Gürcüstanın Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Qaçağan kənd sakini Əflatun Əlyevə məxsus 12 baş iri buynuzlu mal-qara oğurlanıb.
Bu barədə Marneuli Bələdiyyə məclisinin üzvü, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Azad Kərimov məlumat verib.
Onun sözlərinə görə, hadisə dörd gün öncə baş verib: “Kənd sakinləri və polis dörd gündür itən mal-qaranı axtarır. Amma hələ heç bir nəticə yoxdur. Hadisə ilə bağlı Marneuli rayon rəhbərliyinə də müraciət olunub”.
A.Kərimov bildirib ki, fermer mal-qaranın Ermənistan tərəfinə keçdiyi və orada erməni sərhədçiləri tərəfindən oğurlandığını iddia edir: “Analoji hadisə ötən il də baş verib. Ermənistan sərhədçiləri azərbaycanlıya məxsus 15 baş iri buynuzlu mal-qaranı oğurlayıblar. Gürcüstan Daxili İşlər Nazirliyinin müdaxiləsindən 12-13 gün sonra mal-qaranın 14-ü qaytarıldı”.
Bələdiyyə üzvü qeyd edib ki, borcu olan Ə.Əliyev oğurlanan mal-qarasının böyük hissəsinin geri qaytarılacağına ümid edir.
A.Kərimov əlavə edib ki, Gürcüstanda Ermənistanla sərhəddə azərbaycanlıların yaşadığı kəndlərdə bu cür insidentlər tez-tez baş verir: “Ermənistan sərhədçiləri bir neçə ay öncə at və bir neçə mal-qara da oğurlayıblar. Nəticədə kənd sakinlərinə böyük zərər dəyib”. /report/