26 Sentyabr 2019 09:32
18 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə əlaqədar indiyədək görülən işləri qənaətbəxş hesab etmək olarmı? Nəsimi yaradıcılığında işıq salınmayan sahələr hansılardır?

- Nəsiminin yaradıcılığı ilə bağlı tədbirlər 50 il bundan qabaq da həyata keçirilmişdi, müəyyən qədər müqayisə etmək də olar. O vaxt çox işlər görülmüşdü, məsələn, Cahangir Qəhrəmanovun üçcildlik kitab halında nəşr etdirdiyi Nəsiminin anadilli “Divan”ının elmi-tənqidi mətni, “Nəsimi “Divan”ının leksikası” adlı monoqrafiyası, Mirzəağa Quluzadənin “Böyük ideallar şairi Nəsimi” monoqrafiyası və sair onun populyarlaşmasında rol oynadı.

İndi də dəyərli işlər görülür. Ən əsası yeni nəsil Nəsimişünaslarımız yetişib. Onu da qeyd etmək lazımdır ki, hazırda Nəsimişünaslığın qarşısında daha mürəkkəb vəzifələr durur.

- Bu vəzifələr nələrdir?

- Bir çox məsələlər var ki, o zaman həll olunmamışdı, indi həll etməliyik. İstər hürufiliyin tarixi, istərsə də Nəsimi yaradıcılığının tədqiqinə aid məsələlər indiki nəsil Nəsimişünaslar üzərində duran vacib məsələlərdir. “Nəsimi İli”nin elan olunması Nəsiminin həyat və yaradıcılığının populyarlaşdırılması üçün çox mühüm addımdır.

Lakin Nəsiminin ədəbi irsinin tədqiqi üçün bir il yetərli deyil. Vaxtilə Həmid Məmmədzadə və Rüstəm Əliyev Nəsiminin farsca divanını çap elədilər. İndi isə həm həmin divanın çapı, həm də dilimizə tərcüməsi həyata keçirilməkdədir.

- Əlyazmalar İnstitutu tərcümə edəcəkmi?

- Bizim institut yox, Şərqşünaslıq İnstitutu bu iş üzərində çalışır. Əlyazmalar İnstitutu da ciddi işlər görüb. Mərhum Cahangir Qəhrəmanov Nəsiminin anadilli divanın elmi-tənqidi mətnini sovet dönəmində tərtib etmişdi. Həmin dövrdə isə SSRİ hüdudlarından kənara çıxmaq mümkün deyildi. Ona görə də o, ikisi Əlyazmalar İnstitutu olmaqla, Sankt-Peterburqda, Daşkənd və Matenadarandakı cəmi 5 nüsxənin köməyi ilə hazırlamışdı.

Son dövrlərdə daha çoxsaylı əlyazmalar əldə etmişik. Əlimizə 130-dan da çox əlyazma keçib.

- Nəsiminin əlyazmaları əsasən hansı ölkələrdən tapılır?

- Əlyazmaları əsasən Türkiyə və İrandan əldə edirik. Avropa ölkələrində də var.

- Kitabxanalarda saxlanılır?

- Bəli. Rastımıza çıxan şeirlərin sayı Qəhrəmanovun tərtib etdiyi divandakından da çoxdur. Burada da qarşımıza problemlər çıxır.

- Nə problemlər?

- Nəsimi elə şair olub ki, ölümündən sonra onun heyranları və hürufiliyi yaymaq istəyənlər “Nəsimi” təxəllüsü ilə şeirlər yazıblar. Həmin şeirlər divana qoşulub və ayırd etmək o qədər də asan məsələ deyil. Məsələn, mən irihəcmli divan tapdım, çox sevindim ki, müxəmməs janrında heç nəyi yox idi, amma müxəmməsi müasir əlifbaya çevirdim, baxdım ki, bu, Nəsimi səviyyəsi deyil.

- Məlum oldu ki...

- Məlum oldu ki, bu, Nəsiminin şeiri deyil, özünə təxəllüs götürən sonrakı Nəsimilərindir. Belə məsələləri ayırd eləmək zarafat deyil. Qarşımızda duran çətinliklərdən biri budur. Gördüyümüz iş də bundan ibarətdir ki, biz Nəsiminin yeni divanlarını gətirib, onları araşdırmalara cəlb edirik, müxtəlif konfranslarda da bu barədə danışırıq.

