21 Sentyabr 2019 17:03
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov İsmayıllı şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub.

Teleqraf.com-un məlumatına görə, daha sonra Ə.Əhmədov İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi veteranları ilə görüşüb. Baş nazirin müavini Qarabağ müharibəsi veteranlarının qayğıları ilə maraqlanıb və xatirə şəkili çəkdirib.

Daha sonra Ə.Əhmədov İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, MM-in komitə sədri Eldar İbrahimov, deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə.Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib.

İcra katibi deyib ki, gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb:

“Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər”.

Ə.Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması sevindiricidir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Partiyamızın 700 mindən çox üzvü var və onların 40 faizə qədəri gənclərdən ibarətdir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər”.

Bu gün Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən Baş Nazirin müavini bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq hissi yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır”.

Ölkəmizdə gənclərin inkişafı, təhsili, məşğulluğu, eləcə də idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən YAP Sədrinin müavini bildirib ki, gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar.

Gənclərlə görüşdə MM-in deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də gənclərin nümayəndələri çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin uğurlarından bəhs ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər