16 Avqust 2019 10:21
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.

Teleqraf.com-un məlumatına görə, aksiya zamanı DYP tərəfindən hazırlanmış plakatlar çimərliklərin girişinə vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atılmağın, çimərlik ərazisində sürmə təlimi keçirməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşmək kimi əməllərin təhlükəli olması barədə bildirişlər qeyd olunub. Sürücülərin bu qaydalara əməl etməyinin vacibliyi vurğulanıb.

Yüzlərlə buklet Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə insanlara paylanılıb. Həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisində - Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə yol polisi tərəfindən hazırlanmış plakatlar asılıb. Həmçinin, bukletlər paylanılıb.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hazırladığı bu materiallar digər çimərliklərdə də sürücülərə paylanılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin əhəmiyyəti barədə bildirib ki, yay mövsümü ərəfəsində çimərliyə gələrək istirahət edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən tədbirlər həyata keçirilir. Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklər, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır.

V.Əsədov qeyd edib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb: “Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də insanlar arasında maarifləndirmə işləri aparılır. Bu gün Səbail rayonu Şıx çimərliyində və Suraxanı rayonu Hövsan qəsəbəsinsdə yerləşən çimərliklərdə maarifləndirmə aksiyası keçirdik. İnsanlara nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik. Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrinin təlim məqsədilə istifadə olunması da yolverilməzdir”.

Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər