Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı ilin əvvəlindən 94 faiz azalıb. Bu barədə Trend "Global Stats" statistika mərkəzinin məlumatına istinadən xəbər verir.
Avqustun sonuna Azərbaycanda "YouTube" şəbəkəsinin bazar payı 0,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 95,4 faiz azdır. "YouTube"dan istifadənin ən böyük aktivliyi iyunda (40,5 faiz) qeydə alınıb.
Yanvar-avqust aylarında aktivliyin 45,8 faiz artımı "Facebook" sosial şəbəkəsi istifadəçilərində qeydə alınıb. "Facebook" Azərbaycanda sosial resurslar arasında populyarlığa görə birinci yeri tutur və onun bazar payı sentyabrın əvvəlinə 94,87 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,3 faiz çoxdur.
"Twitter" sosial şəbəkəsi 2,36 faizlik bazar payı ilə ikinci yeri tutur. Sonrakı yerləri "Tumblr" - 0,82 faiz, "Pinterest" - 0,56 faiz, "V kontakte" - 0,29 faiz, "Odnoklassniki" - 0,19 faiz və digər sosial şəbəkələr tuturlar.