Rusiyanın Severodvinsk şəhərində ötən günlərdə raket mərmisi partlaması səbəbindən Şimal bölgəsində atmosferə daxil olan radiasiyanın həcminin 16 dəfə artdığı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi avqustun 7-də baş verən hadisədən sonra atmosferdə radiasiya səviyyəsinin normal olduğunu bildirmişdi.
“Rosqidromet” meteorologiya agentliyinin yaydığı açıqlamada isə Severodvinskdə radiasiya həcminin 4-16 dəfə artdığı, bunun normadan dəfələrlə çox olduğu qeyd edilib.
Qeyri-rəsmi mənbələr bu rəqəmin 20 dəfə çox olduğunu iddia edir.
Olaydan sonra Rusiyanın “Rosatom” agentliyinin 5 əməkdaşının həlak olduğu, 3 nəfərin isə yaralandığı açıqlandığı halda, Müdafiə Nazirliyi partlayış baş verən zaman 2 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını açıqlamışdı.
Partlayışa səbəb olan mühərrikin hipersonik gəmi əleyhinə “Zirkon” raketinə aid olduğu bildirilir.
Rusiyada partlayışın baş verdiyi hərbi baza 1954-cü ildə qurulub. Rusiya bu bazada ballistik raketləri sınaqdan keçirir.