15 Avqust 2019 10:26
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda yoxsulluq səviyyəsinin 24 faiz, kənd yerlərində 30 faiz, Bakı şəhərində isə 19 faiz olduğunu nəzərə alanda ünvanlı sosial yardımın əhatə dairəsi genişlənməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı qeyd edib ki, avqustun 14-də “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təsdiq olunub:

“Beləliklə də əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən edilib. Bu o deməkdir ki, oktyabrın 1-dən sonra təyin edilən əmək pensiyasının məbləği 200 manatdan az olmalı deyil.

Xatırladım ki, bu il ərzində minimum əmək haqqının 130 manatdan 250 manata çatdırılması bəzi sahibkarların və torpaq mülkiyyətçilərinin sosial sığorta ödənişlərinin məbləğində artımı şərtləndirib. Bunun nəticəsində də cari ilin 6 ayı ərzində məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmalar 116 faiz icra olunub, bu mənbədən 1 milyard 321 milyon manat vəsait toplanıb.

Belə olan halda minimum pensiyalar daha çox artırıla və minimum əmək haqqı səviyyəsinə çatdırıla bilərdi.

Əslində minimum əmək haqqı və minimum pensiyanın təyin edilməsi üçün əsas əmək qabliyyətli əhali və pensiyaçılar qrupu üçün yaşayış minimumum gerçək dəyəri olmalıdır. Alternativ hesablamalara görə, 2019-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün təsqiq olunmuş 191 manata qarşı 264 manat, pensiyaçılar üçün 149 manata qarşı 238 manat, uşaqlar üçün 160 manata qarşı 251 manat təşkil edir”.

Qubad İbadoğlu qeyd edib ki, minimum əmək haqqı və minimum pensiyaların artımı adekvat olaraq 2019-cu üçün ehtiyac meyarının həddinin də 143 manatdan ən azı 200 manata qədər artırılmasını tələb edir:

“Məlumat üçün qeyd edim ki, ünvanlı dövlət sosial yardım bu meyar əsasında təyin edilir. Dünya Bankının son hesabatında Azərbaycanda yoxsulluq səviyyəsinin 24 faiz, kənd yerlərində 30 faiz, Bakı şəhərində isə 19 faiz olduğunu nəzərə alanda ünvanlı sosial yardımın əhatə dairəsi genişlənməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər