Mehriban Zeynalova: “Qadının tək qalması, diqqətdən uzaq olması ailənin müqəddəratına təsirsiz ötüşmür”
Rusiyada qeyri-leqal əmək miqrantları ilə mübarizə aparmaq məqsədilə hazırlanan qanunun qəbul olunmasından bir ildən artıq vaxt ötür. Qanuna əsasən, Rusiya ilə vizasız rejimə malik ölkələrin vətəndaşları 180 gün ərzində Rusiya ərazisində yalnız 90 gün qala bilirlər. Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunur. Əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur.
Bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilmirlər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.
Amma bu qadağalar da Rusiyaya işləmək üçün üz tutan soydaşlarımızın ora axınına ciddi təsir etməyib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ailələr maddi sıxıntı üzündən müxtəlif yollarla Rusiyaya gedə bilirlər və bundan ən böyük zərər çəkən isə qadınlar olur. Sosioloqlar da son illər çoxalan boşanma hadisələrinin və ailədaxili münaqişələrin kökündə dayanan səbəblərdən birinin məhz miqrasiya ilə bağlı olduğunu deyirlər.
“Qadınlar çıxış yolu tapmaqda çətinlik çəkir”
Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti Adil Əsədovun sözlərinə görə, Azərbaycan ailələri tarixən mühafizəkar quruluşlu olsalar da, son illər bu ənənələr deformasiya olunub: “Xarici ölkələrlə əlaqələr, inteqrasiya prosesi və ələlxüsus da kapitalizm cəmiyyətinin xüsusiyyətləri ailə modelinə də təsirsiz ötüşmədi. Biz istəməsək belə, cəmiyyətdə baş verənləri ailəyə daşıyırıq və nəticədə bu, münasibətlərə, illərlə qorunan ənənələrə təsir edir. Əslində heç nə əbədi deyil, o cümlədən ənənə və qaydalar. Bundan başqa, köhnə dəyərlərlə yaşamaq insanı cəmiyyətdən kənarda saxlayar ki, bunun özü də başqa bir problem deməkdir. Bizim çıxış yolumuz şəxsi həyatımızda və cəmiyyətdə müsbət nəticələr verəcək yeniliklərin tətbiqinə can atmaqdır. Hər kəs müsbət nəticəni düşünərsə, bu dönəmdən uğurlu çıxmaq olar. Təbii ki, müsbət nəticə boşanmaların sayının çoxalması, cəmiyyətin deqradasiyaya uğraması yox, onun əksi olmalıdır”.
Filosof əvvəllər Azərbaycanda iqtisadi ağırlığın daha çox kişilərin üzərinə düşdüyündən və qadınlar çalışmadığından boşanma, miqrasiya kimi məsələlər ortaya çıxan zaman xanımların daha çox əziyyət çəkdiyini deyir: “Bu qadınların bəziləri evlənənə qədər işləyib. Evlənəndən sonra ərlərinin xaricə gedib daha çox pul qazanacağı ehtimalı ilə və ya uşaqlara baxmaq səbəbi ilə işlərini buraxıblar. Bəzilərinin isə, ümumiyyətlə, peşə təhsili yoxdur. Ona görə də qadınların çoxu vəziyyətdən çıxış yolu tapa bilməkdə çətinlik çəkirlər”.
“Həyəcan təbili çalmağın vaxtıdır”
Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ekspertlər də məişət zorakılığından əziyyət çəkən xanımların bir qisminin məhz ərləri miqrant həyatı sürənlər olduğunu deyirlər.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, kişilərin miqrant həyatı yaşaması təkcə qadınların deyil, ümumilikdə cəmiyyətin problemidir və bu ailə münasibətlərində soyuqluq yaratmaqla bərabər, cəmiyyətdə anormal hadisələrin yaranmasına rəvac verir: “Ailədə kişi faktorunun olmaması yarımçıq ailə deməkdir. İllərlə üzünü görmədiyi bir insan qadın tərəfindən də, uşaqlardan da soyuq münasibət görür. Bir ailənin üzvü olsa da, insanlar bir evdə yad kimi olurlar. Qadınlar iqtisadi cəhətdən çətinliklə üzləşirlər. Əvvəl kişilər getdikləri ölkədən pul göndərirdilər. Hazırda isə məlum olduğu kimi, istər bizim kişilərin daha çox üz tutuduğu Rusiyada, istərsə də digər xarici ölkələrdə miqrasiya qaydalarının sərtləşdirilməsi qazanca da təsir edib. Xaricə üz tutmağın qazanc üçün müsbət tərəfləri olsa da, mənfi tərəfləri ondan da çoxdur. Miqrasiya əvvəl ona görə sərfəli idi ki, ölkəyə pul axını gəlirdi, hazırda isə vəziyyət başqadır”.
Müsahibimiz deyir ki, miqrasiyanın digər təsiri sırf psixoloji məqamlarla bağlıdır: “Yəni ailə üzvlərinin və xüsusən də qadının tək qalması, diqqətdən uzaq olması ailənin müqəddəratına təsirsiz ötüşmür. Arzuolunan hal olmasa da, bu, bəzən tərəflər arasında xəyanət hallarına qədər gəlib çatır. Bu, etibarsızlıq, xəyanət hallarının çoxalmasına səbəb olur. Miqrant ailələrində belə hallar çox olur. Nəticədə aqressiv münasibətlər formalaşır və bu təkcə ailənin içində qalmır, bu böhranın bir ucu da cəmiyyətdə fəsadlara gətirib çıxarır. Əldə etdiyimiz məlumata görə, bu və ya digər səbəblərdən ərini qətlə yetirərək həbsxanaya düşən qadınların sayı artıb. Bu barədə həyəcan təbili çalmağın vaxtıdır”.
“Qanun qəbul olundu, amma...”
Qadınların iqtisadi vəziyyətinin düzəldilməsinin vacib olduğunu deyən ekspert, bu sahədə proqramlar hazırlanmasına ehtiyac olduğunu bildirdi: “Ayrıca mərkəzlərin açılması çox vacibdir. Vətəndaş cəmiyyətinin bunu etməyə vəsaiti yoxdur, iş adamları isə sərmayə yatırmağa maraqlı deyillər. Ailə institutu ilə bağlı beyin mərkəzi olmalıdır. Yəni bilik, elm fondu yaradıldığı kimi ailə fondu da təsis edilməlidir. Bu məsələ artıq aidiyyəti qurumları narahat etməlidir. Baxmayaraq ki, ”Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi qəbul olundu. Amma orada həyata keçirilməsi nəzərdə tutulan məsələlər vardı ki, onlar hələ də açıq qalır. Milli Fəaliyyət Planı qəbul olunmalı idi, lakin hələ təsdiq olunmayıb. Azərbaycan Avropa Şurasının məişət zorakılığının qarşısının alınması ilə bağlı konvensiyaya qoşulmaq istəmir. Düzdür, burada bəzi nüanslar var ki, bizdə qəbul olunan hal deyil, ancaq heç bir konvensiya hansısa ölkəyə nəyisə məcbur edə bilməz. Sənədin özündə də göstərilir ki, müəyyən ənənələri məcburi dəyişmək olmaz. Düşünürəm ki, Azərbaycan bu konvensiyaya qoşulmaqla ailə institutu ətrafında yaranan bəzi problemləri həll edə bilər".
Mehriban Zeynalova miqrasiya probleminin təkcə ailədaxili münasbətlərə təsir etmədiyini, eləcə də genefond üçün ciddi fəsadlara yol açdığını deyir. Onun sözlərinə görə, xaricə, əsasən də Rusiyaya gedən kişilərin bir qismi oradan həm də potensial HİV, QİÇS daşıyıcısı olaraq geri dönür.
Naibə Qurbanova