Valensiya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Valensiya şəhərində tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahim, Türkiyənin İspaniyadakı keçmiş konsulu Cəfər Koçtürk, İspaniya Azərbaycanlıları Konqresinin sədri Vahid İmanov və təşkilatın digər nümayəndələri, bu ölkədə yaşayan bir çox soydaşlarımız iştirak edib. Tədbirdə İspaniyadakı Azərbaycan diasporunun gördüyü işlər, gələcəkdə həyata keçirmək istədiyi layihələr müzakirə olunub.
O cümlədən, Valensiyada və İspaniyanın diğər bölgələrində Azərbaycan Evinin açılması, bu evlərdə, İspaniyada təhsil alan azərbaycanlı tələbələr üçün pulsuz ispan dilinin tədris olunması qərara alınıb. Daha sonra İspaniya ilə Azərbaycan arasında mədəniyyət, incəsənət və turizm əlaqələrinin qurulmasına dəstək vermək, habelə Krallıqda yaşayan türkdilli xalqların nümayəndələrini bir araya gətirmək kimi vacib məsələlərdən də söz açılıb.
Tədbir iştirakçıları bildiriblər ki, Azərbaycanın ən sağalmaz dərdi olan Xocalı soyqırımı haqda İspaniya cəmiyyəti maksimum məlumatlandırılmalıdır. Qərara alınıb ki, bütün bu proqramları reallaşdırmaq üçün gələcəkdə İspaniya Azərbaycanlıları Birliyinin təsis toplantısı keçirilsin. Görüşün sonunda İspaniya Azərbaycanlıları Konqresi ilə Valensiya Azərbaycanlıları Cəmiyyəti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.