Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edib, qarşılığında isə onlara heç bir problem olmadığını bildiriblər.
Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova iddiaların həqiqətə uyğun olmadığını deyib:
"Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir, daha dayanıqlı internet şəbəkəsinin qurulması üzrə işlər həyata keçirilir.
Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə açıqlamasında bu məsələyə iki aspektdən yanaşmağın zəruriliyini qeyd edib:
"İnterneti iki üsulla əldə etmək mümkündür - telefon xətti və ya optik yolla. Korlanmış telefon xətti internetin sürətinə kifayət qədər təsir göstərə bilər. Yox, əgər optik üsuldan istifadə edirsinizsə, o zaman internetin sürətinin zəifliyi 100 faiz provayderlərdən asılıdır"./Oxu.az/