Bu gün Modern.az saytının 10 yaşı tamam olur.
Axar.az Modern.az saytının rəhbəri Elşad Eyvazlı ilə müsahibəni təqdim edir:
- Modern.az-ın Azərbaycan mediasında yerini necə dəyərləndirirsiniz? Saytınız Azərbaycan mediasında nəyə nail olub?
- Azərbaycan mediasındakı yerimiz, rolumuz nədən ibarətdir - bu barədə kifayət qədər danışa bilərəm. Sadəcə, öz işimizə özümüzün qiymət verməyi obyektiv qəbul edilməz. Bunu ən yaxşı oxucular və jurnalistlər deyə bilər. Yalnız onu deyə bilərəm ki, bu illər ərzində öz işimizlə hər kəsin qarşısında alnıaçıq, üzüağ olmuşuq. Gücümüz çatan qədər jurnalist peşəkarlığı ilə işlədik.
Təəssüf ki, hələ bir sıra planlarımızı həyata keçirə bilməmişik. Bu da bizi məyus edir. Ümumilikdə onu deyə bilərəm ki, bu vaxta qədər jurnalist peşəkarlığından, milli maraqlardan kənarda fəaliyyətimiz olmayıb.
Ümumiyyətlə, mən Modern.az-ı 10 yaşlı uşağa bənzədirəm. 10 yaşlı uşaq hələ ki, çox şeyi özü edə bilmir, onu valideynləri böyüdür. Ona görə də hesab edirəm ki, 10 yaşlı uşağı valideynləri təbrik etməlidirlər. Bizim bu yaşa gəlməyimiz Azərbaycan cəmiyyətinin dəstəyinə bağlıdır. Bu dəstək də ondan ibarətdir ki, cəmiyyət yazı, müsahibə və reportajlarımızı oxuyur. İctimai-siyasi rəyin formalaşmasında rolumuz varsa, bu da oxucuların sayəsində baş verib. Onların hər birinə təşəkkür edirəm.
- Gələcəyə yönəlik planlarınız nədən ibarətdir? Dəyişikliklər, yeniliklər gözlənilirmi?
- Elə bir zamanda yaşayırıq ki, hər saniyə dəyişikliklər var. Xüsusilə internet məkanında olub bu dəyişikliklərə qoşulmasan, dəyişiklikləri əxz eləməsən, geridə qalacaqsan. Ona görə də yeniliklər etməyi planlaşdırırıq.
- Yeniliklər nədən ibarət olacaq?
- Hazırda yeni bir sayt üzərində işləyirik. Bu sayt həm forma, həm də məzmunca Azərbaycanda bir ilk olacaq. Amma xahiş edirəm, saytın adını və təyinatını soruşmayın. Fəaliyyətə başlayanda hər biriniz görəcəksiniz.
Bildiyiniz kimi, biz Modern.az-la kifayətlənməmişik. Təhsil portalımız aza.edu.az da fəaliyyət göstərir.
- Yeni yaradılacaq media qurumunda kimlərlə işləməyə üstünlük verəcəksiniz?
- Biz fəaliyyətə başlayandan bu günə qədər baş redaktor Əfqan Qafarlı istisna olmaqla, bir nəfər də olsun stajlı jurnalistimiz olmayıb, bundan sonra da olmayacaq. Biz daha çox gənclərlə işləməyə üstünlük veririk. Yeni saytımızda da demək olar ki, daha çox gənclər çalışacaq.
- Yeni yaşında Modern.az-a nə arzulayırsnız?
- Bizim saytımız Azərbaycan mediasının kiçik bir hissəsidir. Jurnalistikamıza, o cümlədən Modern.az-a jurnalist peşəkarlığı, şərəflə çalışmaq, milli maraqlardan sapmamaq, dedi-qodulardan, sifarişli yazılardan uzaq olmağı arzulayıram.