Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov informasiya texnologiyaları üzrə müşaviri, qubernator və hökumət aparatının keçmiş rəhbəri, 55 yaşlı Svetlana Openışevanın “şokolad vannası”nda selfi etməsindən sonra xidməti yoxlama aparılmasına dair göstəriş verib.
Teleqraf.com xəbər verir ki, bunu region başçısının mətbuat katibi Timofey Qonçaruk bildirib. Yerli KİV-lərin məlumatına görə, bölgə başçısı məmurun işdən çıxarılması barədə də əmr verib.
“Ulpressa” nəşrinin yazdığına görə, hazırda “Vətəndaşlar üçün hökumət” vilayət idarəsinin direktoru olan Openışeva özünün “İnstaqram” hesabında Azərbaycanın Naftalan şəhərindəki beşulduzlu “Garabag Resort & Spa” hotelində “Naftalan vannası” qəbul etdiyi zaman çəkdiyi selfini yerləşdirib: fotoda məmurun başı görünür, vanna onun boğazınadək Naftalan nefti ilə doldurulub. Openışeva fotonun altına “Şokolad o qədər də çox deyil” qeydini yazıb. Qubernatorun tənqidinə tuş gələn post sonradan silinib.
“İstənilən qeyri-təvazökar münasibət aradan qaldırılacaq. Çoxları xaricə getməyi özlərinə rəva görə bilər. Ancaq mən xanım Openışevanın qəribəliklərinə baxdıqdan sonra xidməti yoxlama aparmaq qərarına gəldim. Daha təvazökar yaşamaq lazımdır”, – deyə Qonçaruk Morozovun “Tvitter”də yazığı qeyddən sitat gətirir.
“Ulpressa” isə S.Morozovdan daha dolğun sitat gətirir. Hansı ki, bölgənin başçısı yalnız xidməti yoxlama aparmağı qərara almadığını, eyni zamanda Openışevanı vəzifədən azad etmək qərarına gəldiyini söyləyib:
“Mən məzuniyyətini xaricdə keçirmək üçün icazə sənədlərini bir çox insan üçün imzalayıram (qanunda nəzərdə tutulur), ancaq maddi rifah halınızın yüksək olması ilə lovğalanmalı deyilsiniz. Mənim qərarım xidməti yoxlama aparmaq və Openışevanı vəzifədən azad etməkdir”.
Svetlana Openışevanın 55 yaşı var. O, 2001-2007-ci illərdə Dimitrovqrad şəhərinin administrasiyasında, 2007-ci ilin sentyabrından Ulyanovsk vilayətinin hökumətində işləyib. 2010-cu ilin noyabr ayından Ulyanovsk vilayəti hökuməti sədrinin müavini, 2013-cü ilin mart ayından bölgə hökuməti sədrinin müavini – Ulyanovsk vilayəti qubernatorunun və hökumət aparatının rəhbəri olub. Hazırda Openışeva Ulyanovsk vilayəti qubernatorunun müşaviri, “Vətəndaşlar üçün hökumət” vilayət idarəsinin başçısıdır.
“Tvitter”də paylaşılan məlumata yazılan bir şərhdə isə diqqət çəkir. Şərhdə S.Openışevanın qəbul etdiyi vannanın adi spa proseduru olduğu və bunun həqiqi şokalad olmadığı bildirilib. Həmin şərh müəllifi qeyd edir ki, görünür, qubernator Openışevanı çoxdan qovmaq istəyib, indi isə bunun üçün bəhanə tapıb.