- Şəxsən özünüz Nəsiminin neçə divanını Azərbaycana gətirmisiniz?

- İran və Türkiyədən 6 divan gətirmişəm. Divanları araşdırarkən məlum olur ki, Nəsiminin divanları içərisində “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlər çox imiş. Hətta elə divanı var ki, Türkiyədən gətirmişik, üzərində “Kitabi-Seyyid Nəsimi əl-Hüseyni” sözləri yazılıb. Həm “Nəsimi”, həm hə “Hüseyni” təxəllüsü paralel qeyd edilib. XVI əsrə aiddir.

- Dediniz, hər iki təxəllüs paralel yazılıb, bəs bu divanların Nəsimiyə aid olduğunu necə aydınlaşdırdınız, dil və üslubuna görəmi?

- Hamı bilir ki, Nəsiminin “Hüseyni” təxəllüsü olub, Həllac Mənsurun adı Hüseyn olduğuna görə onun adını təxəllüs götürüb, hürufiliyi qəbul edəndən sonra isə Nəiminin adına uyğun “Nəsimi” təxəllüsü ilə yazıb.

- “Hüseyni” təxəllüsü ilə hansı dönəmdə yazıb?

- “Seyid” və “Haşimi” təxəllüsü ilə də şeirlər yazıb. “Hüseyni” onun Nəsimiyə qədərki təxəllüsü olub. Amma ola bilər paralel işlədib. Bəziləri deyir İmam Hüseynə görə qoyub, əslində İmam Hüseynin də, Həzrəti Əlinin də eşqinə şeirlər yazıb. Onların bəzilərini ortaya çıxarmışıq.

Gördüyümüz işlərdən biri də odur ki, institutumuzda Nəsiminin indiyədək işıq üzü görməyən bəzi şeirlərini kitab halında çap edib ortaya qoyaq. Vurğuladığım kimi “Hüseyni” təxəllüsü ilə şeirlərinin sayının çox olduğunu sonradan öyrəndik. Bir neçə əlyazmalarda gördük ki, Nəsiminin şeirlərinin yayılmasında bəktaşilər böyük rol oynayıb. Türkiyədən aşkarladığım divanın Bəktaşi təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi barədə qeyd var.

- Bəktaşilərlə Nəsimini nə bağlayırdı?

- Hamımız bilirik ki, Nəimi öldürüldükdən sonra onun vəsiyyəti ilə Nəsimi vətəni tərk edib əvvəlcə Təbrizə, sonra Anadoluya, Suriyaya gedir. Vətəni tərk etmək məcburiyyətində qalanda bəktaşilərin köməyinə müraciət edirlər. Bəktaşilərə də onlar güclü təsir edir, bəktaşilərin müqəddəslərinin içində Nəimi də var.

Bunlar hamısı təsəvvüf adamları idi və bir-birinə, təqib olunanlara kömək edirdilər, bu, əslində savab iş idi. Məşhur türk alimi Fuad Köprülünün bir sözü var, ələviləri, hürufiləri, bəktaşiləri, səfəviləri bir-birindən ayırmaq asan deyil, şeirlərində də yaxınlıq var, həm də ana dilində, türkcə yazırdılar. İslamı, təsəvvüfü yayırdılar, bu da onları yaxınlaşdıran cəhət idi.

Əlyazmaları daha ətraflı araşdıranda maraqlı - bəktaşilərin hücrələrində Nəsimi divanlarının köçürülmə faktı ortaya çıxdı. Nəsiminin ardıcıllarının – Süruri, Heydəri, Heyrəti və başqalarının əlyazma şəklində şeirlərini tapdıq.

Hətta Sürurinin divanını tapdıq, onun sonunda bir sıra hürufilərin, o cümlədən Nəsiminin şeirləri də köçürülmüşdü. XVI əsrdə Hələbdə köçürülübmüş. Hələb şəhərində Nəsimi vəhşicəsinə qətlə yetirilsə də, hürufilər bu şəhərdə yaşayırdı.

- Yəni hürufilər tam təqibə məruz qalmamışdı?

- Hürufilərin yayılma arealı əlyazmalarda ortaya çıxır. Nəsimi öldürüləndən sonra da hürufilər öz yerlərində qalmışdı, Hələbdə yaşayıb Nəsiminin şeirlərini köçürməyə davam edirdilər. Nəsiminin ardıcılları ilə bağlı araşdırmalar aparmışam, biz bilirik ki, böyük Nizami, Füzuli məktəbi var, hətta Sabirin də məktəbindən söhbət gedir, amma Nəsimini indiyə qədər bir çox din xadimi kafir hesab elədiklərinə görə onun məktəbindən söz açılmır. Nəsiminin məktəbi yayılma arealına görə onların heç birindən geri qalmır.

Heyrətinin əlyazmasını Türkiyə kitabxanasından tapdım, ömrünün əsas hissəsini Makedoniyanın paytaxtı Üsküp şəhərində yaşayıb. Şeirlərinin birində yazıb ki, mən Vətənim Əcəm elinə geri dönmək istəyirəm, Azərbaycan nəzərdə tutulur. Heyrəti Makedoniyada vəfat edir, onun Nəsiminin təsiri ilə yazdığı şeirləri var.

Orta Asiyada Nəvai Nəsimiyə nəzirələri yazıb. Lütfi, Üsuli, Ruhi Bağdadi, Niyazi Misri də Nəsimi məktəbinə aid olub. Heydəri adlı şairimiz olub, XVI əsrdə böyük moğol imperatoru Əkbər şahın sarayında yaşayıb, böyük qonorar alaraq qəsidə yazıb. O qəsidəni tapdım, Heydəri Nəsimiyə təxmis yazıbmış. Təsəvvür edin ki, Qərbdə Şərqi Avropadan tutmuş Şərqdəki Hindistana qədər, Orta Asiya, İran, Türkiyə, Anadolu, Suriya, Azərbaycanda – geniş ərazidə Nəsimi təsiri yayılıb. Biz bunu ortaya çıxarmalıyıq.

- Nəsiminin 6 divanını tapdığınızı vurğuladınız, onları nə zaman gətirdiniz? İş prosesində bu əlyazmalarla rastlaşdınız, yoxsa sırf Nəsimi irsinin araşdırılması üçün bu yola çıxdınız?

- Keçən il və bu il tapmışam. Nəsimi yaradıcılığı ilə çoxdan məşğuluq, sırf “Nəsimi İli” elan olduğuna görə araşdırma aparmırıq.

- İran və Türkiyə kitabxanasında əlyazma olduğuna dair informasiyanız vardı?

- Bəli, məlumatım vardı. Ankara Milli Kitabxanası və İran Məclis kitabxanasından əlyazmaları əldə elədim.

- Əlyazmalar İnstitutu ilə əməkdaşlıq çərçivəsində əlyazmaları götürə bildiniz, yoxsa istənilən tədqiqatçı bu əlyazmaları əldə edə bilər?

- İstənilən tədqiqatçı şəxsən də gedib gətirə bilər. Kitabxanalar çoxdur, İranın Məclis kitabxanasında əlyazmalarla tanış olmaq asandır, başqaları barədə məlumatım yoxdur.

- Həmin divan türk dilində idi?

- Bəli, türk dilində idi.

- Bizim asanlıqla başa düşəcəyimiz dildə yazılıb?

- Rəfii adlı şirvanlı şairimiz olub, Nəsimi ilə bir yerdə Şirvandan Suriyaya gediblər. “Bəşarətnamə” adlı əsərində qeyd edir ki, Nəsimi mənə deyirdi türkcə aydın yaz, ideyalarımızı yaya bilək. Nəsimi aydın dildə yazmağa çalışırdı ki, xalq onu başa düşsün.

Baxırsan, fel, isim – hamısı anlaşılır, Nəsiminin dili bizim ana türkcəmizdədir, amma hürufi və sufi rəmzlərini başa düşmək üçün informasiyaya malik olmaq lazımdır. Sözlər ana dilimizdə anlaşılan sözlərdir, mətnin ikinci qatı mürəkkəbdir, verilən rəmzi mənaları anlamaq önəmlidir, bunun üçün də gərək insanın hürufilikdən əvvəl təsəvvüfdən başı çıxsın.

- Hürufiliyin tarixinin öyrənilməsinin vacibliyini qeyd elədiniz. Hürufilik hansı şəraitdə yarandı, araşdırılmamış tərəfi hansı istiqamətdir?

- Hürufiliyin çox maraqlı tarixi var, bunun ortaya çıxarılması üçün Nəiminin əsərləri dilimizə tərcümə olunmalıdır. “Cavidannamə” əsərini Dərviş Murtəza adlı şəxs türkcəyə tərcümə edib. Ancaq onun orijinalı var, tərcümə olunmalıdır, şivəsi çətindir. Təkcə Nəimi ilə iş bitmir, bir sıra görkəmli hürufilər olub - Nəimiyə ən yaxını Əliül Əla olub, Məcdəddin, Xacə Seyid İsaq, Dərviş Üsaməddin Bilucərdi, beşinci İmadəddin Nəsiminin adı çəkilir, Dərviş Əli, Dərviş Bahəddin, Mövlanə Məhəmməd Naim və Dərviş Əli Keyvanın adı gəlir. Bunlar üzdə olan hürufilər idi. Bunlara həvari də deyirdilər.

Sonradan Nəiminin vəsiyyəti ilə ideyaların Anadolu və Suriyada yayıcıları idi. Əliül Əla İstanbula qədər gedib çıxıb. Onun əsərləri var, hamısı çap edilməlidir. Türkiyənin özündə hürufilər yetişib, məsələn, hürufi alimi və şairi Əbdülməcid Firiştəoğlunun bir neçə əsəri çap edilib.

- Sizcə, niyə hürufilik tarix səhnəsindən silinib getdi, bu günə qədər gəlib çıxmadı?

- Hansı təriqət bu günə qədər gəlib çıxıb?

- Nəqşibəndiliyin adı çəkilir...

- Nəqşibəndiliyin XIX əsr variantında çar Rusiyasının Qafqazda xristianlaşma siyasətinə qarşı mübarizə apardılar. Bu, artıq başqa bir forma, mübarizə formasıdır. Hürufilik cildini dəyişib orta əsrlərdə, Şah Abbasdan sonrakı dövrdə nöqtəviliyə də çevrildi.

- Şah Abbasın dövründə hürufiliyə qarşı münasibət sərt olmayıbmı?

- Mübarizə apardılar, nöqtəviliyə çevrildilər. Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” əsərində Sərrac Yusif nöqtəvi idi, azad fikirliydi. Hürufilik orta əsrlərdə tam məhv olmamışdı. Bu gün hürufi axtarıb tapa bilmərəm. Səbəbini də izah etmək çətindir. Günün praktik məsələləri uyğun gəlmir, bəlkə də bu səbəbdəndir. Nəinki hürufilik, bir çox təriqətlər bu günə gəlib çıxmadı.

- Nəsimiyə cəza olaraq niyə dərisinin soyulması seçildi? Diri-dirimi soyulmuşdu?

- Məlumdur ki, diri-diri soyulmamışdı, çünki o dövrün sənədləri qalıb, ərəb mənbələri bu haqda yazıb.

- Hansı formada öldürülüb?

- Başı kəsilib, sonra dərisi soyulub. Açıq deyək, dəri soyulma Şərqdə geniş yayılmış adi vəhşiliklərdən birisi idi. Nəsimi Məmlük hökmdarının düşməni olan Nəsrəddin və Əli qardaşları ilə yaxın imiş, Nəsiminin hər iki qolu kəsilib və qardaşlara göndərilib. Qərbdə də vəhşilik idi, XIX əsrə qədər “vedma” hesab edilən qadınları küçənin ortasında yandırırdılar. Bunlar dini fanatizmdən doğan vəhşiliklər idi. Buna başqa ad vermək olmaz.

- Niyə Misir məmlükləri Nəsimini düşmən gördü, dini təriqətdən siyasi proseslərə müdaxiləyə yönəldiyinə görəmi?

- Nəsiminin məhkəməsində dörd dini məzhəb – hənəfilər, şafiyələr, həmbəlilər, malikilərin heç bir nümayəndəsi ölüm fətvasına qol çəkməyib. Hökmdar əmr göndərib, sonra məhv ediblər. Səbəb siyasi idi. Hələb Məmlüklər dövlətinə daxil idi. Məmlüklərdə də siyasi intriqa gedirdi, çərkəz məmlükləri hakimiyyəti ələ keçirmişdilər, türk məmlükləri isə hakimiyyətə yenidən sahib olmaq istəyirdilər. Nəsimi türk məmlükləri olan Nəsrəddin və Əli qardaşlarına tərəfdar idi, onları qorxutmaq üçün Nəsiminin başına bu oyunu gətirdilər.

