Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində işıq üzü görmüş Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabının təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, Strasburq Universitetinin müəllimi, Strasburq Vəkillər Kollegiyasının üzvü Tyeri Edmondun moderatorluq etdiyi tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbeyli Buşe çıxış ediblər.
Səfir Rəhman Mustafayev və Komitə sədri Fuad Muradov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun qurucuları və onların varisləri haqqında məlumat veriblər. Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Xalq Cümhuriyyətinin tariximizdəki roluna, Cümhuriyyət dövrünün varislərinə yüksək dəyər verdikləri vurğulanıb.
Eyni zamanda, ölkə başçısının dəstəyi və tapşırığı ilə diasporumuzun inkişaf etdirilməsi, soydaşlarımızın bir diaspor hərəkatında birləşməsi istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Diasporuna Dəstək Fondu”nun yaradılması bu istiqamətdə görülən işlərin sistemli və genişmiqyaslı aparılmasına münbit şərait yaradır.
Azərbaycan diasporunun formalaşmasında XX əsrin əvvəllərində - Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif ölkələrə üz tutan soydaşlarımızın rolundan söz açılıb. Həmin dövrdən sonra diaspor hərəkatının getdikcə öz coğrafiyasını genişləndirdiyi və daha da gücləndiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi də daim Cümhuriyyət varislərini diqqətdə saxlayır, hansı ölkədə yaşamalarından asılı olmayaraq onlarla əlaqələrin qorunub saxlanılmasına çalışır və onlarla görüşlər keçirirlər. Bu gün təqdimatı keçirilən “Mühacirlərin həyatı” kitabı da məhz belə görüşlərdən birinin bəhrəsidir. Kitab Cümhuriyyət mühacirlərinin keşməkeşli, çətin həyat yolunu əks etdirir.
Paskal Hacıbəyli Buşe həyat yoldaşı Timuçin Hacıbəyli ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, T. Hacıbəylinin xatirələri iki dövrü- Azərbaycana səfərindən əvvəlki və sonrakı dövrləri əhatə edir. O, həyat yoldaşının tanınmış fransız yazıçısı və filosofu Jan-Pol Sartr və Albert Kamyu ilə dostluq əlaqələrindən danışıb.
“Kəpəz” nəşriyyat evinin təsisçiləri vəkil Jan-Emanüel Medina, vəkil Dilbadi Qasımov, nəşriyyat evinin rəhbəri Nicat Kazımov “Kəpəz” nəşriyyatının yaradılmasından, məqsədindən, fəaliyyətindən, bugünədək dərc etdiyi kitablardan söz aşaraq, onun əsas məqsədinin Azərbaycan mədəniyyətini, ədəbiyyatını və yazıçılarını təşviq etmək olduğunu bildiriblər. Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabına toxunaraq, bu kitab vasitəsi ilə mühacirlərimizin daim qəlblərdə yaşayacağını vurğulayıblar. Onlar kitabın nəşrinə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür ediblər.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Prezident Sərəncamını xatırladaraq, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalının təsis edildiyini bildirib.
Diqqətə çatdırıb ki, bu medal Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varislərinə, Cümhuriyyət irsinin tədqiqində və təbliğində əməyi keçənlərə, media nümayəndələrinə təqdim olunur. Dövlətçilik tariximizə verilən dəyər, ölkə xaricində yaşayan azərbaycanlılara ənənələrimizi yaşatmağa və gələcək nəsillərə ötürməyə stimul verir.
Fuad Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalını Timuçin Hacıbəylinin oğlanları –Benjamin və Jan Kleman Hacıbəylilərə təqdim edib.
Benjamin Hacıbəyli medala görə Azərbaycan dövlətinə təşəkkür edərək deyib: “Medalla təltif olunmağım mənim üçün böyük şərəfdir. Babam və atam, hər ikisi Azərbaycanın müstəqilliyini arzulayıb və bu amal uğrunda çalışıblar. Onların arzusu bu gün reallaşıb. Varislərini unutmadıqlarına görə Azərbaycan dövlətinə, eləcə də Diasporla iş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm”.
Tədbirin sonunda bir çox beynəlxalq musiqi müsabiqələrinin qalibi, “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatçısı, Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi Ağarəhim Quliyevin fleytada ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabının təqdimatı Fransadakı səfirliyimizin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının və “Kəpəz” nəşriyyat evinin birgə dəstəyi ilə təşkil olunub.