29 İyul 2019 16:31
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızmar istiləri nəzərə alan insanlar istirahətlərini sağlam,əyləncəli, eyni zamanda, sakit və dinc keçirməyə üstünlük verirlər. Bütün bu komponentlərin bir arada olması bizi müəyyən qiymətlərlə üz-üzə gətirir.

Yay istirahəti dedikdə ağıla ilk gələn dənizdir, daha doğrusu, çimərlikdir...

Adları ilə şan-şöhrət qazanan “hotel beach”lərin (otel biçlərin) xidmət müqabilində tələb etdikləri ödənişlər bir ayrı dərddir. Elə bu səbəbdən də cəmiyyətin əsas kəsimi üçün pulsuz çimərliklərdən istirahət daha sərfəlidir.

İctimai çimərliklərdə isə göstərilən xidmət bir kənara, əraziyə giriş belə pulludur. Axı, bu çimərliklərdə girişin ödənişli olması hansı qanunlara əsaslanır?

Xatırlayırsınızsa bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti çimərliklərin pulsuz olması məqsədilə bir neçə ərazidə şlaqbaumların söküldüyünü bildirmişdi. Deyilənləri yoxlamaq üçün şlaqbaumların söküldüyü bildirilən həmin çimərliklərdən bir neçəsinə üz tutduq.

Bilgəh çimərliyində girişdə maşınla olmayan müştərilərdən ödəniş istənilməsə də, maşından istifadə edənlərdən 2 manat tələb olunurdu. İstirahət dənlərin dediyinə görə, onlardan əyləşmək üçün saatına 2 manat alınıb. Adının çəkilməsini istəməyən xanım bildirdi ki, bir masaya görə 15 manat verib. Digər müştərilər isə 10-13 manat ödəniş etdiklərini vurğuladılar.

Özünü orada fəaliyyət göstərən obyektlərdən birinin rəhbəri kimi təqdim edən İlqar Əsədov adlı şəxs nəyə görə hər müştəridən fərqli qiymət tələb olunduğu sualına belə cavab verdi: ”Biz istəyirik ki, müştərilərimiz bizdən razı getsin. Elə adam olur ki, tələb olunan qiyməti verməyə gücü çatmır. Biz də bunu nəzərə alaraq, onların istəklərini təmin etməyə çalışırıq”.

Bir müştərinizdən 15 manat alınıb dedikdə isə: “Ola bilməz. Yəqin iki masanı birləşdirdiklərinə görə belə olub”- deyə bildirdi.

Daha sonra Zuğulba çimərliyinə üz tutduq. Məlum oldu ki, burada qiymətləri hər obyekt özü təyin edir. Hətta havanın küləkli olmasını, axşam və ya gündüz vaxtı olduğunu nəzərə alan obyektlər də var. Obyekt nümayəndəsinin dediyinə görə, axşam çimərlik üçün nəzərdə tutulan masalardan hər müştəri üçün alınan qiymət 5 manatdır. Səhər vaxtı isə 10 manat ödəyə bilərsiniz. Əgər siz çay istəsəsəz,əyləşmək üçün ödəniş etməyəcəksiniz.

Digər bir obyekt nümayəndəsi Cəlal İbrahimli bildirdi ki, burada hər masanın fərqli qiyməti var. Görünüşü lüks olan masalarda əyləşmək istəyirsinizsə, 15 manat, yox əgər, bu hər kəsin istifadə etdiyi adi masalar olacaqsa, ümumi qiymət 10 manatdır.

Görülən tədbirlərdən sonrakı vəziyyətə münasibəti öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyi ilə əlaqə saxladıq.

Meriyanın mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirdi ki, monitorinqlərdən sonra hər hansı təkrar baxış həyata keçirilməsə də, qarşıda belə tədbir nəzərdə tutulur: “Bu məsələ ilə bağlı təkrar yoxlama aparılmasa da, qarşıda duran əsas vəzifələrdən biri də budur”.

Ən çox şikayətlərin Bilgəh çimərliyindən gəldiyini xüsusi vurğulayan İsrafil Kərimov əhalinin narazılıqlarının qarşısının alınacağını da bildirdi. Masaların ödənişli olub-olmamasına gəlincə isə:”Bu məsələ bizim öhdəliyimizdə deyil. Bunu həmin ərazini özəlləşdirən obyekt sahibləri özləri müəyyən edir”- deyə əlavə etdi.

Dövlət Turizm Agentliyi mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə monitorinqlərin hələ də davam etdiyini, fəslin sonunda yoxlamaların nəticəsi olaraq xüsusi paket hazırlananıb birbaşa əlaqədar qurumlara təhvil veriləcəyini dedi.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər