1919-cu il fevral ayının 4-5-6-da baş tutan Azərbaycan Cümhuriyyəti Parlamentinin 12-13-14-cü iclasında müzakirə edilən məsələlərdən biri dəmiryolu qulluqçuları haqqında olur.
Təriq və məabir naziri Xudadad bəy Məlikaslanov çıxışında bildirir:
“... Camaat hümmət etməzsə, hökumətin tədbiri ilə xəyanət qurtarmaz, azalar, amma kəsilməz. Yol camaat malıdır, əhali yola öz yolu kimi baxmalıdır. Dəmir yoluna xəyanət edənlər, dövlətə və camaata xəyanət edirlər, çünki dəmir yolunda nə xeyir varsa, camaatın, nə zərər varsa, o da camaatındır. Biz camaata yazıb bəyan eləmişik ki, dəmir yolunda gördükləri əziyyət və xəyanəti yazıb kağız ilə sənədli-sübutlu bildirsinlər. Əlbəttə, xain qulluqçu heç vaxt qulluqda qala bilməz”.
Xudadad bəyin bu çıxışı Cümhuriyyət qurucularına məxsus bir anlayışın təzahürüdür. Bütün fəaliyyətləri boyunca dövlətin və millətin yolunda fədakarcasına çalışan bu insanlar məhrumiyyətlər, repressiyalar gördülər, amma heç bir zaman doğru bildikləri yoldan ayrılmadılar. Təsadüfi deyil ki, Xudadad bəyin həbsi ilə bağlı sənəddə “əmlakı yoxdur” ifadəsi qeyd olunub.
Xudadad bəy Ağa oğlu Məlikaslanov 1879-cu ilin aprel ayında Şuşanın Tuğ kəndində doğulub. 1899-cu ildə Şuşa realnı məktəbini bitirdikdən sonra Peterburq Yol Mühəndisliyi İnstitutuna qəbul edilib. Beş il sonra həmin ali məktəbi birinci dərəcəli diplomla tamamlayıb. 1901-1904-cü illərdə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olub, sonrakı siyasi fəaliyyətində isə hər zaman bitərəf qalıb.
Ali təhsilini tamamladıqdan sonra Xudadad bəy vətənə qayıtmayıb, mühəndis kimi yarım il Sankt-Peterburqda Voloqda-Petrozavodsk dəmiryolunun çəkilişi idarəsində çalışıb. 1905-ci ildə Tiflisə köçüb, Zaqafqaziya dəmiryolunda mühəndis kimi stansiya rəisinin köməkçisi, ardınca Zaqafqaziya dəmiryolunun Suram aşırımı keçidində yol xidməti rəisi köməkçisi vəzifəsində çalışıb. 1917-ci ilin mart ayında Müvəqqəti hökumətin sərəncamı ilə Xüsusi Zaqafqaziya Komitəsində dəmiryolu üzrə müvəkkil, ardınca Zaqafqaziya Komissarlığında Dəmiryolu Nəqliyyatı Nazirliyi üzrə komissar təyin edilib. Daha sonra Zaqafqaziya Dövlət Federativ Cümhuriyyəti hökumətində dəmiryolu naziri kimi fəaliyyət göstərib.
Cümhuriyyət naziri
Zaqafqaziya Seyminin 44 nəfərlik Müsəlman fraksiyası 27 may 1918-ci ildə Azərbaycan Milli Şurasını yaratdılar. Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə, onun müavinləri Həsən bəy Ağayev və Mirhidayət Seyidzadə, katibləri isə Mustafa Mahmudov və Rəhim ağa Vəkilov seçildilər. Rəyasət Heyətinə Müsavat Partiyasından Məhəmmədəmin Rəsulzadə, Həsən bəy Ağayev, Məhəmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməhəmmədov, Məhəmmədyusif Cəfərov, Sosialistlər blokundan Xudadad bəy Məlikaslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, İttihad partiyasından isə Xosrov bəy Sultanov daxil oldular. Mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin sarayında Həsən bəy Ağayevin sədrliyi altında Azərbaycan Milli Şurasının növbəti iclası keçirildi, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi elan edildi. Xudadad bəy də bu tarixi qərarda iştirak etdi.
Milli Şura 28 may 1918-ci ildəki ilk iclasında Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Cümhuriyyətinin ilk hökumət kabinəsini yaratdı. Xudadad bəy Məlikaslanov təriq və məabir (yollar) və posta-teleğraf naziri təyin edildi. İyunun 19-da Xoyskinin təşkil etdiyi ikinci kabinədə Xudadad bəy bitərəf kimi eyni vəzifədə qaldı.
