Sanki məhbusuq, ya da əsirik, salıblar bizi buraya. Çox sərt, hətta kobud davranırlar. Zahirən təhqiredici heç nə demirlər, amma bütün davranışları bizi aşağılamağa yönəlib. Burada qalmaq istəmirəm. Azərbaycandan gəlmək istəyənlərə isə deyirəm: gəlməyin buralara, yazıqsınız!
Almaniyanın Düsseldorf şəhərinin yaxınlığındakı Ratingen qaçqın-miqrasiya mərkəzində yaşayan Mətanət Dadaşova belə deyir.
Almaniyada federal hökumətin qərarı ilə sərhəddə yoxlamaların və nəzarətin sərtləşdirilməsi rejimi daha 8 ay uzadılıb. Daxili işlər naziri Tomas de Mezyerin dediyinə görə, pasport yoxlamalarının sərtləşdirilməsinə ciddi ehtiyac var.
"Alman hökumətinin sərhəddə pasport yoxlamalarını artırmasının səbəbləri hazırda 200-dən çox terrorçunun Avropada gizlənməsi, eyni zamanda qanunsuz miqrasiya ilə bağlıdır", - de Mezyer söyləyib.
Son iki ayda Almaniyaya daxil olmaq istəyən 1285 miqrant saxlanılıb və geri qaytarılıb. Onların arasında 18 nəfərin Avropa Birliyinə daxil olan bu və digər ölkədə axtarılan kriminal elementlər olduğu aşkarlanıb.
Yeni dəyişikliklərə və qərarlara görə, Almaniyada sığınacaq almış miqrantlar və mühacirlər belə "ausvays"larında, yəni şəxsiyyət vəsiqələrində xüsusi qeyd varsa, ölkəni tərk edə bilərlər. Almaniyaya daxil olan mühacirin və ya bu ölkədə yaşam izni almış adamın vəsiqəsində "bundesveyt", yəni gəzinti icazəsi varsa, o da Avropanın başqa ölkələrinə gedə bilməyəcək.
Yasaqları pozanları 600 avroyadək cərimə gözləyir. Pozuntu təkrarlanarsa, cəza dəfələrlə ağırlaşacaq.
Kimlər sığınacaq ala bilər?
Almaniyaya axışan miqrantların "mənbə ölkələri" əsasən Suriya, Eritreya, İraq, Əfqanıstan, İran, Bolqarıstan, Rumıniya, Albaniyadır.
Azərbaycan illik təqribən 3,5-4 min nəfərlə son yerlərdən birini tutur.
Bu ölkədə sığınacaq almaq istəyənlərin sayının məqsədinə çatanların sayı ilə müqayisəsi göstərir ki, ən yaxşı halda hər 100 mühacirdən 1 nəfərin müracəti uğurlu olur. Yerdə qalan 99 nəfərisə deportasiya gözləyir.
Şərqi Avropa ölkələri ilə yanaşı, Azərbaycan da Almaniyanın Federal Miqrasiya Xidmətinin stabil hesab etdiyi dövlətlərin siyahısındadır. Ona görə də Azərbayacanı tərk edərək Almaniyaya mühacir qismində yollananların sığınacaq alma şansları həddən ziyadə azalıb.
Statistikaya nəzər salsaq, ilin əvvəlindən bəri Almaniyaya Rumıniyadan gələn mühacirlərin sığınacaqla bağlı müraciətlərinin 78 faizinə, Rusiyadan - 82 faizinə, Makedoniyadan - 67,5 faizinə, Albaniyadan - 65 faizinə rədd cavabı verilib.
Azərbaycanla bağlı rəqəm isə ötən il 71 faiz idisə, bu il 93 faizə yüksəlib. Səbəb, rəsmi Berlinin ölkəmizi stabil, inkişafda olan dövlət hesab etməsidir.
Sığınacaq almış şəxslərin statistikasında iraqlıların cəmi 11 faizinə, Əfqanıstan vətəndaşlarının isə 21,2 faizinə rədd cavabı verilib.
Miqrasiya rəsmiləri sığınacaq və qaçqın statusu istəyənlərin ərizələrinə orta hesabla 210-220 gün müddətində baxırlar. Lakin burada da bütün qaçqın qrupları ilə rəftar eyni deyildir.