Nəsimi və digər hürufilər belə taktika seçmişdilər ki, bu təriqəti yaymağın bir yolu var: hakimiyyətə yaxınlaşmaq, hökmdarı ələ almaq və o yolla ölkədə hürufiliyi yayıb hürufi dövlət yaratmaq. Dəfələrlə bu üsuldan istifadə elədiklərinə görə o faciələr başlarına gəldi. Nəimi də ona görə məhv oldu. O da çalışırdı ki, Teymuru öz yoluna çəksin, alınmadı.

Cahanşah Həqiqi XV əsrdə yaşayıb, şeirlərini oxuyursan ki, hürufidir, lakin hürufilər ayağa qalxıb hakimiyyəti ələ almaq istəyəndə başa düşdü və 500 hürufinin ölümünə hökm verdi. Eynin zamanda Nəiminin qızını da öldürdülər, heç birinə rəhm eləmədilər, çünki anladılar ki, bunlar hakimiyyətə gəlmək istəyirlər. Bu, faktdır. Hürufilərin hakimiyyətə gəlmək istəyi həmişə olub. Məqsədlərinə görə də itkilər veriblər.

- Nəsiminin doğum yeri və tarixi barədə də müxtəlif versiyalar səslənir. Siz hansı mövqenin müdafiə edirsiniz?

- Türkmənistan lap ağ edib, bütün klassiklərimizi özlərinə aid edirlər. Ancaq əllərində heç bir fakt yoxdur. Bizim əlimizdə faktlar yetərincədir. Böyük türk alimi Fuad Köprülü deyir ki, Nəsimi böyük Azərbaycan şairidir, ən vacibi dili Azərbaycan dilidir. Məndən soruşsalar niyə Nəsiminin Azərbaycan şairi olduğunu deyirsən, cavabında söyləyəm ki, açın oxuyun, istənilən azərbaycanlı Nəsiminin dilini başa düşər, amma türkmənistanlı, türkiyəli anlamaz.

Təbii ki, demirəm bütün şeirləri anlaşılandır. Bayaq qeyd elədim, Rəfii Nəsimi ilə Şirvandan gedib, “Bəşarətnamə” əsərini yazıb. Həmin əsərin əlyazmasını İrandan gətirmişəm, ana dilində gözəl əsərdir. O deyirdi ki, Nəsimi mənim mürşidim olub. Türkiyənin çox görkəmli dilçi alimləri deyir ki, bunun dili şirvan şivəsidir. Nəsimi divanlarında da Azərbaycan dili bir yana, Şirvan şivəsinin elementləri açıq-aşkar var.

Bundan başqa, nəvə-nəticələri dillərini də itiriblər, ərəbcə danışırsınız, bilirsiniz, Hələbdə yaşayırlar, soyadları da Nəsimidir. Baxmayaraq ki, Nəsimi soyad deyildi, təxəllüs idi. Onların övladları dəfələrlə Azərbaycana gəliblər, biri də burada rəhmətə getdi. Onlar hamısı deyir ki, nəsil şəcərəmiz Şamaxıya qədər dayanır. Əlimizdə olan faktlar budur.

Biri deyir Diyarbəkirdəndir, sübut eləsinlər. Dediklərimdən daha kəsərli faktları varsa, buyurun desinlər.

- Nəsiminin qızı və ya oğlu olduğuna dair fakta mənbələrdə rast gəlmisiniz?

- Dəqiq deyil, deyirlər ki, qardaşı övladlarıdır. Nəsimi evli olub, övladları da olub.

- Həyat yoldaşının kimliyi bəllidirmi?

- Müxtəlif versiyalar var, dəqiq ad yoxdur.

- Bəs doğum tarixi necə?

- Dəqiq doğum tarixi bəzilərində şübhə doğurur. “Bəşarətnamə” əsərində başqa versiya olsa da, ölüm tarixini etiraf etmək lazımdır. Həmin əsərdə daha əvvəl ölməyindən söhbət gedir. Amma məncə, o, səhvdir. Məhkəmə səhnəsini dəqiq sənəd kimi qəbul etmək olar.

- Nəsiminin qəzəllərinin bayağı mahnı şəklinə salınıb oxunmasına necə baxırsınız? Yeri gəlmişkən, Sami Yusufun ifasını necə dinlədiniz?

- Hamımız bilirik ki, bir akademik belə bir variant işlətmişdi: “məndə sığar ikən cahan”. Böyük səhvdir. Mən nə deyim, şübhələnirsənsə, açıb əlyazma ilə dəqiqləşdirirsən. Beyninə gəlib ki, belədir, o cür də versiya irəli sürmüşdü. Ona görə də bəziləri də “ikən” şəklində tələffüz edir.

