Müasir dünyada özünü müdafiə etmək az qala kulta çevrilib. Əksər valideynlər hələ bələkdə ikən övladlarına zora qarşı zor işlətməyi, heç kimə güzəştə getməməyi, heç bir halda özünü təqsirli bilməməyi öyrədirlər. Bəs nəvazişli sözlər necə olsun: “Bağışla, bir daha etmərəm”.
Nə üçün uşağa üzr diləməyi öyrətmək lazımdır?
Hətta əməlli yeriməyi belə bacarmayan körpə artıq anlamalıdır ki, “yaxşı” nədir, “pis” nədir. Oyuncaqla ananı vurur – ananı ağrıdır, bu, pisdir. Oyuncağını başqa uşaqla paylaşır – bu, yaxşıdır, çünki daha bir uşağı xoşbəxt edir.
Üzr istəməyi öz nümunənizdə göstərin
İncitdiyin kəsdən üzr istəmək boş rəsmiyyət deyil. Körpənin ilk sosial münasibətləri artıq qumluqda oynayarkən - yaşyarım, iki yaşında formalaşmağa başlayır. Dostluq da, rəğbət də burada formalaşır, amma ilk konflikt də elə burada alovlanır. Övladınız bu münaqişələri sərbəst həll etməyi nə qədər tez öyrənərsə, uşaqlığı bir o qədər “buludsuz” keçər. İllər keçdikcə yaşla birlikdə konfliktlərin həcmi də artır və ən müxtəlif xarakterli uşaqlarla toqquşmalardan heç cür qaçmaq mümkün deyil.
Lazım olduğu zaman özünün haqsız olduğunu etiraf etmək gələcəkdə müsbət vərdişlərin formalaşmasına kömək edir. Həyat onu öyrənmək istəməyənləri çox tez, həm də amansızlıqla qırır. Bu karyera sahəsinə də, şəxsi münasibətlərə də eyni dərəcədə şamil edilir. Ancaq ətrafdakılarla dil tapa bilmək, yaramaz, boş, mənasız mübahisələrdən uzaq ola bilmək həyatda insanın gərəyinə gəlir.
Uyğunsuz, eyibli davranışına görə üzr istəmək, eləcə də özünü inciyən tərəfin yerinə qoymaq – psixoloji kamilliyin və güclü şəxsiyyətin əlamətidir. Əgər, misalçün, üç yaşında uşaq itələdiyi (bəlkə də heç qəsdən etməyib) yoldaşından başa düşərək və könüllü surətdə üzr istəyirsə, deməli, siz doğru yoldasınız. Siz övladınızda özünüqiymətləndirmə kimi yüksək keyfiyyəti tərbiyə edə bilmisiniz. O, səhv etdiyi zaman, bunu etiraf etməyi bacarır – bu, hər kəsə nəsib olan xüsusiyyət deyil!
Üzr istəmək ənənəsi əsrlərin dərinliklərindən gəlib və artıq çoxdan ümumbəşəri mədəniyyətin ayrılmaz hissəsinə çevrilib. Təsadüfi deyil ki, demək olar, hər bir dində insanların səmimi-qəlbdən ətrafındakılardan “iradi və qeyri-iradi günahlarına görə” üzr istədiyi, əfv dilədiyi bir gün var. Məsələn, müsəlmanlarda “Bəraət gecəsi” deyilən bir gün var. Bəraət gecəsi (ərəbcə Layliət-ül-Bəraət) “Qurani-Kərim”də müqəddəs gün kimi qeyd edilib. Bu gecə hər bir müsəlmanın Allahdan əfv diləyə biləcəyi məxsusi bir gecədir. Vahid Yaradana iman gətirənlər bu gecə tamamilə Onun itaətində olurlar. Bəraət gecəsi şaban ayının 14-dən 15-ə keçən gecə (başqa bir versiyaya görə isə, 15-dən 16-a keçən gecə) daxil olur. – Bu, tarixi arayış oldu.
Bəs təbabət nə deyir?
Belə bir nəzəriyyə var ki, incikliklərdən asanlıqla vidalaşmağı bacarmaq fiziki və emosional sağlamlığa təsir edir. Bunu bacarmayan insanlar tez-tez depressiyalara, stress vəziyyətinə düşürlər.
Özünü anlamaq və öz hərəkətlərinə görə cavab verməyi bacarmaq – münaqişə və umu-küsüləri “yaşaya bilmək” deməkdir. Bu isə hətta böyüklərin də çoxuna xas olmayan bir özəllikdir. Daha burada uşaqlardan nə danaşasan? İnsanlar adətən yeniyetməlik dövründən etibarən öz hərəkətlərinə qiymət verməyə başlayır. Ancaq valideynlərin bu mexanizmi daha əvvəl işə salmaq imkanı var. Uşaqla onun emosiyaları haqqında mümkün qədər çox söhbət etmək, ona istiqamət vermək lazımdır. Bu, inciklik və daha mənfi duyğuların onun beyninə yeriməsinin qarşısını almağın ən yaxşı yoludur. Hələ lap körpə ikən uşağın könlünü almaq üçün başını tumarlamaq, qucaqlamaq, sevimli oyuncağını vermək onlarda nəvaziş, rəhm kimi duyğulu keyfiyyətləri formalaşdırır.