Ölkədə ərzaq işini qaydaya salmaq və yenidən təşkil etmək üçün 29 iyul 1918-ci ildə nazirlər Ağa Aşurov, Əbdüləli bəy Əmircanov, Xudadad bəy Məlikaslanov və Nəsib bəy Yusifbəylidən ibarət nüfuzlu bir komissiya yaradıldı. Keçmiş Rusiya imperiyası ərazisinə yayılmış ərzaq qıtlığı və aclıqla Azərbaycanda mübarizədə aparılmasında, əhalinin ərzağa ehtiyacının ödənilməsində və ərzağın ədalətlə bölüşdürülməsi sahəsində bu komissiya diqqətəlayiq işlər gördü.
Ağıllı tədbirlər sayəsində Rusiya və Ukraynada özünü dəhşətli şəkildə göstərmiş aclıq və onun nəticəsində kütləvi insan tələfatı Azərbaycanda baş vermədi.
1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti açıldığı zaman Xudadad bəy məclisə daxil oldu. Həmin ilin 28 dekabrında təsdiq edilən üçüncü hökumət kabinəsində yenidən Təriq və məabir naziri oldu. Dördüncü hökumət kabinetində (14 aprel 1919 - 22 dekabr 1919) o yenə də Yollar naziri təyin edildi. Sonuncu-beşinci hökumət kabinetində isə (22 dekabr 1919 – 30 mart 1920) Yollar naziri olmaqla yanaşı müvəqqəti olaraq, ticarət, sənaye və ərzaq naziri vəzifəsini də icra etdi.
Gənc dövlət, kasıb nazir
Xudadad bəyin Parlamentin 1919-cu il 6 noyabr tarixli 93-cü iclasındakı çıxışı Azərbaycan hökumətinin və parlamentinin necə əziyyət çəkdiyini, amma buna baxmayaraq dövlət pulunun həssaslıq və vicdanla xərcləməsini göstərir:
“Keçən iclasda sosialistlər hökumətə bir sual vermişlər ki, nədən ötəri hökumət sədrinin ev əşyası alınmasına 1 milyon pul buraxmışdır? Hökumət tərəfindən cavab vermək istəyirəm. Söz buradadır ki, siz bilirsiniz ki, hökumət üzvləri və nümayəndələrinin o qədər iqtidarları yoxdur ki, öz evləri üçün lazım obstanovkaları alsınlar ki, xaricdən gələn qonaqları da qəbul etsinlər.
Qeyri yerlərdən gələn çox olur. Məsələn, İngiltərədən, İtaliyadan və Fransadan, Amerikadan çox nümayəndələr gəlir. Onları qəbul üçün küçəbəküçə gəzib yer axtarırıq. Ya gəlməmişdən fikir edirik ki, nə yerdə və kimin evində onları qəbul edəcəyik. Hökumət qərar qoymuşdur o cür nümayəndələri qəbul üçün bir ev tədarükündə olsunlar. Onun üçün də hər bir şey alınsın. Əlbəttə, nümayəndə gəldikdə sədr və xariciyyə nazirinə müraciət edəcəkdir.
Sizin özünüzə məlumdur ki, sədrimizin evi burada deyil və o şeylər da alınacaqdır, sədrin olmayıb, hökumətin olacaqdır. Hərgah sədr hökumət başından çıxandan sonra yenə hökumətdə qalacaqdır. Bu qərar da Parlament olmadığı zaman köhnə hökumət tərəfindən qəbul olunmuşdur... Keçən sədr bir neçə şey almışdı. İş başından düşdükdə bizə dedi ki, istəyirsiniz bunların pulunu verim, yaxud məndə əmanət qalsın. O şeylər az olduğu üçün orada buraxdıq... Son zamanlarda, neçə ki, ərz eylədim, gəlib-gedən çoxdur. Biz quru yerdə oturub çörək yeyə bilərik. Amma qonaqlarla belə müamilə etmək olmaz. Hərçəndi bu sosialist nöqteyi-nəzərindən düz gəlməz. Amma biz burjuaznı yerdəyik, onların adəti ilə rəftar etmək lazımdır.
Məsələn, mən Tiflisdə bir əcnəbi nümayəndəsinin yanına getmək üçün sürtuk tapmağa məcbur oldum. Nə isə bu halları nəzərə alaraq, bu şeylərin alınması lazım görüldü ki, nümayəndələr gəldikdə avaraçılıq olmasın”.
Xudadad bəyin həbsi
Azərbaycan Cümhuriyyətinin işğalından sonra Xudadad bəyin siyasi fəaliyyəti ilə yanaşı peşəkar mütəxəssis olması bolşevikləri onunla işləməyə məcbur etdi. O, 1923-1925-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat-tikinti bölməsinin müdiri vəzifəsinə təyin edildi, 1922-1924-cü illərdə Zaqafqaziya Dəmiryolu İdarəsinin üzvü seçildi, 10 ilə yaxın (1921-1930) Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində yol, sənaye, nəqliyyat və tikinti bölməsinin sədri işlədi, 1924-1930-cu illərdə həmin fakültənin dekanı oldu. 1928-ci ildə Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini, 1921-1930-cu illərdə RSFSR və Azərbaycanın bir sıra elmi-texniki mədəni-maarif təşkilatlarının üzvü, üç il (1927-1930-cu illər) SSRİ Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü kimi fəaliyyət göstərdi. 1926-1930-cu illərdə o, həm Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, həm də Zaqafqaziya MİK-nın üzvü idi.
1929-cu ildə Azərbaycan SSR MİK-nın qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna həqiqi üzv seçildi, 1930-cu ildə Azərbaycan Neft İnstitutunun nəqliyyat fakültəsinə rəhbərlik etdi. Çalışdığı sahələrə aid 70-dən çox əsər, dəmiryolu nəqliyyatına aid 3 monoqrafiya yazdı.
Mühacirətdə çap edilən “Kurtuluş” jurnalında verilən məlumata görə, Xudadad bəy Bakıda metro tikilməsini də təklif edib: “Hazırda Bakıda ali mühəndis məktəbində professor olan Milli Azərbaycan hökumətinin sabiq yollar naziri mühəndis Məlikaslanlı Xudadad bəy Bakı Mühəndislər Birliyində elmi bir raport oxuyub. Xudadad bəy raportunda Bakıda tramvayın ümumi ehtiyacı təmin edə bilmədiyini, yeraltı dəmiryol (metro) inşasına ehtiyac olduğunu və bu metronun da London metrosu tipində deyil, Berlin, yaxud Nyu-York metroları tipində olması lazım gəldiyini elmi dəlillərlə izah və isbat edib”.
Bakıda isə metro bu raportdan 33 il sonra çəkilib.
Müsavatçı ittihamı
Amma bunlara baxmayaraq bolşevik rejimi Azərbaycanda gücləndikcə peşəkar mütəxəssisləri, yenə də Azərbaycan üçün çalışmağı özünə məqsəd seçən şəxsləri repressiyaya məruz qoydu. Xüsusilə, Azərbaycan Cümhuriyyəti dönəmində hər hansı bir vəzifədə olmuş şəxslər xalq düşməni və mühacirətdəki müsavatçılarla əlaqədə ittiham olundular. Xudadad bəy də belə bir tale ilə üzləşdi. 1930-cu ilin əvvəlində Azərbaycan SSR XDİK-nın siyasi idarəsi Xudadad bəyi “Azərbaycan Milli Mərkəzinin işi” üzrə həbs etdi. Görünür, onun kimi kadra böyük ehtiyac olduğu üçün 1933-cü ilin ortalarında azadlığa buraxdılar. Xudadad bəy həmin ilin sentyabrın 1-dən Azərbaycan Nəqliyyat İnstitutunda dəmiryolu və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedralarına rəhbərlik etdi. Amma bolşeviklər xislətlərini çox gizlədə bilmədilər. 1934-cü ilin avqust ayında Xudadad bəy əks-inqilabi, millətçi təşkilatın üzvü ittihamı ilə yenidən həbs olundu.
Xudadad bəy 1935-ci il iyulun 23-də həbs düşərgəsində dünyasını dəyişdi. Stalinin ölümündən sonra, 1959-cu ildə bir çox haqsız qurbanlar kimi bəraət aldı.
Qaynaq:
1. “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafik hesabatlar. I və II cild”. Bakı, 1998
2. İradə Əliyeva, “Xudadad bəyin acı taleyi”, “Azərbaycan” qəzeti, 2013, 29 avqust,№ 188
3. Lətif Şüküroğlu, “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, Bakı, 2000
4. Nəsiman Yaqublu, “Cümhuriyyət qurucuları”, Bakı, 2018
5. “Kurtuluş” dərgisi, 1934, sayı 2