Milli Məclisin komitə iclaslarında vətəndaşların çoxdan gözlədiyi məsələlər yenidən müzakirəyə çıxarılacaq. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
H.Rəcəbli təmsil etdiyi Komitə tərəfindən 3 əsas məsələyə baxılmasının təklif edildiyini bildirib:
“Komitə təklif edir ki, 3 yaşadək uşaqlara müavinət verilməsi məsələsinə baxılsın.
İkincisi, hazırda 5-dən çox, yəni 6 uşağı olanlar çoxuşaqlı ailə hesab edilir. Amma biz təklif edirik ki, uşaqların sayı azaldılsın və 4-dən çox uşağı olanlar, yəni 5 uşaqlılar da bu kateqoriyaya daxil edilsin. Üçüncü prioritet məsələ doğuşa görə verilən birdəfəlik 200 manatın məbləğinin artırılaraq 300 manata çatdırılmasıdır”.
H.Rəcəbli deyib ki, bunların hər üçü sırf sosial müdafiəyə aid olan məqamlardır:
“Bu ideya bizim komitədə var. Bu mövzuda müzakirələr ötən il də getdi, nəticə olaraq bir çox müavinətlər artırıldı. Ümid edirik ki, növbəti müzakirələrdən sonra da təklif edilən ideyalar cənab Prezident tərəfindən müsbət qarşılanacaq”./ modern.az/