“İki cahan” hürufilikdə də, təsəvvüfdə də, klassiklərimizdə də geniş yayılmış sözdür. Bir tədqiqatçı tutaq ki, səhv edib, axı digərləri var, belə şeylərdə diqqətli olmaq lazımdır. “Nəsimi” filmində ifa edilən mahnılar daha yaxşıdır. Nəzakət Teymurova konsertində Nəsimi qəzəllərini muğam üstdə oxudu, çox bəyəndim. Sami Yusufun ifasını eşitməmişəm. Nəsiminin qəzəlləri ilə ehtiyatlı olmaq lazımdır. Çünki tələffüz məsələsi var, soruşmadan bu işə girişmək olmaz.

Bir mətnin üç məna qatı var, bir şeirdən misal gətirəcəyəm, loru dildə belə anlaşılır ki, “sən ənəlhəqdəki qeyrətə bax ki, Mənsuru da mənsur kimi dara apardı”. Mənsur adı Həllac Mənsura aiddir, ancaq əlifbada yazılmağına baxsanız, görəcəksiniz ki, elə yazıla bilər qalib mənasını versin. “Nüsrət” sözü qələbə deməkdir. Yəni mənası belə çıxır ki, dar ağacına Mənsur qalib kimi çıxdı. Fədakar aşiq, Allah aşiqi ölümə Allaha qovuşmaq üçün gedir. Bu, onun qələbəsidir. Məna budur.

Bunu bilmirsənsə, vurğunu düzgün deməyəcəksənsə, izləyiciyə necə çatdıracaqsan?! Niyə tələsirsiniz, mütəxəssisə müraciət edin. Hamı deyir ki, xalqa çatdırmaq lazımdır. Amma klassik ədəbiyyatı tərcümə etmək asan deyil axı.

- “Ənəlhəq həqq mənəm” ifadəsinin hürufilikdə izahı necədir?

- “Ənəlhəqq” hürufiliyə aid deyil. Həllac Mənsur da hürufi deyildi, o, X əsrdə rəhmətə gedib, onda hürufilər yox idi. Nəsimi Həllac Mənsura valeh idi, onun üçün ilahi eşq uğrunda ölüm modeli idi. Təkcə Nəsimi yox, Qazi Bürhanəddin üçün də eləydi. “Ənəlhəqq” kəlamı sufilərin kəlamı idi, sufilər o sözü açıq demirdilər deyə çoxunu qətlə yetirmirdilər.

Həllac Mənsur qorxmadan meydanda demişdi deyə öldürülmüşdü. Ədəbiyyatda da şəhidlər var, İmam Hüseyn, Həllac Mənsur, Nəimi, Nəsimi əqidəsi uğrunda fədakarcasına ölümə gediblər. Sührəvərdi və bir neçəsi də olub. Sonradan Nəsiminin ölümü türkdilli poeziyada ən böyük örnəklərdən birinə çevrildi. Fəzlullah yaddan çıxdı, halbuki elə Nəsimidən də əvvəl ölümü gözə almış adamlardan biri idi. Nəsimi şeirlərində “artıq ölümə getmişəm”, “Həllac Mənsur kimi mən də dardayam” kimi ifadələr yazırdı.

- Nəsiminin qəbrinin Azərbaycana gətirilməsinin tərəfdarısınız, yoxsa?..

- Nə Nəsiminin, nə də Füzulinin qəbrinin Azərbaycana gətirilməsinin tərəfdarıyam. Səhv fikirdir. Türk dünyasının düşmənləri istəyirlər ki, o ölkələrdən türklüyün əlamətləri çıxarılsın. Nəsimi, Füzuli türk dünyasının elementidir, orada qalıb.

Əslində İraqdakı Füzulinin əsl qəbri deyil, Səddam Hüseyn qəbrin yerini dəyişdirdi, üzərindən yol keçdi, daşı bir kənara qoyuldu, sonra üzərində də başqa sözlər yazıldı. Hər halda onların qəbri Azərbaycan ədəbiyyatının, türk dünyasının bir abidəsidir. Onları buraya gətirmək olmaz, gətirəcəyiksə, izimiz-tozumuz oradan çıxarılacaq.

Foto: Ceyhun


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər