Düz 2 il yarım əvvəl Azərbaycan dövlətçiliyi tarixində çox mühüm bir yenilik baş verdi. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olundu. Bu, ölkəmizin siyasi idarəçilik tarixində yeni olmaqla barəbər, həm də mühüm bir addım idi.
Bu təyinatla əlaqədar nitqində Prezident İlham Əliyev bildirmişdi ki, Mehriban xanımın çoxşaxəli, eyni zamanda uğurlu fəaliyyəti onun bu qərarı qəbul etməyində əsas rol oynayıb: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.
Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir.
Gənc nəslin tərbiyə olunmasında milli mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur. Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.
Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təyinata qədər Mehriban Əliyeva 2004-cü il may ayının 10-dan etibarən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, millət vəkili kimi fəaliyyət göstərirdi və bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, xalqımızın maddi rifahının yaxşılaşdırılması, sağlam, təhsilli Azərbaycan cəmiyyətinin formalaşması naminə xeyli işlər görmüşdü.
Belə ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə çatdırılması işində mühüm nailiyyətlərə imza atmışdı.
Bu danılmaz faktdır ki, bu gün Azərbaycanın hər bir bölgəsində təhsil müəssisələri əsaslı şəkildə bərpa edilib və ya yenidən inşa edilib. Fondun reallaşdırdığı “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar çərçivəsində Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə xeyli işlər görülüb.
2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalar yaradılıb.
Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə respublika üzrə bir sıra uşaq bağçaları əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib, həmçinin məktəbəqədər müəssisələrə mütəmadi olaraq müxtəlif əyani vəsaitlər paylanılır.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Bu sırada Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası, Gürcüstanda həyata keçirilən layihələr və bu kimi digər addımlar Fondun xoş məramının göstəricisidir.
Ötən müddət ərzində Heydər Əliyev Fondu səhiyyə sahəsində görülən işlərə də hər zaman öz dəstəyini verib. Fond tərəfindən həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr bunun bariz göstəricisidir. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilib. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixo-nevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev Fondunun bu sahədə reallaşdırdığı layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya-Herseqovinada, Rusiyada, Gürcüstanda icra edilən layihələri buna misal göstərmək olar.
Mədəniyyət sahəsində əldə olunan nailiyyətlərdə də Heydər Əliyev Fondunun xidmətləri göz qabağındadır. Tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsi bu sahədə görülən işlərin bir qismidir. Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, “Qu quşları” fəvvarə kompleksinin bərpası, Müasir İncəsənət, “Tullantıdan sənətə”, “XX-XXI əsr Azərbaycan rəngkarlığı”, Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun mədəniyyət sahəsində gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir. Bundan başqa Fondun təşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, “Muğam aləmi”, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, çoxlu sayda konsertləri xüsusi qeyd etmək lazımdır. 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə Heydər Əliyev Fondunun yüksək tərəfdaşlığı ilə bu müsabiqəyə uğurla ev sahibliyi etdi.
Ötən il Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı da mühüm və yaddaqalan tədbirlərdən biri oldu. Məhz bütün bu işlərə görə Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanı mədəniyyətimizin hamisi kimi qəbul edir.
Azərbaycan mədəniyyətinin dünyada təbliğinə gəlincə, Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda dünyanın bir sıra digər ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Fransanın paytaxtında Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını və s. qeyd edə bilərik.
Dünya mədəni irsinin bərpası və qorunması işinə mühüm töhfələr verən Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsi, Versal Sarayının parkındakı “Amazonka” və “Qulpları favn başları ilə bəzədilmiş vaza”, Fransada X-XII əsrlərə aid 7 kilsə, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri həyata keçirilib. Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak edib, həmçinin İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulub. Bundan başqa Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” əsasında Fond tərəfindən xristian aləmi üçün ən mühüm abidələrdən olan katakombaların bərpası işində yaxından iştirak edib.
Qeyd etdiyimiz kimi, 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən ləyaqətlə gəlməkdə davam edir. Ötən müddət ərzində başda Mehriban xanım Əliyeva olmaqla, Birinci vitse-prezidentlik institutunun gördüyü işlər bunu təsdiq edir. Tərəddüd etmədən demək olar ki, Azərbaycanda qısa müddət ərzində Birinci vitse-prezidentlik institutu özünü doğrultmuşdur.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi Qaçqın və Məcburi Köçkünlərin mənzil- məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atdığı ardıcıl addımlar sayəsində artıq 1000 ailə yeni mənzilinə qovuşub. Bundan əlavə 2018-ci ildə Qaradağ, Sumqayıt, Kürdəxanı və Pirallahı ərazilərində məcburi köçkünlər üçün inşa ediləcək 4 qəsəbəyə də qəzalı binalarda yaşayan məcburi köçkünlər köçürüləcək. Planda Heydər Əliyev Fondu tərəfindən 2 mindən çox mənzilin alınması da var.
Ötən müddət ərzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mühüm layihələrdən biri də 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunması oldu. Hər birinə fərdi yanaşma nümayiş etdirilərək, fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və fərdi tələbləri əsasında aprel döyüşlərinin xəsarət almış qəhrəmanları yüksək texnologiyalara əsaslanan müasir protezlərlə təmin edildi. Bununla dövlət vətənin azadlığı uğrunda sağlamlığını itirən heç bir hərbçisini diqqətdən kənarda qoymadı, onların hər biri Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olundu.
Birmənalı şəkildə deyə bilərik ki, 2017-ci ilin fevralında Birinci vitse-prezident kimi fəaliyyətə başlayan Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. O, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri də ötən dövrün ən yaddaqalan uğurlarındandır. Səfərin proqramı, görüşlərin səviyyəsi, imzalanan siyasi və iqtisadi məzmunlu sənədlərin mühümlüyü belə deməyə əsas verir. Qətiyyətlə demək olar ki, Mehriban Əliyevanın Paris səfəri Birinci vitse-prezidentlik institutunun fəaliyyətinin yeni mərhələyə keçidi oldu. Belə ki, bu səfərə qədər daha çox sosial, humanitar və mədəniyyət sahəsində layihələr diqqəti çəkirdisə, bu səfərlə Mehriban Əliyevə dövlətlərarası münasibətlərə, Azərbaycan və Avropa institutları arasındakı siyasi-iqtisadi əlaqələrə yeni töhfələr vermiş oldu.
Təsadüfi deyil ki, siyasi müşahidəçilər də Birinci vitse-prezidentlik institutunun bütün parametrlər üzrə Prezident İlham Əiyevin yeni dövr üçün siyasi kursunda onun mühüm köməkçi faktoru kimi öz yerini aldığını vurğulayırlar. Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılması Prezidentlik institutunu daha da gücləndirib və idarəetmədə operativ və effektiv mərhələ başlanıb.
Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən qısa müddətdə əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb.
Azərbaycan cəmiyyəti isə Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətinə böyük maraq göstərməkdə davam edir. İnsanlar inandıqları, etimad bəslədikləri Mehriban xanım Əliyevanın bu məsuliyyətli vəzifədə Azərbaycan naminə fədakar fəaliyyətini təqdir edirlər.