Azərbaycanlı mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölüm xəbərini eşitdikdən sonra evə gedərkən atasının ağladığını görür. Xatirələrində bu barədə belə yazır: “Evdə anamın ölümündəki kimi bir matəm havası vardı. Atam yazı masasının üzərində dayanaraq hönkür-hönkür ağlayırdı: “O, böyük bir vulkan idi, bəzən alov fışqırırdı – mənə də fışqırırdı – amma gözəl bir alovdu””.
Əhməd bəylə Atatürkün münasibətləri enişli-yoxuşlu idi. “Sərbəst firqə” məsələsində aldığı yara, yaşlı vaxtında çap etmək istədiyi qəzetin qapadılması onu çox üzsə də, Əhməd bəy Atatürkə qarşı hər zaman böyük hörmətlə yanaşmışdı.
Atatürk ölən kimi onu sevməyənlər fürsət gözləyərək onun əleyhinə yazı yazmağa başlayırlar. Bu vaxt Əhməd bəy bir məqaləsində yazır: “Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi”.
Türkiyənin ən köklü qəzetlərindən olan “Cümhuriyyət” qəzetinin arxivinə baxarkən Əhməd bəy Ağaoğlunun Atatürk və onun idarəçiliyi ilə bağlı yazısına rast gəldik.
Ağaoğlunun doğumunun 150-ci ildönümü münasibətilə həmin yazını təqdim edirik:
***
Hökmranlıq və sevgi
Böyük öndər Atatürkün amerikalı yazıçıya söylədiyi qiymətli və önəmli sözlər arasında Türk milləti üçün ən dəyərlisi diktatorlara aid qismidir. Böyük öndər özü ilə millət arasındakı münasibətlərdən bəhs edərkən onun millət üzərindəki hökmranlığının gücə deyil, qəlbə və məhəbbətə söykəndiyini qeyd edib. O, fikirlərini, arzularını qüvvətə, gücə deyil, millətin qəlbinə və sevgisinə söykənərək həyata keçirməyi seçib.
Necə gözəl bir deyiş! Necə ali və əsil bir fikir!
Həqiqətdə Atatürkün Türk milləti üzərindəki mənəvi hökmranlığı hər hansı bir diktatorun hökmranlığından daha geniş və daha dərindir. Və bunun belə olması çox normaldır. Çünki bu gün gördüyümüz diktatorların heç biri onun Türk millətinə etdiyi xidmətlərin yarısını belə öz milləti üçün etməyib.
Türk öndəri hökmranlığını yaradaraq qurub. Digərləri öldürərək qurublar.
O, Türk millətinin başına ən qaranlıq və ən ümidsiz günlərdə keçib, onunla bərabər addım-addım yürüyüb, onun dərdlərinə, ələmlərinə ortaq olaraq onunla birlikdə aydınlığa, səadətə, məqsədə qovuşub. Həqiqətən, millət ilə o, bu oluş dövründə bir-biriləri ilə yoğrulmuş tək bir varlıq olublar. Bu surətlə o, Türk millətinin ikinci doğuşunun canlı bir mücəssəməsidir. Onun arzuları və fikirləri ilə Türk millətinin arzu və fikirləri arasında fərqlilik qalmayıb.
Buna görədir ki, o, Türk millətinin qəlbində yaşadığını böyük güvən və inamla söyləyə bilər. Belə bir güvən və inamı sair məmləkətlərin öndərləri daşıya, bəsləyə bilməzlər.
Ardınca o, Türk millətini yoxluqdan varlığa doğru apararkən həmişə quraraq, yaradaraq yürüyüb. O, milləti sıxmayıb, əksinə geniş yaşamaq və yayılmaq imkanlarını hazırlayıb. Bu gün əlimizdə olan bütün qurumlar onun əsəridir. Cümhuriyyət, Cümhuriyyətin söykəndiyi Anayasa, Türkün bütün haqları, parlament və bütün sair həyata keçirilən şeylər həmişə onun ağzından çıxıb.
Halbuki, başqa öndərlər dağıdaraq, sıxaraq yürüyüblər. O da vaxtında istəsəydi, bir diktator ola bilərdi və bunun üçün də dağıtmağa, yıxmağa ehtiyac belə yoxdu. Çünki önündə həmişə düzənlik, dümdüz, hər şeydən məhrum bir quraqlıq dayanırdı, elə bir quraqlıq ki üzərində istədiyin kimi yürü! Fəqət o istəmədi, çünki qəlbi sevgini seçdi.
Onun dühası ta o zaman sərbəst sevgi qədər böyük, qüdrətli, yaradıcı bir qüvvət olduğunu təqdir etmişdi və bundan ötrü öz hökmranlığını belə bir qüvvətə söykəməyi seçmişdi.
Və yenə həmişə o, böyümə sahəsi üzərində yürüməkdədir. Başqa məmləkətlərdə parlamentlər ləğv edildiyi, ümumi haqlar azaldıldığı halda bizdə bunlar qüvvətləndirilməkdədir. Milli hakimiyyət üstün tutulmaqda, milləti təmsil edən kamutayın (Türkiyə Böyük Millət Məclisi – D.Ə) kontrol səlahiyyətinə hörmət edilməkdədir.
Bunun tək səbəbi yenə o sevgidir, o qəlb məsələsidir. Bizim öndərimiz millətin qəlbində yaşadığına güvəni və inamı olduğu üçün millət səlahiyyətinin artmasını qısqanmır, ondan qorxmur. O, bilir ki, millət nə qədər yayılarsa, nə qədər qüvvət taparsa, o nisbətdə o sevgi də artacaq, qüvvətlənəcəkdir.
Xülasə, öndərimiz ortaya qoymuş olduğu formula aliliyi və əmsali-etibarilə bənzərsizdir. Eyni zamanda bizim son 15 illik tariximizin qısa və aydın bir ifadəsi olmaqla bərabər tam və ali bir dövlət nəzəriyyəsini də ehtiva edir.
Öndərlə millət arasında qarşılıqlı məhəbbət, sevgi və güvən. Bax, bu nəzəriyyənin əsas çizgiləri. Bu sahə üzərinə çıxmaq, dayanmadan yayılmaq, irəliyə doğru yürümək deməkdir. Millət öndərindən əmin, öndər də millətdən əmin. Nə millət öz səlahiyyətləri haqqında şübhə bəsləyir, nə də öndər yaradıcı zəkasını istifadə etməkdə tərəddüd edir. Bir ölkə üçün bundan feyzli, bundan fəzilətli bir vəziyyət olarmı?
Türk milləti öndərinin mədəni dünyaya vermiş olduğu bu dövlət və idarə formulası ilə sinəsini qabağa verərək iftixar edə bilir. Cəbr və zorakılıq deyil, sevgi və məhəbbət. Belə bir ideal bu dünyaya çoxdan bəri yaddır. Yalnız onun qəbulu ilədir ki, bu dünya bu qədər həsrətlə axtardığı rahatlığa qovuşa bilir.
“Cümhuriyyət” qəzeti
25 iyun, 1935