Almaniyada adətən sabit ölkələrdən sığınacaq istəyənlərin ərizələrinə sürətli baxış sistemindən istifadə edilir. Məsələn, Berlin bəyan edib ki, Kosovadan olanların ərizələrinə iki həftə müddətində baxılacaq. Eyni system Bosniya, Serbiya və Makedoniyadan olan ərizəçilərə də tətbiq edilir.
Adətən çevik baxılma sisteminə nəticəsi mənfi olması gözlənilən ərizələr buraxılır. Belə ərizəçiləri qısa müddətdə sığınacaq istəyənlər üçün düşərgələrdə saxlamaq mümkündür.
Bu da bildirilir ki, Almaniyadan sığınacaq istəmək üçün hər bir kəsin hüququ vardır. Lakin çevik baxılma sistemindən başlıca məqsəd, miqrasiya xidmətlərinə böhranlı yerlərdən gələnlərin ərizələrinə tez baxılması üçün sərbəstliyin yaradılmasıdır.
Bütün ərizəçilər ilk üç ayı hasarlanmış və şəhərlərdən kənar olan barak tipli düşərgələrdə keçirirlər. Yaşamaq pulsuzdur və ərizəçilərə cib xərcliyi üçün ayda 140 avroyadək pul verilir. Onlara, həmçinin təcili tibbi yardım da göstərilə bilər. Bu üç ay ərzində onların işləmək hüququ yoxdur.
Sığınacaq istəyənlərə verilən cib xərcinin məbləği Almaniyada daim müzakirə mövzusudur.
Hazırda belə bir siyasi arqument vardır ki, ödənən pul cənub-şərqi Avropa miqyası ilə şirnikləndirici faktor kimi də qəbul edilə bilər. Məsələn, Albaniya kimi ölkələrdə ailələrin orta aylıq gəliri 300-500 avro arasındadır.
Bəziləri nağd pul əvəzinə vauçerlərin verilməsinə tərəfdardırlar.
Üç aydan sonra ərizəçilərin yerləri dəyişdirilir və onları şəhərlərə və mənzillərə köçürürlər. Onlar burada işləyə də bilərlər, lakin onları işə götürən sübut edə bilməlidir ki, bu işdən ixtisaslı alman və ya Avropa İttifaqının başqa vətəndaşı məhrum edilməyib.
Sığınacaq verildikdən sonra ərizəçi məşğulluq və sosial xidmətlər sahələrində hər bir Almaniya vətəndaşının malik olduğu hüquqlara sahib olur. Onlar iş yerləri üçün müsabiqələrə qatıla və ya iş yerlərini dəyişə bilərlər. Onlara, həmçinin başqa Almaniya vətəndaşları kimi işsizlik müavinəti də verilir. Bundan başqa onlar Almaniyanın səhiyyə sistemindən tam istifadə edə bilirlər. Lakin onların yeni həyatı hələ tam təminat almır. Üç ildən sonra, gəldikləri ölkədəki vəziyyətdən asılı olaraq onların qaçqın statusuna yenidən baxıla bilər. Əgər status artıq uyğun gəlmirsə, onda ləğv edilə bilər.
İlkin sığınacaq ərizələri rədd edilmiş şəxslər məhkəmə qaydasında apellyasiya verə bilərlər. Belə hallarda hüquqi proses aylarla uzanır. Əgər onların apellyasiya ərizələri də rədd edilərsə, belə şəxslər deportasiya edilirlər.
Almaniyadan hansı azərbaycanlılar deportasiya olunacaq?
İlin əvvəlindən bəri Almaniyadan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı durmadan artır.
Dövlət Miqrasiya Xidmətinin məlumatında, deportasiyanın Azərbaycan və Almaniya hökumətləri arasındakı readmissiya sazişinə əsasən aparıldığı deyilir. Bu sazişə görə, dövlət, digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni yaşayan şəxsləri geri qəbul edir.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, Azərbaycana qaytarılmış 32 nəfərdən yalnız biri Sinan Bayramzadəni hüquq-mühafizə orqanları saxlayıb, qalanları öz yaxınlarına verilib.
Səbəb çox bəsitdir. Azərbaycanı tərk edərək Almaniyaya üz tutan şəxslərin tam əksəriyyəti (təxminən 93 faiz) siyasi, dini və s. zəmində təqiblərə məruz qaldıqlarını deyirlər.
