Prezident İlham Əliyevin 2019-cu ilin birinci yarısının yekunlarına dair müşavirədə nitqini diqqətlə izlədim. Ölkə prezidenti əldə olunan uğurların üzərində qısa şəkildə dayanmaqla yanaşı çatışmayan məsələlərə xüsusi diqqət yetirdi. Prezident konkret problemlərlə bağlı müvafiq qurumların rəhbərlərinə suallar ünvanlayaraq onların cavab verməsinə şərait yaratdı.
Bu fikirləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili, professor Fəzail Ağamalı Prezident İlham Əliyevin 2019-cu ilin 6 ayının sosial-iqtisadi nəticələrinə dair keçirdiyi müşavirə haqqında danışarkən deyib.
Millət vəkili prezidentin süni qiymət artımı və inflyasiyaya dair fikirlərinə daha çox diqqəti çəkib: “Ölkə prezidenti bizim hər birimizi narahat edən və prezidentin özünə də məlum olan məsələyə xüsusi önəm verdi. Bu, hər şeydən əvvəl ölkədə qiymət artımı ilə bağlıdır.
Məsələ ondadır ki, cənab prezidentin 2019-cu ildə imzaladığı sərəncam və fərmanlar xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ölkə prezidentin bu sənədlərə imza atarkən xalqımızın rifahının yüksək səviyyədə təmin edilməsini nəzərdə tutur. Həm pensiyaların, həm də əmək haqlarının artırılmasına dair prezidentin imzaladığı sərəncamlar, verdiyi qərarlardan sonra ələlxüsus ərzaq məhsullarının qiymətində artım müşahidə edildi.
Azərbaycanda istehsal edilən ərzaq məhsullarının qiymətinin artırılması şübhəsiz ki, prezidentin sosial siyasətinin mahiyyətinə ziddir. Əmək haqları artan kimi möhtəkirlər hətta yerli məhsulların qiymətini bahalaşdırır. Bu, yolverilməzdir. Diqqət edin, ölkədə istehsal edilən meyvə və tərəvəzin qiymətində hansı səviyyədə bahalaşdı. Bu mənzərə ilə hər birimiz rastlaşdıq və təbii ki, bütün bunlar narazılıq doğurur.
Əlbəttə, bazar iqtisadiyyatı hökm sürür, azad ticarət siyasəti həyata keçirilir. Amma ortada möhtəkirlər var və onlar ərzaq məhsulları üzərində sanki monopoliyaya malikdir. Maaşlar artan kimi qiymətlərdə artır. Bu topdansatış mərkəzlərindən başlayaraq iri marketlər və kiçik mağazaları əhatə edir.
Eləcə də kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan ixtisaslaşmış mağazalara qədər. Ölkə prezidentinin narazılığı əsaslıdır və bunu ifadə edir. Hesab edirəm ki, prezidentin bu mövqeyi geniş xalq kütlələri tərəfindən dəstəklənir. Fikrimcə, artıq inzibati metodlardan istifadə olunmalı, süni qiymət artımı yaradanlara qarşı sərt tədbirlər həyata keçirilməlidir. Bizim hüquq mühafizə orqanlarımız da möhtəkirlərə qarşı hərəkətə keçməlidir. Artıq prezidentin qəti mövqeyi ortadadır”.