“Azərbaycanda xeyriyyəçilik fəaliyyəti haqqında qanun yoxdur. Müvafiq qanunvericilik olsa, məsələlərin tənzimlənməsi asan başa gələr”.
Teleqraf.com xəbər verir ki, bu sözləri hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov deyib.
Hüquqşünasın sözlərinə görə, ümumiyyətlə, xeyriyyəçilik məsələlərinin tənzimlənməsi üçün Vergilər Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, yerli icra hakimiyyəti orqanları haqqında əsasnamə, Mülki Məcəllə və digər qanunvericilik aktlarında dəyişikliklər edilməlidir.
Bununla belə, Sahib Məmmədov hesab edir ki, xeyriyyəçiliklə məşğul olmaq istəyən şəxsə heç nə bir maneə yaradıla bilməz: “Qanunun yoxluğu bu fəaliyyətin mümkünsüzlüyü anlamına gəlmir. Kimsə xeyriyyə məqsədi ilə məktəb, uşaq bağçası, tibb məntəqəsi tikmək istəyərsə, bunu gerçəkləşdirmək mümkündür.
Misal olaraq, Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə ölkədə qrant layihəsi çərçivəsində infrastruktur layihələri həyata keçirir. Su, qaz xətlərinin, yolların çəkilməsi, məktəblər, tibb məntəqələri, uşaq bağçalarının tikilməsi, təmir-bərpa işləri icra olunur. Bu işlərin görülməsi mərkəzi və yerli icra hakimiyyəti orqanlarıyla razılaşdırılma əsasında yerinə yetirilir”.
Sahib Məmmədov xeyriyyə məqsədilə tikintilərin aparılması qaydasından da danışıb: “Obyektin şəhərin və ya bölgənin hansı ərazisində tikilməsi müvafiq yerli icra hakimiyyəti orqanlarıyla razılaşdırılır, tikinti layihələndirilir. Daha sonra layihə müvafiq orqanların ekpertizasından keçirilir. Həmin orqan layihənin ixtisaslaşmış strukturunu hazırlayır. Tikinti işlərinin sənədləşməsi başa çatır. Obyekti tikəcək şəxs də razılıq əsasında tikinti işlərinə başlayır”.
Ekspert bu zaman qoyulan investisiyanın vergidən azad olub-olmaması məsələsinə də toxunub: “Vergidən azad olunma məsələsi müzakirə predmetidir. Xeyriyyəçilik fəaliyyətiylə məşğul olan şəxsin vergidən azad olunması qanunvericiklə tənzimlənməlidir. Əgər uyğun qanun qəbul olunsa, digər qanunvericilik aktlarına da dəyişiklik edilə bilər”.
Sahib Məmmədov xeyriyyəçilik məqsədilə obyektlərin tikilməsi zamanı müəyyən detallara diqqət yetirilməli olduğunu deyib: “Hesab edək ki, tikintidə fəhlə işləyib, əməkhaqqı alırsa, fiziki şəxslərə ödənilən əməkhaqqı vergilərə cəlb olunmalı, sosial ödəmələr həyata keçirilməli, işçilərin iş zamanı bədbəxt hadisələrin yaşanmaması üçün sığortalanmalıdır.
Azərbaycanda dövlət kommersiya qurumu olan SOCAR yerlərdə xəstəxanalar tikir və başqa infrastruktur layihələr həyata keçirir. Xarici ölkələrin də səfirlikləri qeyri-kommersiya təşkilatları vasitəsiylə belə layihələr icra edir. Xeyriyyəçilik etmək istəyən insan hər bir halda ona yol tapacaq. Heç kəs ona mane olmayacaq. Əksinə, hamı ona dəstək verəcək.
Təəssüf ki, Azərbaycanda daha çox dini obyektlərin tikintisinə yatırım edilir, sonra həmin tikintini bəzən öz nəzarətlərində saxlayırlar. Belə olmalı deyil. Əgər bu, tikinti obyektidirsə, dövlətin müəyyən orqanlarına təhvil verilməlidir. Məsələn, obyektin müvafiq bələdiyyələrin balansına bağışlamaq olar. Yox, tibb məntəqəsidirsə, səhiyyə xidmətini Səhiyyə Nazirliyi təşkil etməlidir”.
