2 Sentyabr 2019 17:08
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanuna dəyişikliklər nəzərdə tutulubsa, demək, bu subyektiv yanaşma deyil və şübhəsiz ki, burada hansısa əsaslandırılmış məqamlar var. Sözün doğrusu, mən təkcə bu qanuna deyil, bütövlükdə “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsini və bununla bağlı xüsusi bir qurumun yaradılmasını arzulayıram.

Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Türkiyədə və dünyanın bir sıra digər ölkələrində presedentlər var:

“Reklamlar istisna olmaqla başsağlıqları, elanlar və bu qəbildən olan digər məlumatlar ayrıca bir qurum tərəfindən verilir və ya ayrı-ayrı mətbuat orqanlarına yönəldilir. Bu da kütləvi informasiya vasitələrinin inkişafı üçün əlavə stimulverici faktor olur. Əgər dövlət tərəfindən birbaşa maliyyələşən mətbuat orqanlarından söhbət gedirsə, şübhəsiz ki, burada başsağlıqlarının dərc edilməsinin xüsusi olaraq yasaqlanmasının nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki məsələn, hansısa bir rəsmi mətbuat orqanının əməkdaşının yaxın qohumu rəhmətə gedibsə ona həmin mətbuat orqanında başsağlığı verilməsinə necə qadağa qoymaq olar?! Amma ümumən, bütövlükdə məsələnin mahiyyətini, nə demək olduğunu anlayıram. Bütövlükdə dini mərasimlər, yas mərasimləri, insanların acısı üzərindən vəsait qazanılması ilə bağlı bir çox məsələlərin aradan qaldırılması kontekstindən qanuna belə bir müddəanın əlavə olunmasını anlayışla qarşılayıram”.

E.Mirzəbəyli qanun layihəsinə dəyişikliyə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun bu qədər sərt şəkildə etiraz etməsinin səbəbinin nədən ibarət olduğunu başa düşmədiyini vurğulayıb:

“Yəni, bu ümumi bir yanaşmadır. Fərdi olaraq “Azərbaycan” qəzetinə və digər mətbuat orqanlarına olan yanaşma deyil. Düşünürəm ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov öz cavabında bu məsələ ilə bağlı bütün məqamlara, onun mahiyyətinə aydınlıq gətirmişdi. Amma söhbət əgər məsələnin qanunvericilik müstəvisində həllindən gedirsə, buna fərdi formada hər hansı etirazın ortaya çıxması nəticə etibarilə reallığı dəyişməyəcək. Əgər reallığı dəyişməyəcəksə, sözsüz ki, bu barədə danışmağa dəyməz. Çünki bu yanaşmanın təməlində konkret olaraq “Azərbaycan”, yaxud hər hansı mətbuat orqanına qarşı qəbul olunan qərardan deyil, bütövlükdə yas mərasimlərindən, insanların ağrı-acısına münasibətdən gedir. Yəni, bütövlükdə bu məsələnin üzərindən kimlərinsə maliyyə vəsaiti qazanmasından gedir. Mənə elə gəlir ki, bu, humanist yanaşmadır. Bu yanaşmanı müsbət qarşılamaq lazımdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər