2 Sentyabr 2019 12:28
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan Dövlət Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova teatrın direktoru İftixar Piriyevin açıqlamasına cavab verib. İftixar Piriyev aktrisadan qohumlarının imtina etdiyini bildirmişdi.

Teleqraf.com-a məktubla müraciət edən Şəbnəm Cəbrayılova haqqında deyilənlərin əsassız olduğunu qeyd edib:

“İftixar Piriyevin açıqlamasında mənim kimsəsiz olduğumu, yaxın qohumlarımın məndən imtina etdiyini və mənə valideyn qayğısı göstərdiyini deyib. Əgər yaxın qohumlarım imtina etmişdilərsə, bəs məni kim böyüdüb? İftixar Piriyev hardan bilir ki, qohumlarım məndən imtina edib? Mənə əziz olan qohumlarıma böhtan atmaqla nə demək istəyir?

İftixar Piriyev “valideyn qayğısı göstərmişəm, maddi yardım etmişəm” deyir. Hansı valideyn qayğısından danışır? Sayəsində başıma bu iş gələndən sonra (aktrisa hamiləliyinin pozulması ilə bağlı teatr direktorunu günahlandıraraq məhkəməyə müraciət edib-red.) 6 il bir yerdə işlədiyi aktrisaya bir dəfə zəng edib halına yanıb, ürək-dirək veribmi?

Açıqlamada heç olmasa yalandan olsa da, uşağımı itirdiyimin ona pis təsir etdiyini söyləyə bilərdi. Bunu da bacarmadı”.

Şəbnəm Cəbrayılova məktubda İftixar Piriyevin ona maddi yardım göstərməsi ilə ə bağlı dediklərini də yalan adlandırıb:

“Hansı maddi yardımdan danışır? Dövlətin mənə verdiyi əmək haqqından? Bəli, məhz dövlətin verdiyi əmək haqqından danışır. Aldığımız maaşı həmişə o öz adına çıxıb, “Sizi işə mən götürmüşəm, sizə çörəyi mən verirəm” söyləyib, boynumuza minnət qoyub.

İftixar Piriyev "Hamilə olduğunu bilsəydik, onu qastrollara məcburi göndərməzdik” deyib. Bununla mənə şiddət göstərdiyini etiraf edib”.

Aktrisa teatrda baş rolların ifaçısı olduğunu xatırladıb: “Heç bir inzibati cəzası olmayan, demək həm də intizamlı aktrisanın birdən-birə 15 gün işə gəlməməsi ilə teatrın direktoru niyə maraqlanmayıb? Fəxrlə dövlət statuslu teatra direktor olmağı söyləmək yox, o vəzifənin tələblərinə əməl etmək lazımdır.

Həmin dövr ərzində animator kimi fəaliyyət göstərməyim barədə dedikləri də ağ yalandır. Ümidvaram bu böhtan və yalanı məhkəmədə sübut edə biləcəm”.

Şəbnəm Cəbrayılova İftixar Piriyevin Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən töhmət almış yeganə teatr direktoru olduğunu vurğulayıb.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər