23 Sentyabr 2019 16:39
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə Sabunçu rayonu, Birinci Zabrat qəsəbəsində yaşayan şəhid övladı İlqar Rassoxanın qızı Anjelinanın 10 yaşı olmasına baxmayaraq 81 saylı məktəbin direktoru Mehriban Əlizadə tərəfindən hələ də məktəbə qəbul edilmədiyi barədə saytımıza şikayət daxil olmuşdu.

Şikayət saytımızda dərc olunandan sonra nəticəsi ilə maraqlandıq.

İlqar Rassoxa Teleqraf.com-a qızı Anjelinanın artıq məktəbə qəbul edildiyini bildirdi:

“Qızımın məktəb getməsinə sevinirəm. Bunun üçün dəfələrlə müraciət etsəm də, hər dəfə rədd cavabı alırdım. Anjelinanın 10 yaşı var. İndiyə qədər hərf tanımırdı. Şikayətimlə bağlı yazı dərc edildikdən sonra qızımın məktəbə qəbul olunması ilə bağlı zəng gəldi. Sizə təşəkkürümü bildirirəm”.

İlqar Rassoxanın atası Valeriy Qriqoryeviç Rassoxa 25 yanvar 1994-cü ildə Ağdərə istiqamətində şəhid olub.

"Rassoxa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb".

Bu məlumatı isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

O bildirib ki, 10 yaşlı Anjelina bu gündən Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub: "Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin məktəbliyə yeni dərsliklər verilib".

İdarənin rəsmisi qeyd edib ki, məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq: "Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi, ümumilikdə, cəmiyyətin uğurudur. Hər birimizə uğurlar, əziz dostlar!".


Müəllif: İmamət İsmayılova