə Dövlət Komitəsinin bütün sənəd dövriyyəsi, əmr, sərəncamların qeydiyyatı, ərizə və məktubların icra vəziyyətinə nəzarət və kadr uçotunu həyata keçirir.