Həqiqətən bu məsələ son vaxtlar nəzərəçarpan tendensiyaya çevrilib. Halbuki polis əməkdaşları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanunauyğun davranışını təmin edir.
Bunu Teleqraf.com-a açıqlamasında son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yaymasına, şərh və təhlillər paylaşmalarına münasibət bildirən “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Aydın Quliyev deyib.
O qeyd edib ki, son aylarda polisin fəaliyyəti ilə bağlı şübhə yaradan, qaralayıcı, ləkələyici, olmayan şeylərin uydurulması və hətta bir neçə il əvvələ aid bəzi faktların yenidən ortaya atılaraq aktuallaşdırılması, bu nöqteyi-nəzərdən polis haqqında mənfi rəyin yaradılması nəzərdən qaça bilməz:
“Fikrimcə, bu da təsadüfi deyil. Bu, həm ölkənin daxilindəki vəziyyətlə, həm də xariclə bağlıdır. Bilirsiniz ki, ölkə daxilində sabitliyin çox mühüm elementi Daxili İşlər Nazirliyi, polis əməkdaşlarıdır və Azərbaycan sabitlik səviyyəsinə görə dünya ölkələri arasında hər zaman qabaqcıl reytinqə malik ölkələrdən biiridir. Buna görə də ölkənin daxilində sabitliyi hədəf götürən ölkələr ilk növbədə sabitliyin əsas elementini hədəf götürürlər. Bu da polisdir”.
A.Quliyev qeyd edib ki, ikincisi Azərbaycan üçün beynəlxalq miqyasda arzuolunmayan qüvvələr son vaxtlar yenidən aktivləşməyə cəhd göstərirlər:
“Onlar da başa düşürlər ki, ölkə daxilində əhalinin fikrini parçalamaq, əhalini hakimiyyətin siyasətinə qarşı mənfi ruhda kökləmək yolunda ciddi maneələrdən biri olan polisin fəaliyyətini zəiflətmək lazımdır. Bu nöqteyi-nəzərdən polisə qarşı atılan həmin addımları həm daxildə müəyyən qüvvələrin, həm də onları himayə edən beynəlxalq qüvvələrin birgə işinin nəticəsi kimi dəyərləndirmək lazımdır. Sözsüz ki, burada aktiv rol ölkənin daxilində radikal müxalifət kəsimini təmsil edən şəxslərə məxsusdur”.