31 Avqust 2019 22:44
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub.

Teleqraf.com xəbər verir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, müəssisələrin pavilyonları ilə tanış olub.

Qeyd edək ki, layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Avqustun 30-dan başlayan festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif tədbirlər keçirilib.

Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər.

Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları olub. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.

Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti təqdim edilib.

Bununla da ikigünlük festival başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər