"2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir".
Teleqraf.com xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.
Qeyd edib ki, 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilib, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə çoxsaylı ekspertizalar təyin edilmiş, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.
Xüsusilə vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.