Ekspert onu da bildirdi ki, sahibkar və ya başqa şəxs xeyriyyəçilik məqsədilə hansısa müsbət addım atırsa, o bunu məhz “filantropluq” (xeyriyyəçilik) niyyətiylə etdiyini sübuta yetirməlidir:
“Obyekt kommersiya məqsədli tikilibsə, artıq xeyriyyəçilikdən danışmağa dəyməz. Filantropluq məqsədilə obyektlərin inşası həyata keçirilirsə, sonda dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, yerli özünü idarəetmə orqanlarına, müvafiq mərkəzi icra hakimiyyəti orqanına və yaxud icmanın özünə təhvil verilməlidir.
Məsələn, Yaponiya səfirliyi qeyri-kommersiya təşkilatları vasitəsilə infrastruktur layihələr həyata keçirir. Sonra həmin qeyri-kommersiya qurumu obyekti həmin andan etibarən aktla bələdiyyələrə təhvil verir”.
“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev hesab edir ki, müəyyən hüquqi prosedurlar tikiləcək obyektin xeyriyyə niyyətilə olub-olmamasından asılı olmayaraq fərqli baxış ortaya qoyur:
“Xeyriyyəçiliklə məşğul olmaq müsbət haldır. Məqsəddən asılı olaraq isə prosedurlar dəyişir. Obyektin özəl və ya ictimai xarakter daşıması çox önəmlidir. Özəl olaraq tikiləcək obyekt artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq sayılır. Sahibkarlıq üçün akkreditasiya, müəyyən rüsumun ödənilməsi, bu şəxsin obyekti tikəcək maddi gücünün yoxlanılması, lisenziyanın alınması məsələləri gündəmə gəlir.
İctimai məqsədlərdə isə sənədləşmə məsələlərində bu faktorlara ehtiyac yoxdur. Şəxs xeyriyyəçilik etmək istəyirsə, tikdirdiyi obyekti dövlətin balansına keçirməlidir. Məsələn, şəxs, xeyriyyəçilik məqsədilə məktəb tikmək istəyirsə, bu, müvafiq qaydada layihələndirilir, icra hakimiyyətilə razılaşdırılır. Həmin şəxs xeyriyyəçiliyi QHT vasitəsi ilə də həyata keçirə bilər.
Əgər şəxs özü obyekt inşa etmək istəyirsə, bu, artıq özəl iş sayılır və o, sahibkara çevrilir. Buna isə xeyriyyəçilik demək olmaz. Çünki burada məqsəd fərqlidir. Əgər şəxsin hesabında torpaq yoxdursa, dövlət hesabına torpaq ala və obyektini inşa edə bilər. Torpaq ayırma məsələləri yerli icra hakimiyyəti və Əmlak Komitəsiylə razılaşdırılmalıdır”.
Əliməmməd Nuriyevin sözlərinə görə, xeyriyyəçiliyin müxtəlif üsulları var: “Şəxs və ya şəxslər hər hansı tikintiyə maddi vəsaitlə yardım edə və ya ayrıca obyekt inşa edə bilər. Məktəb tikintisi tipik proyektlər əsasında aparılmalıdır. Məsələn, məktəbin struktur quruluşu, yeri və sair plana uyğun olmalıdır. Bunun üçün yeni proyekt hazırlana bilər. Bu proyektlərə uyğun olaraq məktəbin tikintisi müvafiq icra orqanlarıyla razılaşdırılmalıdır.
Xəstəxananın, məktəbin, uşaq bağçasının və sairin hər bir obyektin fərqli xarakteristikası var. Bu işlər yerli icra hakimiyyəti orqanları və ya arxitektura komitəsinin müəyyən strukturlarıyla həyata keçirilir. Tikinti qaydaları da gözlənilməlidir”.