İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Teleqraf.com-un xəbərnə görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilmiş, vətənimizin iqtisadi və müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib.
Əldə edilən nailiyyətlərin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil etmişdir. 2019-cu ilin birinci yarısında ümumi daxili məhsul istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz, iqtisadiyyatın qeyri-neft sektoruna yatırılan investisiyaların 5,1 faiz artması, valyuta ehtiyatlarının 9,7 faiz artaraq 49,1 milyard ABŞ dollarına çatması xüsusi vurğulanıb.
Bildirilib ki, 2019-cu ilin birinci yarımili ərzində dövlət tərəfindən sosial yönümlü siyasətin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüş, dövlət başçısı tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində imzalanmış Fərman və Sərəncamların icrası ilə 3 milyondan artıq vətəndaşın sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, minimum əmək haqqı iki dəfə artırılaraq 130 manatdan 250 manata çatdırılmış, bu artım 1 milyona yaxın insanı əhatə edib.
Eyni zamanda ölkə əhalisinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə təxminən 850 min nəfəri əhatə edən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhəmiyyəti vurğulanmış, bu məqsədlər üçün dövlət büdcəsindən 682 milyon manat məbləğində vəsaitin ayrılması qeyd olunub.
Cari ilin birinci yarısında ölkəmizin, eyni zamanda paytaxt Bakının mötəbər beynəlxalq iqtisadi və humanitar forumlara - VII Qlobal Bakı Forumuna, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasına, dünya miqyaslı idman yarışlarına - “Formula-1 Qran-Pri”, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə, tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu, eyni zamanda ictimai asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut etdi.
Müşavirədə əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Əməliyyat müşavirəsində xüsusi qeyd edilmişdir ki, 2019-cu ilin birinci yarımili eyni zamanda ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirliməsi dövrü kimi yadda qalmışdır. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.
Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilib.
Bununla əlaqədar Baş Prokurorluqda yaradılmış İşçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupuna təqdim edilib.
Eyni zamanda müşavirədə cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilməsi və həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə uğurlu təyinatlar aparılması qeyd edilib, eləcə də növbəti mərhələdə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların məhz bu prosedurlar əsasında vəzifəyə təyin edilmələrinin vacibliyi vurğulanıb.
Dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq ölkəmizin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və MONEYVAL Komitəsi, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilib.
Bununla bağlı qeyd edilmişdir ki, cari il OECD tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmizə ünvanlanmış tövsiyələrin böyük əksəriyyəti icra edilmiş və bu monitorinq mexanizmi çərçivəsində IV Monitorinq Raundu uğurla başa çatdırılıb.
Bundan başqa, GRECO tərəfindən ölkəmizin IV raundu dəyərləndirilməsi üzrə Uyğunluq Hesabatı qəbul olunmuş, ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilib.
Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident cənab İlham Əliyevin tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.
Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi hallara yol verilməməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan tələb olunub.
Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 80 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 67 faizini təşkil edən 873 gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.
Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Sumqayıt və Gəncə şəhərləri, Şamaxı, Qəbələ, İmişli, Salyan və Lənkəran rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib.
Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
Müşavirədə 2019-cu ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edibt.
Müzakirələrdə çıxış edən Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Nemət Əvəzov “Elektron cinayət” proqramının tətbiqi ilə bağlı tapşırıqların icrası istiqamətində görülən işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
Müşavirəyə yekun vuran Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib.
Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipləri üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi vurğulanıb.
Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.