“Sakinlər Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə zəng vurub öz məhəllə və küçələrinə gecə ilə gizlicə qurbanlıq heyvanların yığıldığını məlumat verirlər, qarşısının alınmasını xahiş edirlər. Bu o deməkdir ki, artıq vətəndaşlar küçələrdə, yol kənarlarında kəsimin həyata keçirilməsini istəmirlər”.
Teleqraf.com xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib. Onun sözlərinə görə, daxil olan məlumatlarla bağlı operativ şəkildə aidiyyəti qurumlarla birgə tədbirlər görülür.
Qurum rəsmisi eyni zamanda vətəndaşlara da çağırış edib: “Ancaq bu faktlar ictimai nəzarətin göstəricisi kimi vacib amildir. Əslində vətəndaşlar özləri də yığışıb bu cür şəxslərə etirazlarını, öz küçələrinin, həyətlərinin antisanitar vəziyyətə gətirilməməsini tələb edə bilərlər. Bu onların vətəndaşlıq hüququdur.
Qeyd edim ki, bu il qurbanlıq heyvanların kəsimi üçün 44 stasionar və 30 çadırtipli kəsim düşərgəsi fəaliyyət göstərəcək. Bu əhalinin təlabatını ödəməyə yetir. Qalır qaydalara əməl etmək!”.