Nə üçün uşaq üzr diləmək istəmir?
Hərdən elə olur ki, valideynlər ədalətli və xeyirxah bir insan yetişdirməyi nə qədər ürəkdən arzulasalar da adicə “sehrli sözləri” uşaqlarına öyrədə bilmirlər. Bacarmırlar və uşaqlar da kimdənsə üzr istəməkdə tərs keçi kimi inad edirlər. Niyə, nə üçün? Səbəb - bir qayda olaraq üç istiqamətə şaxələnir: uşaq ya səhvini dərk etmir, ya bağışlanmayacağından və heysiyyətinə toxunacaqlarından qorxur, ya da sadəcə tərslik edir.
Belə hallarda nə etməli?
Əgər uşaq hərəkətləri ilə onun nəticələri arasında birbaşa bağlılığı “tuta bilmirsə”, dərhal üzr istəməsi üçün təkid etməyin. Öz inadınızla bu işi boş formallığa aparırsınız. Bunun əvəzinə, uşağa özünü incik düşən tərəfin yerinə qoymağı tövsiyə edin. Əgər siz uşağa desəz ki, “Sən özündən kiçiyin əlindən maşını almısan, o da pərt olub”, bu, ona elə də təsir etməyəcək. Yox, əgər siz: “Bir təsəvvür et ki, həyətdə özündən böyük uşaqlar sevimli oyuncağını əlindən alıblar, sən də köməksiz qalmısan”, - deyə ona təsir etməyə çalışsaz, nə isə alına bilər. Unutmayın ki, bu anlaşmanı əldə edə bilməsəniz uzağa getməyə dəyməz. Bircə, heç vaxt deməyin ki, “pis uşaqdır”. Əksinə, qeyd edin ki, o, çox yaxşıdır, sevimlidir, sadəcə, bu dəfə düzgün hərəkət etməyib.
Bəlkə də uşaq başqalarının gözündə zəif görünməkdən qorxur və elə buna görə də inad edib üzr istəmir. Belə olan halda valideyn övladına seçim təklif etməlidir: ya o özü üzr istəyəcək, ya da onun əvəzinə siz bunu edəcəksiniz. Bu yolla “günahın bir hissəsini” öz üzərinizə götürməklə övladınıza çox lazımlı bir dərs vermiş olursunuz: GÜCLÜ - səhvini boynuna almaqdan imtina edən deyil, səhvlərinə görə məsuliyyət daşıyandır. Bu jestlə həm də üzr istəyərkən hansı sözlərdən istifadə etmək, hansı səs tonunda danışmaq lazım olduğunu nümayiş etdirirsiniz. Bunlar ona sonra lazım olacaq.
Daha bir vacib məqam da var: uşağı üzr istəməyə vadar etməzdən əvvəl münaqişənin mahiyyətini dəqiqliklə araşdırın. Bəlkə siz elə hər şeydə öz uşağınızı təqsirli bilməyə adət etmisiniz? Konflikdə hər tərəfin öz maraqları, özünün daxili məntiqi olur, bütün bunları anlamaq üçün isə söhbət etmək və dinləmək lazımdır, daha asıb-kəsmək yox... Tamamilə mümkündür ki, bəlkə heç üzr istəyəsi sizin uşağınız deyil.
Övladınız inadkarlıqdan üzr istəmək istəmir?
Onda hökmən özünüzdən başlamalısınız. Əgər uşaq sizdən bir dəfə də olsa “bağışla məni” sözünü eşitməyibsə, əlbəttə ki bunu ondan gözləməyin. Uşaqlar – onlara tərbiyə verən böyüklərin dünyasının aynasıdır və əgər bu dünyada üzr istəmək caiz deyilsə, uşaq bu mədəniyyət etiketini haradan görüb-götürsün. Doğrudanmı, siz ona qarşı həmişə ədalətli olursunuz? Sizinlə ünsiyyətə ehtiyacı olduğu an heç əlinizi yelləyib başınızdan etməmisinizmi? Öz əsəblərinizi, pis əhvalınızı onun üstünə tökməmisinizmi? Heç birimiz müqəddəs deyilik, bütün bunlar hamımızın başına gələ bilər və hər bir ailədə belə vəziyyət yarana bilər. Yalnız valideynlərin bəziləri vaxtında üzr diləməyi bacarır, digərləri isə hesab edirlər ki, ailənin ən kiçik üzvündən üzr istəməyə gərək yoxdur.
Həyatın müəyyən kəsimində valideynlər övladları üçün tənqidin fövqündə dayanan təqlid obyektinə çevrilirlər. Ancaq yadda saxlamaq lazımdır ki, bu “kəsim” kifayət qədər gödəkdir və bu qısa zaman ərzində övladınızda ən yüksək insani keyfiyyətləri formalaşdırmalısınız. Öz haqsızlığını dərk etmək və səhv hərəkəti üçün üzr istəmək də bu qəbil davranış etiketlərindəndir.
Axar.az