Səbəblər arasında "siyasət", daha doğrusu, müraciət edən şəxsin Azərbaycanda məhz siyasi baxışlarına görə təqib olunmaları iddiası xüsusi yer tutur.
Almaniyanın Münhen şəhərində yaşayan Alim Nəcəfovun dediyinə görə, o, 18 il əvvəl bu ölkəyə yollanıb və vətəndaşlıq almağa nail olub.
"Mən heç bir siyasi, yaxud başqa səbəb göstərmədim. Amma indi gələnlərin, demək olar ki, hamısı Azərbaycanda ciddi təqiblərə məruz qaldıqlarını deyirlər. Lakin artıq buradakı məhkəmələr və dövlət strukturları onlara inanmırlar. Yalan, saxtakarlıq çoxdur", - A,Nəcəfov söylədi.
Gerçəkdən də, belədir.
Almaniyaya yollanaraq orada sığınacaq almaq istəyənlərin təxminə 95-96 faizi Azərbaycanda "sərt, radikal, dönməz müxalifətçi" olduqlarını deyir, müxalifət partiyalarının üzvlük sənədlərini, mitinqlərdə iştirak fotolarını təqdim edirlər.
Elə insanlar olur ki, sırf məqsədli şəkildə bura gəlmək üçün Azərbaycanda keçirilən mitinqlərə gedib, orada şəkillər çəkdirirlər. Mitinqlərdə hətta polisləri qəsdən qıcıqlandırıb onlara əl qaldırmalarına müvəffəq də olurlar ki, onların fotoları çəkilib "rekert" saytlarda, qəzetlərdə dərc olunsun. Daha sonra onlar sığınacaq üçün müraciət etdikdə mitinqdə iştirak etdiklərini, hazırda isə təqiblərə və s. məruz qaldıqlarını desinlər
Üzvlük sənədləri arasında AXCP və Müsavatın verdikləri arayışlarla vəsiqələr üstünlük təşkil edir. Həmin sənədlərin pulla alınması, saxta olması ilə bağlı iddialarla yanaşı, faktlar da həddən ziyadədir.
AXCP və Müsavat rəhbərliyinin bu alveri əməlli biznesə çevirdikləri, "mühacir biznesi"indən külli miqdarda pullar əldə etdikləri də sirr deyil.
O da bəllidir ki, belə saxta sənədlərə və "mühacir biznesi"ndəki fırıldaqçılara, xüsusilə də Avropa Birliyi ölkələrində məskunlaşmış, YouTube kanalları vasitəsilə "müstəqil bloqer" və "əzmkar demokrat" kimi tanınan şəxslərə inanıb onlara pullarını verənlərsə sonradan pərişan olurlar.
Azərbaycandakı "mühacirət dəllalları" da az deyil. O dəllallara külli miqdarda pul verilir, saxta sənədlər düzəltdirilir. Saxta sənədlərlə, böyük ümidlərlə Almaniyaya yollananlar orada "müxalifətçi" şəbəkənin toruna düşür.
Lakin bir məqam unudulur: siyasi təqib faktı yoxdursa, siyasi qaçqın statusu almaq şansı çox aşağıdır.
Çünki gecə-gündüz sosial şəbəkələrdə isteriyaya qapılan "bloqer"lərlə Azərbaycandakı radikal müxalifətin liderlərinin dediklərinin tam əksinə olaraq, Almaniya dövlətimizi insanların təqib olunduğu, həyati təhlükələrin yaşandığı ölkə sanmır.
İiqtisadi və sosial səbəblər isə qaçqın statusu almaq üçün yetərli deyil.
Bunu Almaniyaya yollanan mühacirlərimiz artıq anlamalı.
Macarıstan da bezdi
Almaniyaya üz tutan mühacirlərimizin tam əksəriyyəti AXCP, Müsavat və s. partiyaların funksionerlərinin, habelə Bakıdakı "viza dəllaları"nın məsləhətləri əsasında sürəkli olaraq Macarıstanın Bakıdakı səfirliyinə Şengen vizası üçün müraciət edirdilər.
Qaydalara görə, Azərbaycan vətəndaşının ən azı iki Şengen vizası varsa, onun üçüncü dəfə bu vizanı alması asanlaşır, müsbət cavab almaq şansı artır.
