Borsunlu kəndi Tərtər rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindədir. Yüksək olmayan dağ silsiləsinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşən bu kənd Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü başlayandan düşmən qarşısında məğrur dayanıb. Düşmənə qarşı igidliklə döyüşən kənd sakinlərindən 6 nəfəri şəhid olub. İşğal altında olan Talış kəndinin yaxınlığında yerləşən Borsunlu vaxtaşırı düşmənin atəşinə məruz qalsa da, bu, yurda, torpağa bağlı kənd sakinlərini qorxutmur. Kənddə həyat öz axarı ilə davam edir.
Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Tərtər rayonunun digər cəbhəyanı kəndləri kimi Borsunluda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Kəndin icra nümayəndəsi Xaləddin Qarayev söhbət zamanı bildirib ki, əhalisi 1200 nəfər, ərazisi 3175 hektar olan kənddə poçt, klub, kitabxana, tam orta məktəb fəaliyyət göstərir. Kənddə evlərə içməli su xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Mənzillər telefon xətləri və internetlə təmin olunub. Kəndin mərkəzi küçəsində gecə işıqlandırma sistemi quraşdırılıb. Bu il əhalinin rayon mərkəzinə və digər rayonlara gediş-gəlişini yaxşılaşdırmaq üçün kənd ilə Gəncə-Tərtər magistral yolunu birləşdirən avtomobil yolu yenidən qurulub. Əkinlərin suvarma suyuna tələbatının ödənilməsi üçün subartezian quyusu qazılıb.
Borsunlu qədim yaşayış məskənidir
Borsunlu kəndi Tərtər rayonunun ən qədim yaşayış məskənlərindəndir. Kənd sakini Fazil Qədimov deyib ki, Borsunlu kəndinin adı qədim barsil–xazar boyları ilə bağlıdır. Borsunluda əhalinin məskunlaşması tarixi 1000-1200 ildən çoxdur. Kənddəki XIII-XIV əsrlərə aid qəbirüstü abidələr buranın yaşayış məskəni kimi qədimliyini sübut edir. Dünya əhəmiyyətli Borsunlu kurqanlarının tarixi isə daha qədimə - tunc və ilk dəmir dövrünə aid edilir.
Məşhur Borsunlu ənciri
Respublikamızın hər guşəsi adı dillər əzbəri olan nemətlərlə zəngindir. Quba alması, Lənkəran-Astara sitrus meyvələri və çayı, Sabirabad qarpızı, Gədəbəy kartofu, Göyçay narı ilə tanındığı kimi, Tərtərin Borsunlu kəndi də özünün ənciri ilə məşhurdur. Borsunlu ənciri nəinki Tərtər rayonunda, eləcə də ölkəmizin bütün regionlarında tanınır. Kənd sakinlərinin əsas qazanc mənbələrindən birini də məhz əncirin satışı təşkil edir. Odur ki, Borsunluda əncir ağacı olmayan ev, həyət yoxdur.
Borsunlu sakini Şəfiqə Qədimova kənddə bir çox meyvələrin yetişdiyini desə də, onların arasında əncirin xüsusi yeri olduğunu bildirib: "Borsunlu əncirinin digər əncirlərdən fərqi tumsuz və şirin olmasındadır. Bu əncirdən bişirilən mürəbbə daha gözəl olur. Ona görə də ölkəmizin bütün rayon və şəhərlərində yaşayan xanımlar Borsunlu əncirinin meyvəsindən mürəbbə bişirmək istəyirlər. Borsunlu əncirinin qurusu da gözəldir. Min bir dərdin dərmanıdır. Biz kənd sakinləri həm əncirin meyvəsini dərib satırıq, həm də quruduruq, mürəbbəsini bişiririk".
Cəbhə kəndində əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir
Borsunlu kəndində əhalinin əsas məşğuliyyət növləri heyvandarlıq və əkinçilikdir. Kənddə 5 min baş xırdabuynuzlu, 600-a yaxın iribuynuzlu heyvan saxlanılır. Sərsəng su anbarının işğal altında qalması əkin sahələrinin suvarılmasında çətinliklər yaradıb. Hazırda əhali İncə çayı və subartezian quyusu vasitəsilə əkinlərin suvarılmasını həyata keçirir.
Bu il Borsunlu kəndində 117 hektar buğda, 163 hektar arpa becərilib, hər hektardan 36 sentner məhsul götürülüb. Kənddə iki ildir ki, baramaçılıq da inkişaf etdirilir. Bunun üçün 1000 ədəd tut tingi əkilib. Bu il 430 kiloqram barama istehsal edilib. Bundan başqa, kənd sakinləri 165 hektarda günəbaxan, 230 hektarda yonca, 10 hektarda çuğundur, 5 hektarda pambıq əkiblər.
Kənddə olduğumuz vaxt sakinlər tarla işləri ilə məşğul idilər. Kənd əməkçiləri günəbaxan və şəkər çuğunduru yığır, pambıq sahələrində son becərmə işləri aparırdılar. Söhbət etdiyimiz hər bir sakində nikbinliyin, əməksevərliyin və yüksək əhval-ruhiyyənin şahidi olduq./Azərtac/