“Biz gənclərimizə böyük inamla yanaşırıq, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir.”
Teleqraf.com xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşdə deyib.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: “Bu, təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlət, istər cəmiyyət, istər də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan gəncləri yaxşı təhsil almalıdır: “Biz istəyirik ki, Azərbaycan gəncləri yaxşı təhsil alsın, gözəl biliklərə yiyələnsin, Vətənimizin inkişafı naminə ləyaqətlə xidmət etsinlər. Eyni zamanda istəyirik ki, gənclərimiz sağlam böyüsünlər, idmanla, bədən tərbiyəsi ilə məşğul olsunlar. Ona görə bu kompleks gənclərin idmanla məşğul olmalarına hər cür şərait yaradır. Bizim bu layihənin məqsədi ondan ibarətdir ki, gənclərimiz öz istəklərinə uyğun olaraq ayrı-ayrı idman növləri ilə, bədən tərbiyəsi ilə məşğul olsunlar. Biz idman federasiyaları ilə birgə gənclərimizə bu imkanları təmin edəcəyik”.