2 Avqust 2019 12:48
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri ilə məğul olacaq. Biz bu münaqişənin hərtərəfli, yəni hüqüqi, siyasi, tarixi, iqtisadi tərəfləri ilə bağlı tədqiqatlar aparacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, qurumun tərkibində ermənişünaslıq mərkəzi açmağı düşünürlər:

“Erməni dili bilən mütəxəssislərə böyük ehtiyacımız var. Mən hesab edirəm ki, bu sahədə də vəziyyət qənaətbəxş deyil. Axtaranda erməni dili bilən vur-tut 10 ekspert tapırsan. Onlar da yaşlı insanlardır. 3-4 tanıdığımız gənc ekspert var. Mərkəzimizdə erməni dilini bilən bir gənc alim var”.

F.Şəfiyev bildirib ki, Ermənistanda baş verən hadisələrə istinad edərəkən adətən rus-ingilis mənbələrinə istinad olunur:

“Halbuki Ermənistanın öz mənbələrinə istinad etmək daha vacibidir. Çünki onlar öz auditoriyaları üçün bir, xarici auditoriya üçün başqa cür məlumatlar yayırlar. Biz bu fərqi Ermənistan auditoriyası və xarici auditoriya üçün yazılan kitablarda da görürük.

Gürcü dili də bizim üçün vacibdir. O sahədə də boşluqlar var. Qeyd etdiyim kimi, bizim 10 elmi işçimiz var. Nazirlər Kabineti tərəfindən ştat cədvəli belə təsdiqlənib. Biz Rusiya, İran, Türkiyə, Yaxın Şərq üzrə işləyəcəyik. Son illər Çinlə əlaqələrimiz inkişaf edir. Çin üzrə mütəxəssislərə ehtiyac var.

Gələn il Nazirlər Kabinetinə müraciət edib daha çox kadr resursu əldə etməyə çalışacağıq. Yaxın zamanlarda saytımız açılacaq. Bizim təqaüd imkanları olacaq. Bundan əlavə mərkəzə həm daxildən, həm də xaricdən tələbələri staja götürəcəyik. Bundan əlavə könüllü hərəkatı yaratmaq istəyirik”.

F.Şəfiyev bildirib ki, BMTM-də müvafiq mütəxəssislər də var: “Cavid Vəliyev Türkiyə və türk dünyası, Fuad Çıraqov Gürcüstan və ABŞ, Şahmar Hacıyev enerji layihələri, Əfsanə Məmmədova Yaxın Şərq, Orxan Bağırov Çin üzrə mütəxəssisdir. Bir məqamı da qeyd etmək istərdim. Mən Bakıya fevralda qayıtmışam. Baxıram, mətbuat nümayəndələri çalışır ki, şərh alsınlar. Mən sizi bizim mətbuat katibi ilə təmas qurmağa dəvət ediriəm. Problem nədədir?

Məsələn, bu yaxınlarda Ermənistan BMT-də qondarma DQR-lə bağlı sənəd yaymışdı. O adamlardan şərhlər alınır ki, onlar BMT-də bir gün də işləməyiblər. Yeri gəlmişkən, BMT-də hər bir ölkə sənəd yaya bilər. Hər bir sənədin öz statusu var. İndi hər bir şəxs özünə politoloq deyir, özü də müstəqil politoloq. Təbii ki, burada heç bir monopoliya yoxdur. Kimdən istəyirsiz şərh ala bilərsiniz. Amma bəzi spesifik sahələr var ki, orada mütəxəssislərdən məlumat alasınız daha yaxşı olar. Çünki bilirsiniz ki, ilkin məlumat daha təsirli olur. Biz siyasi elmlərlə məşğul olmayacağıq.

Biz ölkədaxili şəbəkə yaratmağı düşünürük. Bu işə sentyabr ayından başlamaq istəyirik. Bilirsiniz, hansısa bir hadisə baş verir, alternativ mövqe irəli sürülür. QHT-lərlə də bu istiqamətdə müzakirələr aparmaq istəirik.

Biz dövlət tərəfindən yaradılan, oradan maliyyələşən, bir qurumuq. Biz dövlətin dəst-xəttini dəstəkləyirik. Amma alternativ fikirlərə də yer verəcəyik. Ekspertlərin siyahısını dərc edəcəyik. Mətbuat müvafiq mövzular üzrə onlardan şərh ala biləcək. Bu gündən mərkəzin “Feysbuk” və “Tvitter” səhifələri də fəaliyətə başlayacaq ”.


Müəllif: Səxavət

Oxşar xəbərlər