Dublin konvensiyasına görə də "mühacirlər" Macarıstan səfirliyindən viza almağa üstünlük verirdilər.
Həmin konvensiyaya görə, Avropa Birliyinə daxil olan ölkədə qaçqın statusunu alan şəxs adətən ilk daxil olduğu Şengen ölkəsinə sığınacaq üçün müraciət etmək hüququna malikdir. Əgər həmin şəxs digər ölkəyə sığınacaqla bağlı üz tutursa, onun Avropa Birliyində ilk daxil olduğu ölkəyə ekstradiya ehtimalı böyük olur.
Dörd il əvvəl Macarıstan qanunvericiliyində dəyişikliklər olundu. Həmin dəyişikliklərə görə, turist vizası, yəni Şengen vizası ilə Avropa Birliyində ilk olaraq bu ölkəyə ayaq basanlar sonradan sığınacaq üçün müraciət edə bilməzlər.
Azərbaycanı tərk edərək Almaniyaya üz tutanlar da ilk əvvəl Macarıstana gedirdilər. Çünki onlar əmin idilər ki, Almaniyada barələrinə deportasiya qərarı verilərsə, Macarıstana qaytarılmayacaqdılar.
Lakin Macarıstanın Bakıdakı səfirliyi bu genişmiqyaslı fırıldaqdan xəbər tutandan sonra viza müraciətlərinin tam əksəriyyətinə mənfi cavab verir.
Yarıac, yarıtox gözləmə mühacirliyi
Almaniyadakı böyük miqrasiya düşərgələri, azərbaycanlı mühacirlərin "kamp" dedikləri məkanlar arasında Nürnberq və Ratigen şəhərlərindəki mərkəzlər ad çıxarıb.
Nürnberqdəki "kamp"da yaşayan azərbaycanlılar çox ağır, sərt şərtlərin olduğunu deyirlər. Burada, sadəcə, səhər yeməyi pulsuzdur. Mühacirlərdən yetkinlik yaşına çatmışlara ayda 150, yetkinlik yaşına çatmamışlara isə 110 avro verilir.
Mühacirlər nahar və şam yeməklərini özləri almalıdır. Təbii, verilən pullar çox cüzi məbləğdir. Azəraycanlı mühacirlərin dediklərinə görə, Nürnberq "kamp"ında yarıac, yarıtox yaşayırlar.
Düsseldorfdan 11 km aralıdakı Ratingen "kamp"ında isə böyüklərə ayda 120 avro, uşaqlarla yeniyetmələrə 80 avro verilir.
"Dözülməz şəraitdir, ağırdır. Almaniya bunu qəsdən edir ki, dözməyək, bezək və geri dönək. Pul yox, ümid yox, bütün günü gözləyirik ki, nə zaman pulsuz vermişel-makaron payımızı alıb qarnımızı doydura biləcəyik", - mühacirlərdən biri deyir.
Almaniya inanmır
Bavariya əyalət məhkəməsində 12 azərbaycanlının sığınacaqla bağlı müraciətinə baxılır. İlkin ehtimallara görə, onların hamısına (!) rədd cavabı veriləcək.
Bavariya Miqrasiya İdarəsinin əməkdaşlarının dediklərinə görə, ilin əvvəlindən bəri əyalətə 3 minə yaxın Azərbaycan vətəndaşı gəlib.
"Dediklərinə və təqdim etdikləri sənədlərə görə, az qala hamısı siyasi baxışlarına və mövqelərinə, habelə siyasi fəaliyyətlərinə görə, təqiblərə məruz qalıblar. İnanmırıq bu nağıllara, çünki yalan danışırlar. Onların Almaniyaya gəlmələri sırf iqtisadi və sosial səbəblərlə bağlıdır. Belə siyasi mühacir, siyasi fəal axını ola bilməz. Məhz bu səbəbdən əvvəlki illərdən fərqli olaraq, Azərbaycan vətəndaşlarının sığınacaqla bağlı müraciətlərinə çox qısa müddətdə baxılır. Sadə desəm, Almaniya belə mühacirlərə inanmır", - vəkil Yozef Meyer deyir.
... Dünən Ratingen "kamp"ından 37 azərbaycanlı başqa "kamp"a köçürülüb. Onların sığınacaqla bağlı müraciətlərinə müsbət cavab almaq şansları praktiki olaraq, yoxdur.