"Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycanda da təkrarlanacağı ehtimalı çox azdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzi İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Hüseynova deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz ümumilikdə seysmik aktiv bölgədə yerləşsə də, tektonik baxımdan Azərbaycanın nə İran, nə də Türkiyə ərazisindəki zəlzələ ocaqları ilə bağlılığı var:
“Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz region ümumilikdə seysmik aktiv bölgədə yerləşir. Həmçinin, cənub qonşularımız İran və Türkiyə də seysmik ərazidədir. Azərbaycan Alp qırışıqlığı üzərində yerləşir və tektonik baxımından İran və Türkiyə ərazisindəki zəlzələ ocaqları ilə hər hansı bağlılığı yoxdur. Gürcüstanin isə Azərbaycanla həmsərhəd hissələrində güclü zəlzələ baş verərsə, bu bizim ərazimizdə də müəyyən qədər hiss oluna bilər.
Bizdə ən aktiv seysmik bölgə Xəzər dənizinin Azərbaycan sektorudur. Lakin burada da güclü təkanlar baş vermir, 3 bal və bəzən yuxarı olur”.
Vüsalə Hüseynova Azərbaycanda seysmoloji vəziyyətin hazırkı durumundan da danışıb: “Hər gün stansiyalarımız Yer səthində 10 və daha artıq hiss edilə bilməyəcək təkanlar qeydə alır, bu məlumatlarda daha çox elmi tədqiqatlarda istifadə edilir. Bu yaxınlarda Ağsuda 3 bala yaxın zəlzələ oldu. Bu saata qədər isə hələki sakitçilikdi. Amma zəlzələnin nə vaxt olacağı barədə dəqiq məlumat verə bilmərik”.